Ukrayna tankları Macarıstan və Türkiyədən alınan Rusiya nefti ilə işləyir

11:00 26.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Almaniyada çıxan biznes qəzeti “Handelsblatt” yazıb ki, Ukraynanın istifadə etdiyi Qərb tankları və dizel generatorları Rusiya nefti ilə işləyir.

Hafta.az-ın “Handelsblatt”a istinadən yazdığına görə, xəbərdə Macarıstan və Türkiyədə emal edilən Rusiya neftinin Ukraynaya göndərildiyi iddia edilib.

Ukrayna gömrük orqanlarına əsaslanan xəbərdə Macarıstanın neft və qaz nəhəngi MOL-un son 6 ayda Ukraynaya satışlarını iki dəfə artırdığı bildirilib və MOL-un əlində olan ehtiyatların çox böyük hissəsinin Rusiyadan alındığı diqqətə çatdırılıb.

Macarıstan Avropa Birliyinin üzvü olsa da, Rusiyadan boru kəmərləri ilə neft idxal etmək üçün Brüsseldən xüsusi güzəşt alıb.

Qəzet yazıb ki, Macarıstan Kiyevə sanksiyalar səbəbindən bazar payı azalan Aİ ölkələri ilə müqayisədə daha aşağı qiymətlər təklif edə bilər.

Müharibədən əvvəl Ukrayna daxili tələbatının 30 faizini Azərbaycan neftinin emal olunduğu Poltava vilayətindəki Kremençuq neft emalı zavodundan alırdı. 2022-ci ilin aprelində Rusiya raketlərinin hədəfi olan neft emalı zavodu daha sonra məhdud güclə fəaliyyətə başlayıb.

Kiyev administrasiyası idxal məhsullarından asılı olsa da, NATO ölkələrinin göndərdiyi tanklara və zirehli maşınlara baxmayaraq, hazırda Ukraynada yanacaq qıtlığı yoxdur.

Mərkəzi Avropa İnstitutunun analitiki Maykl Paszkovski mövzu ilə bağlı qiymətləndirməsində, "Yanacaq Polşa üzərindən dəmir yolu ilə daşınır. Neft Slovakiya və Macarıstandan boru kəməri ilə, dizel isə Rumıniyadan dəniz yolu ilə daşınır" deyib.

Siyasət rubrikasından digər xəbərlər