Ekspertlər hesab edirlər ki, erkən yaşda uşağı evlənməyə məcbur edənlər həm də ölkə qanunvericiliyinə hörmətsiz yanaşırlar
Azərbaycanda erkən yaşda ana olanların sayı ötən illərlə müqayisədə azalsa da, bu kimi faktlara indi də rast gəlinir. Məsələn, bu yaxınlarda Ağcabədi rayonunda 15 yaşlı qız ana olub. Ailə böyükləri məsələ ictimai müzakirəyə çıxarılandan özlərinə haqq qazandırmağa çalışsalar da, artıq hadisə ilə bağlı cinayət işi başlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, 15 yaşlı S.İ 24 yaşlı Sadiq Cəfərovla evli olub. S.Cəfərovun anasının vəziyyətinin ağır olmasına və tez vəfat etməsinə görə qızı 14 yaşında ailə həyatı qurmağa məcbur ediblər.
Yeri gəlmişkən, statistikaya görə, 2018-ci ildə Azərbaycanda yaşı 18-dək olan analar tərəfindən 2129 uşaq doğulub. Bu göstərici 2017-ci ildə 2421, 2016-cı ildə 2 809, 2015-ci ildə 2 895, 2014-cü ildə 3 296 uşaq olub. 2000-ci ildə 1 864, 2001-ci ildə 1 774, 2002-ci ildə 1 903, 2003-cü ildə 1 962 uşaq yaşı 18-dək olan analar tərəfindən dünyaya gətirilib. Son illər ərzində Azərbaycanda 18 yaşadək analar tərəfindən ən az uşağın doğulduğu il isə 2001-ci il olub.18 yaşadək analar tərəfindən ən çox uşaq 2011-ci ildə doğulub. Həmin ildə 4 392 yenidoğulmuşun anası yaşı 18-dək olan qadınlar olub.
Yaşı 18-dək olan analar tərəfindən doğulan uşaqlar daha çox kənd yerlərinin payına düşür. Yalnız 2018-ci ildə 18 yaşadək olan analar tərəfindən doğulan 2129 uşağın 652-si (2017-ci ildə 740) şəhər, 1477-i (2017-ci ildə 1 681) kənd yerlərində dünyaya göz açıb.
Xatırladaq ki, Uşaq Hüquqları Konvensiyasına uyğun olaraq, yaşı 18-dək olan hər bir insan uşaq sayılır. Azərbaycanda qadın və kişilər üçün nikah yaşı 18 olsa da, bəzi səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Bu səbəblər daha çox nikaha girmək istəyən tərəflərin ailə vəziyyətləri ilə bağlı olur. Məsələn, onların valideynləri ağır (ölümcül) xəstə olduqda, qız hamilə olduqda və s. hallarda tərəflər 17 yaşında nikaha daxil ola bilərlər.
Məsələyə münasibət açıqlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə bildirib ki, ölkədə azyaşlı qızların erkən və ana olmasına dair faktlar onları da çox narahat edir. Onun sözlərinə görə, burada nikahdan söhbət gedə bilməz: "Bunlar gizli gedən proseslərdir, lakın ictimaiyyətə gizli qalsa da, hadisə baş verən ərazilərdə ətrafda olan insanlar və qurumlar, müvafiq dövlət orqanları bəlkə də bunu görür və bilirlər. Amma özlərini görməzliyə vururlar. Hadisədən xəbərdar olub səsini çıxarmayan şəxslərə görə bu kimi faktlar davam etməkdədir. Amma qeyd etməliyəm ki, 2010-11-ci illərdən bu faktlar azalmaqdadır. Çünki bu faktların pik həddi 2011-ci ilə təsadüf edir".
Komitə sədri qeyd edib ki, bu məsələdə maarifləndirmə tədbirləri, inzibati cəzalar, digər cəzalara rəğmən bəzi ailələrdə bu kimi məsələlər hələ də davam edir: "Çox təəssüf ki, bu kimi məsələlər bəzi hallarda yaşlı nəslin nümayəndələrinin normal bildiyi hərəkət kimi reallaşdırdığı hadisə olsa da, bəzi hallarda bunu təhsilli, cavan ailələrdə də müşahidə edirik. Düşünürəm ki, bu, artıq adət-ənənədən kənara çıxır. Sadəcə bunun cinayət olduğunu bilərək əhəmiyyət vermədən reallaşdırmaq faktı kimi qəbul edilməli və cinayət qanunvericiliyi ilə qiymətləndirilməlidir. Biz bu məsələdə yanaşmaların və cəza tədbirlərinin sərtləşdirilməsinin tərəfdarıyıq. Bu istiqamətdə bəzi mövqelərimiz var, amma bu, təkcə bizim istəyimizdən asılı deyil. Müvafiq dövlət orqanları bizim mövqelərimizi dəstəklədiyi, bu məsələyə parlamentdə baxıldığı və qanunvericiliyə dəyişiklik edildiyi halda cəzalar sərtləşdirilə bilər. Amma indiki halda ən sərt cəza ictimai qınaqdır. İctimai qınaqda da ailənin və erkən evliliyə cəlb olunan şəxslərin adları, ünvanı tanıdılmamalıdır".
