Turşu alarkən diqqətli olaq... - Menyu

14:34 06.05.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Qida saxlama yöntəmlərinin ən qədimi və populyar olanı turşu və şorabaların hazırlanmasıdır. İnsanların meyvə-tərəvəz məhsullarını duz və sirkə vasitəsi ilə qışa saxlamasının tarixi eramızdan əvvəl 4-cü minnilyə qədər çatır. Bu yolla tək meyvə-tərəvəzin deyil, balıq və ət məhsullarının da ömrünü uzatmaq mümkündür. Nəzərinizə çatdıraq ki, şorabaların, kələm, xiyar, pomidor, badımcan, sarımsaq və digər tərəvəzlərdən hazırlanan onlarla fərqli çeşidi mövcuddur. Şorabalar ölkəmizdə də əhalinin süfrələrdə xörəklərin yanı sıra sevərək istifadə etdiyi qidalardan sayılır. Bir qisim insan onu yay aylarında ev şəraitində hazırlasa da, çoxluq bazar və marketlərdən almağı üstün tutur.

Söhbət turşudan düşmüşkən, hafta.az-ın əməkdaşı yerli satış müəsisələrindəki vəziyyəti öyrənmək üçün araşdırma apardı. Hazırda yaz ayı olduğu üçün əksər bazar və pərakəndə satış nöqtələrində açıq turşular satılmırdı.

Qiymətlər

İlk olaraq Yasamal rayonu ərazisində yerləşən Yasamal bazarı”ına üz tutduq. Buradan bizə deyildi ki, mövsümlə əlaqədar şorabalar satılmır. Şüşə qablarda xiyar və pomidor turşuları var ki, onların da qiyməti 5 manatdır. Yaxınlıqda yerləşən başqa bir satış obyektində də vəziyyət eyni idi. Mövsümlə əlaqədar şorabalar olmasa da qablaşdırılmış turşular satılırdı.  Satıcının sözlərinə görə, bu aylarda insanlar şoraba almır. Ona görə də gətirməyin bir mənası yoxdur:

“İndi müştərilər təzə tərəvəzləri daha çox alır. Bu vaxtlar satmağa gətirdiyimiz şorabalar alınmır. Qalıb xarab olmasın deyə çox adam heç gətirmir”.

Qiymətlərə gəldikdə isə açıq şəkildə satılan ağ və qırmızı kələm turşusunun bir kiloqramı əksər satış obyektlərində 1 manat 20 qəpik, acı istiot 2.50, xiyar 2.50, sarımsaq 6 manatadır.

Satıcı deyir ki, soyuq aylarda müştərilər daha çox açıq satılan ağ və qırmızı kələm turşusuna üstünlük verirlər. Qablaşdırılanlara gəldikdə isə ən çox yaşıl xiyar, pomidor, ağ xiyar və alça turşuları alınır. Onların da balonları 5 manatdır.

İri market və mağazalarda isə qiymətlər bir qədər fərqlidir. Üz tutduğumuz tanınmış mağazalar şəbəkəsinin birində ağ və qırmızı kələm tutmasının 1 kiloqramı 2 manat 70 qəpik, xiyar 3, sarımsaq isə 13 manatadır.

Burada şüşə stendin arxasında saxlanılan şorabaların ətraf mühit ilə bir başa təması yox idi. Satıcı qiymət fərqlərini də məhz elə təmizlik və saxlanma, hazırlanma qaydası ilə əlaqələndirdi. Onun sözlərinə görə, mağazalarda şorabalar bazarlardan fərqli olaraq gigiyenik-təmiz olur. Üstəlik alıcıları da daimi və məmnundur.

Yeri gəlmişkən evdə rahat üsulla şoraba hazırlamaq üçün kələm, xiyar, yerkökü, çuğundur(zövqə görə qırmızı edir) kimi tərəvəzlərin olması kifayət edir. Tərəvəzləri doğranılıb bankalara yığılır üzərinə isə 1 litr suya 1 qaşıq duz, sirkə və 3 xörək qaşıxı şəkər tozu əlavə olunur. Təbii ki turşu qışa saxlanılacağı üçün bankalar qapaqbağlayanla kip bağlanır.

