“Ukrayna bütün Avropanın azadlığı üçün mübarizə aparır” - Estoniya səfiri

12:10 14.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Estoniyanın Ukraynaya yeni təyin olunmuş səfiri Anneli Kolk ölkəsinin Rusiyanın hərbi təcavüzünə qarşı mübarizədə Kiyevi niyə qətiyyətlə dəstəklədiyini izah edib.

Hafta.az-ın "Europeyskaya Pravda"ya istinadən yazdığına görə, səfir "Delfi"yə müsahibəsində bildirib ki, Estoniya yardım göstərməklə təkcə Ukraynanın deyil, həm də öz maraqlarından çıxış edir.

"Rusiya Ukraynaya qarşı müharibəyə başlayan ilk gündən hər bir eston diplomatın əsas məqsədi Ukraynaya dəstək vermək olub. Estoniya həqiqətən də böyük yardımlar göstərir. Biz başa düşürük ki, Ukrayna bütün Avropanın azadlığı üçün mübarizə aparır. Rusiya da bizim qonşumuzdur və əgər Ukrayna buna mane olmasa, o zaman bizimlə də oxşar hadisə baş verə bilər. Biz Rusiyanın necə olduğunu yaxşı başa düşürük, çünki vaxtilə biz də işğal altında idik”, - deyə Kolk bildirib.

O əlavə edib ki, Ukrayna mövzusu Estoniya mediasında prioritet məsələyə çevrilib.

"Estoniyada dərin ədalət hissi var və indi baş verənlər bizim üçün son dərəcə ədalətsiz görünür. Bir ölkənin digərini və öz xalqını məhv etməyə çalışması qəbuledilməzdir. Dinc şəhərlərə hücumlara söz tapa bilmirəm. Biz çox narahatıq”, - Kolk vurğulayıb.

Qeyd edək ki, Anneli Kolk səfir olaraq payızda Ukraynada vəzifəsinin icrasına başlayacaq. O, bu missiyada iyulun sonunda fəaliyyətini başa vurmuş sələfi Kaimo Kuusku əvəz edəcək.  

Siyasət rubrikasından digər xəbərlər