Məlumat üçün onu da bildirək ki, UNİSEF-in bəyanatına görə, Azərbaycanda bir il ərzində təxminən 15 yaşına çatmayan beş minə qədər qız ailə qurur, ana olur. Erkən nikah qızların tükəndirilməsi, fizioloji olaraq qadınların istismar edilməsi, onların fundamental hüquqlarının pozulmasıdır. Həmçinin bu yaşda olan qızlar ailə, uşaq sahibi olmaq qurmağa fizioloji, psixoloji cəhətdən hazır deyillər. Anaya ehtiyacı olan qızlar özləri erkən yaşda ana olurlar. BMT-nin Əhali Fondunun (UNFPA) məlumatına görə isə dünyada 2011-2020-ci illər arasında 140 milyondan çox erkən nikah hadisəsi baş verib. Hazırkı erkən nikah səviyyəsinin qorunması davam edərsə, 14.2 milyon qız hər il daha tez ailə quracaq, yəni hər gün 39 min nikah hadisəsi baş verəcək. Üstəlik, 18 yaşına çatmadan ailə quran 140 milyon qızdan 18,50 milyon nəfərinin yaşı 15-dən az olacaq.
Mütəxəssislər isə bildirirlər ki, erkən yaşda ana olmaq doğuş və ölüm riski yaradır, ana və uşaq ölümlərinin sayını artırır, yeniyetmələrdə reproduktiv sağlamlıqla bağlı problemlər ortaya çıxarır. Gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların - gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır. Ekspertlər yeniyetmənin orqanizminin inkişafda olan orqanizm olduğunu və bu dövrdə bir çox xroniki xəstəliklərin kəskinləşdiyini xüsusi qeyd edirlər. Bundan başqa, tədqiqatçılar hesab edirlər ki, əgər erkən nikahların sayı 10 faizə qədər azalarsa, bu, bütövlükdə 70 faizə qədər ana və uçaq ölümünün azalmasına gətirib çıxarar.
Digər tərəfdən, bu addım təhsilin effektiv şəkildə başa çatdırılmasına mane olur, erkən nikahda olan qızlar cəmiyyətdən təcrid olunur. Əksər hallarda yeniyetmə ana məktəbdən uzaqlaşır və cəmiyyət üçün yalnız evdar qadın kimi fayda vermiş olur. Peşə və həyat bacarıqlarının əldə edilməsi üçün hər hansı bir imkandan məhrum edilir, erkən nikahın qurbanı olan gənc ana bir müddətdən sonra öz həyatından şikayətlənməyə başlayır, ailənin "yükü"nü zərif çiyinlərində daşımağa gücü çatmır və sonda çıxış yolunu intihar etməkdə tapır. Bundan başqa, erkən nikah həm də boşanma hallarının sayını artırır.
Mütəxəssislərin fikrincə, erkən nikahların və erkən hamiləliyin yalnız ana və körpə üçün deyil, cəmiyyət üçün də mənfi fəsadları ola bilər. Belə ki, təhsilsiz və nikahsız gənc ananın problemi təkcə onun cəmiyyətin inkişafı üçün töhfə vermək imkanından məhrum olması ilə bitmir, o hətta ailəsi ilə birlikdə bu cəmiyyətdə artıq yükə çevrilə bilər.
Məsələ ilə bağlı hafta.az-la fikirlərini bölüşən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, bu cür problemlərin altında qanunları bilməmək, mentallığı qanunlardan üstün tutmaq və cahilliyi təbliğ etmək dayanır: “Bu cür halların qarşısını almaq üçün hər zaman maariflənmə amilini önə çəkirik. Bəzən deyirlər ki, filan rayonda maarifləndirmə aparmaq çətindir. Camaat çox aqressivdir və s. Demək ki, cəzanı ortaya qoymaq lazımdır. Bir-iki hadisədən sonra cəza olsa və hadisə, zamanla qarşısı alınacaq. Biz hər dəfə görürük ki, bu cür hallar olanda ağsaqallar düşür ortaya, barışıq edir. Nə barışıq? 18 yaşına çatmayan uşaqdan söhbət gedir. Bu yaşda uşağı evlənməyə məcbur edənlər Azərbaycan qanunvericiliyinə hörmət eləmir. Uşaq hüquqları haqqında qanuna hörmət eləmir”.
K.Ağazadənin sözlərinə görə, problemin qarşısını almaq üçün cəzalandırılma ilə yanaşı, maarifləndirməyə də ehtiyac çoxdur: “Daha çox uçqar kəndlərdə, qəsəbələrdə maarifləndirmə işi gücləndirilməlidir. Bu həm də ağır bir cinayət hadisəsidir, valideyn məsuliyyətsizliyidir. Buna heç cür haqq qazandırmaq olmaz. Bu uşaqların özlərinin anaya,qayğıya eytiyacı var. Onlar necə uşaq dünyaya gətirə bilərlər? Sadəcə, bu uşaqlar valideyn məsuliyyətsizliyinin qurbanıdırlar. Bəzən deyirlər ki, nənələrimiz 13-14 yaşında ana olublar. O nənələrin dövrü idi. Axı, indi nənələrin dövrü deyil, imkan verin nəvələriniz normal uşaqlıqlarını yaşasınlar. Bu addımı atan böyüklər başa düşməlidirlər ki, onlar uşaqlarını erkən nikaha məcbur etməklə heç də xoşbəxt etmirlər. Əksinə, uçrumdan yuvarlayırlar. Bəlkə də bu gün bunun fərqində deyillər, amma zamanla hər şey aydın olacaq. Ona görə də, belə məsuliyyətsiz valideynlər mütləq cəzasız qalmamalıdırlar”.