Ekspert rəyi

Lakin dadı damaqları oxşayan turşu və şorabalar heç də göründüyü qədər məsum bir qida deyil. Üstəlik bu məhsul üstü açıq şəkildə satışa çıxarılırsa deməli daha da diqqətli olmaq lazımdır. Bunu biz yox uzun illərdir şoraba və turşulardan zəhərlənərək ciddi narahatlıq keçirən bir çoxları deyir. Son illər belə xoşagəlməz statistikalar təəssüflər olsun ki, artmaqdadır. Qida texnoloqu Ağa Salamov deyir ki,  biz mütəxəssislər insanları nə qədər maarifləndirsək də elə bil onlar qəsdən səhv yola baş vururlar. Kim canına qəsd etmək istəyirsə getsin üstü açıq satılan şorabalardan alıb yesin:

“Birmənalı şəkildə deyirəm, plastik çəlləklərdə olan şorabalar, hansı ki bazarlarda üstü açıq formada satılır onlar zəhərlənmə verir. İndi kimsə deyəcək ki “Mən illərdir alıb yeyirəm heç nə olmur”. Sənə heç nə olmur amma, başqasına ola bilər. Hamının immun sistemi eyni deyil. Bundan başqa, biz Covid-19 dövründə yaşayırıq. Nəzərə alsaq ki turşular yuyulan qida deyil və onlar üstü açıq şəkildə satılır. Bir nəfər gəlib həmin şorabaların yanında asqırsa, yaxqd satıcı əlini yumadan ona toxunsa, hansısa müştəri əli ilə dadına baxsa təhlükəli mikroorqanizmlər qidanı asanlıqla zəhərə çevirə bilər. Risk qrupuna da uşaqlar və qocalar daxildir. Ona görə də insanlar başa düşməlidirlər ki biz boş danışmırıq. Onların sağlamlığını düşünərək çağırışlar edirik. Kim canına qəsd etmək istəyirsə, getsin üstü açıq satılan şorabalardan alıb yesin. Heç kim zəmanət verə bilməz ki, o şorabaların üstündə bakteriyalar yoxdur”.

Qida mütəxəssisi vəziyyətin heç markerlərdə belə ürəkaçan olmadığını vurğuladı. Çünki, orada da  çox vaxt turşuları günəş şüaları altında qoyurlar: «Nəzərə alsaq ki şəffaf qablarda satılan belə məhsullar günəş şüalarını keçirir, bu da zəhərlənmələrə gətirib çıxara bilər».

Tövsiyyələr

Ekspert ev şəraitində şoraba hazırlayanlara bəzi önəmli tövsiyyələr də verdi: “İlk növbədə meyvə və tərəvəzlərin təmizliyinə diqqət edilməlidir. Əks hal botulism zəhərlənməsinə gətirib çıxara bilər. Çünki botulism bakteriyalar torpaqda yaşayır. Bundan başqa turşu üçün istifadə olunacaq meyvə-tərəvəzlər suda dincəldilməlidir. Suya sirkə qatmaq olmaz. 10 litr suya 3, 5 litrə 2 xörək qaşığı çay sodası istifadə etmək olar. Tərəvəzləri 15 dəqiqə sodalı suda saxlayıb, durulayıb içinə çiy su getməmək şərti ilə bişirib bağlaya bilərlər.  Ağzı bağlanmağı özü də şərtdir”. A.Salamov marketlərdən belə məhsullar alarkən diqqət edilməli bəzi məqamları da vurğuladı. Texnoloqun fikrincə ən yaxşı üsul evdə turşu hazırlamaqdır:

“Marketlərdəki qatıq, smetan və şorabaların qapağı şişibsə bu onun xarab olmasından xəbər verir. Çox vaxt gün şüaları altında qalan məhsullarda belə hallar baş verir. Çəlləklərdə satılan şorabalarda salmonella zəhərlənməsi də ola bilər. Adətən deyirlər salmonella hin heyvanlarından keçir. Xeyr, yaxşı yuyulmayan meyvə-tərəvəzlərdə də salmonella ola bilər. Kənd yerlərində çox vaxt “Şampinyon” göbələyi ilə  “Solğun əzvay” göbələyini səhv salırlar. Şampinyon zəhərlənmə vermir və tər-təmiz yuyulub istehlak edildikdə ziyan etmir. Sərişdəsiz insanlar bəzən bilmədən  solğun əzvayı da onun içinə qatıb yığırlar. Buna görə də göbələk alan zaman da yalnız güvənilir yerlərə üz tutsunlar.  Şampinyon göbələyini də təmizləyib evdə dadlı şoraba qoymaq mümkündür. Ən yaxşısı ev şəraitində düzəltməkdir. Digər hallarda  isə işlədəcəyiniz qədər şorabanı yalnız güvəndiyimiz markalardan qablaşdırılmış formada əldə edin. Marketdən məhsul alan zaman, havalandırma sistemi yaxşı işləyən, kondisionerlə təmin edilmiş satış obyektlərinə müraciət edin”.

Ekspertlərin də fikrindən aydın görmək olur ki, çoxumuzun sevərək istehlak etdiyi şorabalar orqanizmin gizli düşmənidir. Ona görə də çalışıb məhsul alarkən yaxud da istifadə edərkən maksimum dərəcədə diqqətli olmaq lazımdır.

 

Oxunma sayı 2186