Ukraynadakı müharibə nəticəsində bədən üzvlərini itirənlərin sayı 50 minə çatır.
Hafta.az-ın yazdığına görə, bu barədə "Wall Street Journal"da yazılıb. Xəbərdə müharibədə yaralanan insanların amputasiya proseslərinin zaman aldığına diqqət çəkilərək, sözügedən rəqəmlərin əslində çox daha yüksək ola biləcəyi ifadə edilib.
Dünyanın ən böyük protez istehsalçısı Ottobock, hökumətdən və tibb şirkətlərindən əldə edilən məlumatlara görə, üzvlərini itirənlərin sayının artıq 50 minə çatdığını açıqlayıb. Ötən il fevralın 24-də Rusiyanın işğalçı hücumu ilə başlayan müharibədə alman firması Ukraynanı protezlə təmin edir.
Kiyevdə yerləşən “Ukrayna Xalq Sağlamlığı” xeyriyyə təşkilatı bildirib ki, indiyədək müharibədə 200 min insan ağır yaralanıb, onlardan 10 faizi bir və ya bir neçə üzvü itirib.
Ukraynalı həkimləri hazırlayan qeyri-hökumət təşkilatı olan ABŞ-da yerləşən Qlobal Cərrahiyyə və Tibbi Dəstək Qrupunun direktoru Dr. Aaron Epsteyn, İkinci Dünya Müharibəsindən sonra belə bir şey görmədiyini söyləyib. O, məlumat üçün xatırladıb ki, Birinci Dünya Müharibəsi zamanı 67 min alman və 41 min britaniyalı amputasiya edilərkən, Əfqanıstan və İraqın işğalı zamanı amputasiya edilən ABŞ əsgərlərinin sayı isə 2 minə yaxın olub.
Xəbərdə bəzi protezlərin 50 min avroya başa gəldiyi, Kiyev rəhbərliyinin əsgərlərin 20 min avroya qədər xərclərini qarşıladığı, lakin mülki şəxslərin xərclər qarşısında çətinlik çəkdiyi bildirilib.
Digər tərəfdən, amputasiya və protez əməliyyatlarının ölkə səhiyyəsinə ciddi yük qoyduğu diqqətə çatdırılıb.
Ukraynada yerləşən “Unbroken” reabilitasiya mərkəzləri şəbəkəsindən Oleksandr Kobzarev deyib ki, Lvovdakı həkimlər təkcə son bir ildə ən azı 53 min əməliyyat keçiriblər.
Ukrayna ordusunun paylaşdığı məlumatlara görə, cəbhənin 5 kilometrliyində orta hesabla vurulan 100 əsgərin 36 faizi ağır yaralanıb, cəbhəyə göndərilən bütün əsgərlərin isə 5-10 faizi birbaşa döyüşlərdə ölür.
Rəsmilər müharibənin əvvəlində ağır yaralanmalara səbəb olan hücumların əksəriyyətinin minaatan və raket mərmiləri ilə törədildiyinə, son zamanlar isə buna rusların cəbhə xəttinə yerləşdirdiyi minaların səbəb olduğuna da diqqət çəkiblər.
Kiyev administrasiyası müharibədəki itkiləri ilə bağlı son açıqlamanı avqust ayında verib. Buna görə cəbhədə 9 minə yaxın ukraynalı əsgərin həlak olduğu iddia edilirdi. Aprel ayında sızan Pentaqon sənədlərində Ukraynanın 131 minə yaxın əsgər itirdiyi iddia edilirdi.