Türkiyəyə gələn ruslar yenidən köç etməyə başladılar

10:45 23.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra ölkəsini tərk edərək Türkiyədə məskunlaşan rusların əksəriyyəti yaşayış yeri və maliyyə problemləri səbəbindən başqa ölkələrə mühacirət edib.

Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, 2022-ci ilin fevral ayından etibarən minlərlə Rusiya vətəndaşı İstanbul və Antalya başda olmaqla müxtəlif şəhərlərdə məskunlaşmağa başlayıb. 2022-ci ildə Türkiyədə yaşamaq icazəsi alan rusların sayı 154 minə çatıb. Lakin 2023-cü ildə bu rəqəmin üçdə bir azalaraq 96 minə düşdüyü müşahidə edilib.

Agentliyə danışan 9 Rusiya vətəndaşı Türkiyədən yaşamaq icazəsi almaqda çətinlik çəkmələrinin ölkəni tərk etmələrinin səbəbləri arasında olduğunu bildirib.

Rusların Türkiyəni tərk etməsində yaşayış yerindən başqa, yüksək yaşayış xərcləri də mühüm rol oynayır. Bir tərəfdən ölkədə keçən ay inflyasiya nisbətinin yüzdə 70-ə çatması, digər tərəfdən də müharibəyə görə Rusiyanı hədəf alan sanksiyalar səbəbiylə Türkiyədə bank əməliyyatlarının çətinləşməsi rusların digər ölkələrə, xüsusilə də Serbiya və Monteneqroya mühacirətinə səbəb olur. Rusların getdiyi yerlər arasında təkcə Balkanlar deyil, Latın Amerikası ölkələri olan Argentina və Braziliya da var.

Bəzi zəngin ruslar Türkiyədə ən azı 250 min dollar, son dövrlərdə isə ən azı 400 min dollar dəyərində mülk əldə etdikdə vətəndaşlıq almaq hüququndan istifadə edərək Türkiyə vətəndaşı olublar. Son iki ildə ruslar ən çox xarici alıcı kimi iranlıları və iraqlıları geridə qoyub.

“Reuters”in məlumatına görə, son iki il ardıcıl olaraq Rusiya vətəndaşları Türkiyədə daşınmaz əmlak əməliyyatlarının sayına görə xarici alıcılar arasında birinci yerdədirlər. Onlara 2022-ci ildə 16300, 2023-cü ildə isə 10560 ev satılıb.

Oxunma sayı 199