Nə xoş gündür, qürur və fərəh verir, əziz və ulu millətimizin üzü gülür - bu gün qardaş Türkiyəmizdə şanlı Zəfər bayramının 100-cü ildönümü böyük təntənəylə qeyd edilir. Bu zəfər sadəcə Türkiyənin deyil, həm də bizim – uşaqdan böyüyə hər bir Azərbaycan türkünün – bütün türk dünyasınındır.
Bəs 100 il öncə Qərb dünyasının timsalında türk torpaqlarına soxulmuş mənfur yunan qəsbkarları üzərində qazanılan şanlı qələbə Türkiyəyə və türk millətimizə nə verdi, nə qazandırdı və ya tam bir əsr sonra nəyi qazanmalı olduğunu xatırladır?
Əvvəla, o vaxt Qərbin və hətta bu gün çətin durumda olduğundan özünü Türkiyəyə dost göstərən Rusiyanın qəsbkar siyasəti ilə üzləşən Türkiyə öz gücünü ortaya qoydu, minlərləı övladının qanı bahasına vətənin ərazi bütövlüyünü qorudu, Türkiyə Cümhuriyyətinə gedən yolun qapısını açdı. Bu çox böyük hünərdir. Amma bu böyük zəfər bu gün Türkiyəyə və türk millətinə çox böyük itkilərini xatırladır. Bunlar Egey dənizindəki adalardır, İraq və Suriya sərhədləri daxilində qalmış və günümüzdə PKK-YPG-nin, Peşmərgənin at oynatdığı torpaqlardır, soyqırımla üzləşəndən sonra türk ordusu tərəfindən xilas olunan, hazırda dünya birliyi tərəfindən müstəqilliyi tanınmayan Kıbrısdır, göz görə-görə Yunanıstan tərəfindən ilhaq edilən Mavi Vətəndir və...

Qazi Mustafa Kamal Paşanın liderliyi altında türk yurdunu ələ keçirmək istəyən yadellilər üzərində qazanılan bu şanlı qələbə Türkiyə daxili siyasətində bir müəmmanın olduğunu da ortaya qoyur və müxalifətə xatırladır ki, heç də 100 il əvvəlkindən aydın və sabit olmayan indiki dövrdə, türkün vaxtilə əlindən alınmış haqlarının geri qaytarılması, ən azı bu yolda qlobal düşmən birliyi qarşısında güclü dayanmaq üçün iqtidarla bir yumruq olsunlar. Amma nə yazıq ki, sadəcə ağa qara deyən müxalifət düşmən dəyirmanına su tökməklə məşğuldur...
Bu gün Türkiyədə və xaricdə kimin nə düşünməsindən asılı olmayaraq türk milləti 100 yaşlı şanlı Zəfəri yaddaşında hifz edir. Əks halda türkün yaşadığı hər yerdə Zəfər bayramı belə şövqlə qeyd olunmazdı.
Yeri gəlmişkən, qısaca Zəfər tarixini xatırlayaq: Qazi Mustafa Kamal Atatürkün komandanlığı altında 26 avqust 1922-ci ildə Afyon – Kocatəpədə başlayan və 30 avqust 1922-ci ildə Dumlupınarda imperialist dövlətləri yenərək qazanılan qələbə bu möhtəşəm bayramın təməlini qoyub. O dövrdə Baş komandan Mustafa Kamal Atatürk “Sad Planı”olaraq düşünüb hazırladığı gizli hərəkat yaradır. Qəti nəticə verən bu həlledici müharibə düşmənin əzm və iradəsini birdəfəlik qırmaqla Türk Qurtuluş Savaşının son səhəfə və zirvəsini təşkil edib. Hazırlanan strateji plana əsasən qəfil hücum etməklə “Məhvetmə müharibəsini” hədəf seçib. 1922-ci ilin iyun ayının ortalarında hücuma keçmək barədə qərar verilib. Özü də qərar çox gizli saxlanmaqla, sadəcə Qərb cəbhəsinin komandanı İsmət İnönü, Baş Qərargah rəisi Fevzi Çakmak və Milli Müdafiə naziri Kazım Özalp məlumatlı olub.
Hərəkat tam gizli şəraitdə, Qərb cəbhəsinin şimal və cənub mövqelərindəki türk silahlı birliklərini Kocatəpə bölgəsinə toplayıb. Ordunun əsas qüvvəsi düşmənin Afyonkarahisar yaxınlığında yerləşən sağ qanad qrupunun güneyində və Akarçayla Dumlupınaradək olan bölgədə toplamaq planlaşdırılıb. Çünki düşmənin ən həssas və önəmli nöqtəsi kimi məhz bura təsbit edilib. Böyük Hücum başlamadan öncə bu hazırlıqlar gedərkən ordunun komandanlığında ciddi problemlər yaşanıb və komandanlar İsmət İnönünün emrinə tabe olmaq istəməyiblər. I Ordu komandanı Əli İhsan Sabis Paşanın vəzifəsindən alınması, Əli Fuat Cebesoy və Refet Bele Paşanın da boşalan bu vəzifəni qəbul etmədikləri üçün ara qarışıb. Bu səbəbdən də Nurəddin Saqqallı Paşa həmin posta məcburi şəkildə təsdiqlənib.

