Mayın 10-dan etibarən bütün ölkə üzrə yaşı 18-dən yuxarı vətəndaşlar vaksinasiyaya qatıla bilər. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev deyib. O həmçinin vətəndaşları hamılıqla vaksinayada iştirak etməyə çağırıb.
18 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsinə başlanması xəstəliyin risk qrupunun getdikcə aşağı yaşlara qədər düşdüyünü göstərir. Görəsən bu vəziyyət prosesin növbəti mərhələsində uşaqların da peyvənd olunacağı deməkdir? Ümumiyyətlə hal-hazırda dünyada belə bir zərurət varmı?
Hafta.az-ın əməkdaşı suala aydınlıq gətirmək üçün həkim-pediatr Vaqif Qarayev ilə əlaqə saxladı. O bildirdi ki, hazırda yoluxmaların və ölüm hallarının statistikasının uşaqlara düşən “pay”ına nəzər saldıqda belə bir zərurət yoxdur:
Uşaqlar üçün xüsusi vaksinin hazırlanması ideyası heç də pis fikir deyil
“COVID-19 ilə bağlı uşaqlar arasında statistika ölüm və yoluxma baxımdan elə də böyük həyəcan doğurmur. Son vaxtlar belə xəbərlər çıxır ki, uşaqlar üçün xüsusi vaksinlər hazırlanacaq. Yəqin ki, hazır olsa bilərdik, çox güman, hələ hazır deyil. Həm də haradasa uşaqlara vaksin vurulur, ya yox, bu haqda da məlumat yoxdur. Ona görə də bu suala dəqiq fikir bildirmək çətin məsələdir, çünki dəqiq bir rəy yoxdur. 18 yaşdan yuxarı olan əhali kontingentinin peyvəndlənməsi ilə mən də razıyam”.
Uşaqlar üçün xüsusi vaksinin hazırlanması məsələsinə gəldikdə isə pediatr bunun heç də pis fikir olmadığını söylədi: “Söhbət tək COVID-19-dan getmir, yoluxuculuq qabiliyyəti çox yüksək olan, ölüm halları yaradan infeksiyalardan qorunmağın 2 yolu - təcrid olunmaq və vaksin mövcuddur. Uşaq yaşlarında vurulan peyvəndlərin hamısı bu prinsipə əsaslanır, kifayət qədər effekti də var. İndi uşaqlar arasında düşünürəm ki, ağır xəstələnmə və ölüm halları diqqətçəkən olmadığına görə, dünya təbabəti hələ həyəcana düşməyib. Hər bir halda, mənim fikrimcə, vaksin hazır olsa yaxşıdır”.
Uşaqlar üçün vaksinasiyanın zəruriliyini aydınlığa qovuşdurduq. İndi qaldı məsələnin digər tərəfi...
Son günlər sosial şəbəkələrdə “Yeni tədris ilindən etibarən uşaqlar peyvəndlənmədən tədrisə buraxılmayaq” kimi söz-söhbətlər dolaşır. Mövzu vətəndaşların geniş müzakirəsinə səbəb olub. Yayılan xəbərlərə münasibəti isə təhsil eksperti Elçin Əfəndi bildirdi. Ekspert bu tip informasiyaların şayiə olduğunu qətiyyətlə vurğuladı:
18 yaşdan aşağı məktəbyaşlı şagirdlərin vaksinasiyadan keçirilməsi ilə bağlı hər hansı bir iddia yoxdur
“Rəsmi olaraq heç bir yerdə belə informasiyalar yoxdur, şayiə xarakteri daşıyır. TƏBİB, Operativ Qərargah və Səhiyyə Nazirliyi tələb edir ki, yalnız 18 yaşdan yuxarı şəxslərin vaksinasiyası vacibdir. Həmçinin peyvəndləmə könüllülük prinsipi əsasında aparılır. Ona görə də 18 yaşdan aşağı məktəbyaşlı şagirdlərin vaksinasiyadan keçirilməsi ilə bağlı hər hansı bir iddia yoxdur. Bunu tələb etmək özlüyündə absurd qərardır. Dəfələrlə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də bildirilib ki, aşağı yaş qruplarının virus təhlükəsi aşağıdır. Onlar COVID-19 olduqda belə xəstəliyi çox zəif keçirirlər. Həmin yaş qrupları yalnız yuxarı nəsli virusa yoluxdura bilər. Əgər 18 yaş üzərində olan vətəndaşlar vaksinasiya olunacaqlarsa o zaman uşaqların da böyükləri yoluxdurma təhlükəsi olmur. Düşünmürəm ki, Təhsil Nazirliyi və digər müvafiq qurumlar bunu tələb etsinlər. Tədrisin davam etdirilməsində ən optimal yol bu olardı ki, ölkədə olan bütün təhsil müəssisələrinin texniki və pedaqoji heyəti vaksinasiya prosesindən keçsin. Yalnız bunu tələb etmək olar”.
Qeyd edək ki, bir müddət öncə ABŞ mərkəzli dərman şirkəti Moderna 12 yaş altındakı minlərlə uşaq üçün COVID-19 peyvənd sınaqlarına başlandığını açıqlamışdı. Bəyanat bəzi mütəxəssislərin, peyvənd kampaniyasının yeni mərhələsinə aparan ilk addımın epidemiyanın kökünü kəsmək üçün lazım ola biləcəyinə işarə etməsindən sonra verildi.