Psixoloqlar məsələyə iki aspektdən yanaşır
Bu gün küçədə iki azyaşlı uşağın davasına şahid olduq. Səbəb isə birinin digərinə “Sən ermənisən”, – deməsi idi. Gəlin görək, psixoloji olaraq bu durumu nə cür şərh etmək lazımdır? Görəsən, uşaqlara düşmənə nifrət aşılayarkən, istəmədən də olsa onları aqressiv yetişdirmirikmi?
Müzakirəyə keçid almazdan öncə bir məqamı diqqətinizə çatdıraq ki, uşaqların vətənpərvər ruhda böyüməsi, gələcəyə sağlamdüşüncəli gənclər yetişdirmək dövrümüzün ən aktual vəzifələrindən biridir. Mütəxəssislər söyləyir ki, gənclərə milli ruhun aşılanması körpə yaşlarından həyata keçirilməli, bu proses ilk öncə ailədə, daha sonra isə bağçalarda, tədris müəssisələrində, məktəblərdə, kütləvi informasiya vasitələrində özünü göstərməlidir.
O ki qaldı qarşılaşdığımız mənzərəyə, Hafta.az-ın əməkdaşı məsələ ilə bağlı mütəxəssisə müraciət etdi. “Narınc” Psixologiya Mərkəzinin Yeniyetmə və Yetkinlər üzrə Psixodiaqnostika şöbəsinin müdiri Fəridə Şərifova mövzuya münasibət bildirərkən söylədi ki, hadisəyə iki prizmadan yanaşa bilərik.
Bardağın dolu tərəfindən baxsaq, övladlarımızda milliyyətçilik, vətənpərvərlik hissinin necə güclü olduğunun fərqinə vararıq:
“Hər iki tərəf üçün burada erməni neqativ, mənfi bir obrazdır, hətta söyüş xarakteri daşıyır. Təbii ki, bu xislətli millətin adını çəkmək belə, biz yetkin insanlarda mənfi hisslər oyandırır. Bunu usaqlarımızda da muşahidə etmək sevindirici bir haldir”.
Psixoloqun fikrincə, belə hallarda valideynlər diqqətli davranmalı, övladları ilə izahedici danışıqlar aparmalıdırlar:
“Bir azərbaycanlı üçün bu ifadənin ağırlığını, heç vaxt və heç bir situasiyada işlətməməli olduğunu izah etməliyik. Eyni hal onun özunə qarşı edilərsə, necə hisslər keçirər? Bu barədə danışıb empatiya hissi yaratmaq önəmlidir. Əgər qarşı tərəf əsəbiləşəcəyi bir davranış göstəribsə, ona əsəblərini necə düzgün istiqamətləndirə biləcəyi, necə sakitləşməli olduğu barədə yollar təklif etmək daha yaxşı olardı. Yenə də mənim fikrimcə, məsələyə vətənpərvərlik nöqteyi-nəzərindən yanaşmaq ən düzgünüdür. Uşaqların yaşına uyğun olaraq erməni xislətini, törətdiyi cinayətləri, təqdir olunmayan bütün davranışları izah edib, öz həmvətəninə qarşı bu ifadəni işlətməyin yanlışlığı göstərilməlidir. Bütün hallarda uşaqları neqativlərdən uzaq tutmalıyıq. Sağlam gələcək üçün sağlamtəfəkkürlü uşaqlar böyütmək biz valideynlərin ilk missiyası olmalıdır”.
Tanınmış psixoloq Elnur Rüstəmov isə deyir ki, bu hal uşaqlarda ünsiyyət pozuntusu kimi dəyərləndirilir. Belə ki, sosial dil istifadə etməkdə çətinlik çəkən uşağın ünsiyyət bacarıqlarını inkişaf etdirməmə vəziyyəti bu problemin yaranmasına səbəb olur:
"İstifadə etdiyi kəlmələri harada və necə işlədəcəyinə dair fikir formalaşmır, analiz etmədən qeyri-adekvat şəkildə tətbiq edir.
Bu psixoloji durum uşaqların öz həmyaşıdları ilə ünsiyyətinin az olmasına, sosial izolyasiyaya və davranış pozuntularının yaranmasına səbəb ola bilər"
Psixoloq, həmçinin onu da vurğuladı ki, bu tip ifadələrin istifadəsi uşaqlarda dəyər anlayışının aşağı olması, doğru dəyərlər sisteminin formalaşmaması ilə əlaqəli ola bilər:
"Belə ki, erkən yaşlarından etibarən, "yaxşı, "pis" anlayışlarının onlara öyrədilməməsi, aralarındakı fərqlərin göstərilməməsi uşaqlarda yanlış analizin formalaşmasına səbəb olur. Dolayısı ilə, həmyaşıdları, yaxud özündən yuxarı yaş qrupu ilə ünsiyyət prosesində yanlış ifadələrdən istifadə edir və bunun fərqinə varmır. Bu cür uşaqlar, adətən, digərləri tərəfindən qəbul olunmur və "pis uşaq" şəklində etiketlənir. Uşaqlar gördükləri və bildikləri haqqında düşüncə və hisslərini ifadə etməkdə çətinlik çəkirlər. Eyni zamanda, bəzi zehni problemlər də onlarda bu cür qeyri-adekvat ifadə və davranışların yaranmasına səbəb olur".
E.Rüstəmov sonda valideynləri diqqətli olmağa çağırdı. O bildirdi ki, uşaqlarda doğru dəyər sisteminin formalaşması istiqamətində öncə ailə, daha sonra isə məktəb mühiti aktiv iştirak etməli və ciddi bir problemlə qarşılaşdığı təqdirdə mütəxəssis yardımı almalıdır.