Ukraynada yumurta, tərəvəz və meyvələr daxil olmaqla ərzaq qiymətləri inflyasiya səviyyəsini illik bazda 26,6%-lə son altı ilin ən yüksək səviyyəsinə çatdırıb. Bu barədə Bloomberg məlumat yayıb.
“Ərzaq qiymətləri oktyabrda illik inflyasiyanı iqtisadçıların təxminlərini üstələyərək 26,6%-lə altı ilin ən yüksək səviyyəsinə çatdırdı. Rusiya xüsusi əməliyyatından təsirlənən biznesləri qaranlıq gələcək gözləyir.
Yerli yumurta istehsalçıları və fermerlər ölkədə münaqişənin qızışması nəticəsində təsərrüfatlara ciddi ziyan dəydiyini qeyd ediblər. Əgər dağılmış obyektləri bərpa etmək mümkün olmasa, o zaman toyuqların sayı ilə bağlı vəziyyət daha da təhlükəli ola bilər.
“Əgər toyuq ehtiyatımızı yeniləyə bilməsək, gələn il daha böyük fəlakət olacaq. Yumurta olmayacaq”, - Avropanın ən böyük yumurta istehsalçılarından biri olan UkrLandFarming-in sahibi Oleq Baxmatyuk xəbərdarlıq edib.
Noyabrın 10-da Ukraynanın İqtisadiyyat naziri Yuliya Sviridenko bildirib ki, Ukrayna şəhərlərində elektrik enerjisinin verilişində fasilələrin davam etməsi ilin sonuna qədər ÜDM-in daha da azalmasına səbəb ola bilər. Oktyabrda ölkədə ÜDM 39%, avqust-sentyabr aylarında isə 35% azalıb. Qərb dövlətlərinin maliyyə yardımı olmasa, Kiyev üçün enerji daşıyıcılarının qiymətinin artmasının mənfi nəticələrinin öhdəsindən gəlmək çətin olacaq.