Hərəkata, TBMM-in 20 iyul 1922-ci ildə 4-cü dəfə Baş komandanlıq səlahiyyəti verdiyi Atatürkün liderlik edib. O, böyük hücuma addım-addım yaxınlaşırkən, 23 iyul 19922-ci ildə ingilis general Tovnshendin görüş tələbindən yararlanaraq, Qərb cəbhəsi qərargahının yerləşdiyi Akşehirə gəlib və ordan da görüş üçün Konyaya gedib. Daha sonra ordulararası futbol yarışını izləmək bəhanəsiylə döyüş planını müzakirə eləmək üçün təkrar Akşehirə gedib. 27-28 iyul gecəsi hücumla bağlı Baş Qərargah rəisinin də iştirakı ilə görüş keçirilib və 15 avqustadək hazırlıqların başa çatdırılması qərara alınıb. İyulun 28-də günortadan sonra Baş Qərargahın toplantısını gizlətmək məqsədilə ordu komandirləri futbol yarışı üçün Akşehirə çağrılıb və iyulun 28-dən 29-na keçən gecə onlarla hücum məsələsi müzakirə olunub.
Böyük hücum avqustun 26-da səhər saat 05.30-da türk topçuların atəş açması ilə başlayıb. Həmin gün, ingilis mütəxəssislərin hesabatına görə 6 ayda keçilə bilinməyəcək cəbhə xətti bir neçə saat ərzində tutulub. Avqustun 27-də türk orduları, öncə süvari alayları coşqun sel kimi Sincanlı və Afyon Ovalığına doğru axışıb. Mustafa Kamal Atatürkün atəş xətləri arasında yerləşən Zəfərtəpədən şəxsən idarə elədiyi hücumda, düşmən ordusu dörd tərəfdən sarılaarq mühasirəyə alınıb, yunan qüvvələri paramparça olunaraq, əsas hissəsi məhv edilib. Avqustun 30-dək Aslıhanlar bölgəsi mühasirəyə alınıb, həmin günün axşamı türk birlikləri Kütahya azad edilib və 5 günə başa çatdırılması planlanan hərəkat Türk ordusunun qələbəsi ilə tamamlanıb. Atatürk bu hücum haqda deyirdi: “Afyonkarahisar, Altıntaş və Dumlupınar arasında gedən müharibə cəmi 5 gün sürdü”.
Artıq avqustun 31-də türk ordusu İzmir üzərinə yürüşə başlayıb...
1922-ci il avqustun 26-dan sentyabrın 18-dək şanlı türk ordusu 2543 şəhid verdi, 9977 nəfər yaralandı. Yunanların itkisi daha böyükdür: 121500 canlı qüvvə itkisi, üstəlik 20 min əsgər də türklər tərəfindən əsir götürülüb.

Bax beləcə, səhifələri zəfərlərlə dolu olan türk tarixində, 30 avqust 1922-ci ildə əldə edilmiş Dumlupınar savaşı, türk millətinin yenidən dirilişidir.
Böyük Zəfərin nəticəsi indiki nəsilləri qəhrəman kimi, ölkəsinə, millətinə, tarixinə sədaqətli övladlar yetişdirdi. Bu gün Türkiyə uzun illər torpaqlarında kök salaraq qanlar tökən terror şəbəkəsini qazıyıb məhv edib, qalan tör-töküntüləri isə sərhədlərdən kənara atıb. Bu günün Türkiyəsi vətənə qarşı mümkün olan hər bir terror və savaş təhlükəsini sərhədlərdən kənarda əngəlləyir, türk vətəndaşı olan hər bir kəsi daha etibarla qoruyur. Bu günün Türkiyəsi qlobal miqyasda böyük siyasi oyunçudur, NATO-da ən böyük güclərdən biridir, Asiyada, Avropa, Afrikada meydanda məzlumun və xeyirxahların yanındadır. Bu günün Türkiyəsi bütün dünyada acları doyurmağa, çılpaqları geyindirməyə, xəstələrə şəfa olmağa, savaşlarda can itirənlərə sipər olmağa çalışır. Bu günün Türkiyəsi Amerikanın, Qərbi Avropanın fütnəsi ilə müharibə bataqlığına çəkilmiş Ukraynanı xilas etməyə, müharibəni başladan Rusiyanı bu cəhənnəmdən geri çəkilməyə razı salmağa çalışır. Bu günün Türkiyəsi müharibədən qaynaqlanaraq dünyanı aclığın eşiyinə çəkən çörək qıtlığından qurtarmağa çaba göstərir və şəxsən prezident Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində hazırda Ukrayuna limanlarından on minlərlə ton buğda, arpa, qarğıdalı, yağ və sair yüklənmiş gəmilər dünya bazarlarına ərzaq daşıyırlar.
Bu günki Zəfər bayramı böyük türk dünyasını birləşməyə həvəsləndirir və artıq ortada milli birliyimizin təcəssümü olan Türk Birliyi var. Bu böyük Zəfər son illər yeni zəfərlər qazandırdı millətimizə. Qardaş Türkiyənin də dəstəyi ilə Azərbaycan ordusu 30 ildir erməni qəsbkarların ayaqları altında inləyən Azərbaycan torpaqlarını cəmi 44 gün sürən hərbi əməliyyatlar nəticəsində işğaldan azad elədi. Amma 100 yaşlı Zəfərin işığı ilə aydınlanan yol burada başa çatmır. Əvvəldə də qeyd etdiyimiz kimi, yolun davamı məhz 100 il öncə Türkiyədən alınmış torpaqlara, Mavi Vətənə, Kıbrısa uzanır və inşallah, hər addımımız başarılı olacaq. Çünki Qardaş Türkiyə dövlətinə, uca türk millətinə yaraşan ancaq zəfərdir.
Ulu türk millətimiz, bayramımız mübarək!