Çimərlik mövsümü başlayandan uşaqlar arasında yeni virusun yayıldığı bildirilir. Məlumata görə, halsızlıq, qızdırma, qusma və ishal kimi hallarla müşahidə edilən bu xəstəliyi rotavirus törədir. Ekspertlərin sözlərinə görə, rotavirus bağırsaq infeksiyasıdır və bu virusa yoluxma şəxsi gigiyena qaydalarına riayət etmədikdə baş verir. Rotavirusun ötürülmə yollarına təmas, çirklənmiş qida və su daxildir. Bundan əlavə, bu virus mövsümi xarakter daşıyır və qışda daha çox yayılır. Rotavirus infeksiyaları xüsusilə qida çatışmazlığı və immun sistemi zəif olan uşaqlarda daha ciddi nəticələrə səbəb ola bilər. Rotavirusu uşaqlarda ishal səbəbilə susuzluğa səbəb ola bilər ki, bu da təcili tibbi yardım tələb edə bilər. Ona görə də ailələrin uşaqlarını bu virusa qarşı peyvənd etmələri çox vacib sayılır. Mütəxəssislər qeyd edir ki, peyvənd rotavirus infeksiyalarının qarşısının alınmasında yüksək effektivliyə malikdir və uşaqların immun sistemini gücləndirir.
Mövzu ilə bağlı pediatr Günay Rəsulovanın bildirdiyinə görə, rotavirus uşaqlarda ən sıx ishal səbəbidir: “Bu virus infeksiyasını uşaqlar ən sıx ilk 2-3 yaşda keçirirlər. Uşaqlar arasında ən sıx ölümə səbəb olan ishal mikrobudur. Xüsusilə uşaqlarda virusun ən sıx tip A ştamı xəstəlik törədir. Yoluxuculuğu çox yüksəkdir. Xəstə uşaqdan sağlam uşaqlara keçir. Yoluxuculuqdan qorumaq üçün xüsusilə bağça və ya başqa kollektivdə olan uşaqları ishal bitənə qədər ortamdan uzaqlaşdırmaq mütləqdir. Bundan başqa şəxsi gigiyena qaydalarına ciddi riayət edilməklə əllər tez-tez yuyulmalı, virusla xəstə uşaq olan evdə digər uşağı qorumaq üçün ətrafdakı əşyalar spirtlə silinib təmizlənməlidir. Virus bir uşaqdan digərinə keçdikdən sonra inkubasiya dövrü 2-4 gündür. 4 gün sonra əlamətlər üzə çıxır. İlk əlamət adətən qusma olur. 1-3 günə qədər davam edə bilən qusma qızdırma ilə müşayiət olunur. Qusmadan 12-24 saat sonra ishal başlayır. Qusma və ishal səbəbilə susuzlaşmaya bağlı ümumi halsızlıq, gözaltında çökmə, dil quruluğu, və s. baş verir. İshal rotavirus infeksiyasinda 7-10 günə qədər davam edə bilər. Rotavirus ishalı gündə 8-10 dəfə qansız seliksiz, sulu olur. Rotavirus infeksiyasından qorunmaq üçün peyvənd vardır. Heç bir yan təsiri olmayan bu peyvəndin ilk dozu 12 həftəyə qədər, son dozu isə 8 aya qədər olunmalıdır. Cəmi 2,4,6 aylarda 3 doz edilməlidir”.
Həkimin sözlərinə görə, virusa qarşı istifadə edilə biləcək antibiotik və ya antiviral müalicə yoxdur. Məqsəd su və elektrolit itirilməsinin qarsisini almaqdir.Xəstə körpədirsə sıx sıx əmizdirlməlidir. İshal və qusması olan uşaqlara oral rehidratasiya məhlullarindan vermək lazımdır. Əgər uşaqda su itirmə əlamətləri, yuxululuq, hər qidalanmadan sonra qusma, saatda1-2 dəfə ishal, gözaltında çökmə varsa vaxt itirmədən mütləq mütəxəssisə müraciət etmək lazımdır.
Xatırladaq ki, virusa hər yoluxmadan sonra uşaqlarda rotavirusa qarşı immunitet yaranır. Növbəti yoluxmada uşaq xəstəliyi daha yüngül keçirir. Buna bəzən bağırsaq qripi də deyirlər, lakin adi qriplə heç bir əlaqəsi yoxdur.