VAP BƏƏS-lə dostluğunu davam etdirir

15:15 11.12.2009
Yazını böyüt
Yazını kiçilt
Bələdiyyə seçkiləri öncəsi ölkədaxili siyasi düzəndə müəyyən nisbi canlanma duyulsa da, bir zamanlar mətbuatın gündəmindən düşməyən, məlum səbəblər üzündən edam olunan İraqın keçmiş prezidenti Səddam Hüseynin dostu olmuş Vahid Azərbaycan Partiyasının (VAP) sədri Kərrar Əbilovun indi nə özü görünür, nə də partiyasının fəaliyyəti hiss olunur. Amma dünən qurumun Mərkəzi Şurası iclas keçirərək bir sıra məsələləri araşdırıb və hətta qərarlar da verib. Ona görə də partiyanın sədri K.Əbilovla əlaqə saxlayıb “Vahid Azərbaycan“da nə baş verdiyi və bizi maraqlandıran məsələlər barədə soruşduq.
- Həyat yoldaşım 2 ilədək xəstə yatdı, sonra da rəhmətə getdi deyə başım qarışıq oldu. Bu baxımdan da mümkündür ki, mətbuatda bir qədər az görünüm. Amma buna baxmayaraq yenə də partiyanın işləri əvvəlki kimi öz axarındadır. Mütəmadi olaraq Mərkəzi Şuranın iclasları keçirilir, hazırda bələdiyyə seçkilərinə hazırlaşırıq. Üstəlik, 2010-cu il aprelin 28-də partiyamızın 10-cu yubiley qurultayı keçiriləcək.
- ...Bunun üçün təşkilat komitəsi yaratmışıq, tədbirin təntənəli alınması üçün əlimizdən gələni edəcəyik. Ona görə yubiley qurultayı deyirəm ki, fikir verin, həm partiyanın 20 illiyidir, həm mənim özümün 80 yaşım tamamlanır, həm də, bayaq dediyim kimi, sayca 10-cu qurultaydır.
- Maraqlıdır, qurultayda nələri müzakirə edəcəksiniz?
- Yubileyimiz olduğundan daha çox ölkə əhəmiyyətli məsələlərdən danışacağıq. Mərkəzi Şuranın dünənki iclasında qərara almışıq ki, orada Dağlıq Qarabağ probleminin həllinə dair münasibət bildirək. Son vaxtlar Azərbaycan - Ermənistan danışıqlarında Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə prinsipinin razılaşdırıldığı deyilir. Vahid Azərbaycan Partiyası olaraq bunun qəti əleyhinəyik. Çünki bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı yaşamır. Ona görə bizim ölkədə də ermənilərə yer olmamalıdır.
- Qurultayda hər hansı struktur dəyişikliyi-filan olacaqmı?
- Belə qərarların veriləcəyi gözlənilmir. Bir neçə dəfə özüm məsələ qaldırmışam ki, yaşlaşmışam, sədrlikdən gedirəm, yerimə başqasını seçin. Amma yenə də partiyada razılaşmadılar.
- Bələdiyyə seçkilərinə qatılacağınızı dediniz. 2 həftədən az vaxt qalıb, necə bilirsiniz, udacaqsınız?
- Seçkidə 218 namizədimiz mübarizə aparacaq. Elə dünənki iclası da əsasən bu məsələyə həsr etmişdik. Hazırlaşırıq da, neçə nəfər udacaq, neçəsi uduzacaq, bunu zaman göstərəcək. Hər halda, prosesə partiyamızdan çox mötəbər şəxslər qatılacaqlar. Eyni zamanda qələbəmiz seçicilərin verəcəyi qərardan da çox asılıdır.
- Milli Məclisdə partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi məsələsi müzakirə olunur. Necə bilirsiniz, gələcəkdə dövlətdən alacağınız vəsaitlə partiyanızı gücləndirə biləcəksinizmi?
- Mən heç bir halda Vahid Azərbaycan Partiyasına maddi yardım göstəriləcəyinə inanmıram. Çünki bizim partiya bütün digər qurumlardan tamam fərqlidir. Amma yenə də Allaha pənah deyirik, versələr, yaxşı olardı. Bilirsiniz, partiyaların həmin vəsaitdən yararlanması üçün müxtəlif şərtlər irəli sürülür. Deyirlər seçkilərdə iştirak, qeydiyyatdan keçmək və sair vacibdir. Biz də indiyədək keçirilmiş prezident və parlament seçkilərinə qatılmışıq, hazırda isə, bayaq dediyim kimi, bələdiyyə seçkisinə hazırlaşırıq. Qeydiyyatdan da 20 il əvvəl keçmişik.
- Yeri gəlmişkən, bəzi deputatların, hətta bir sıra müxalif partiyaların təklifinə əsasən, dövlət maddi yardımı ancaq parlamentdə təmsil olunan siyasi qurumlara verməlidir...
- Kimlərinsə bu cür danışması doğru deyil axı. Necə ola bilər ki, biz 20 ildir fəaliyyət göstəririk, bütün seçkilərə qatılırıq, nəyə görə bu imkandan yararlanmayaq? Şəxsən mənə qalsa, qeydiyyatdan keçmiş bütün partiyalara maddi yardımın göstərilməsinə tərəfdaram.
- Bir ara partiyaların yenidən qeydiyyatdan keçməsi, hətta onların daha güclülərin ətrafında birləşməsi məsələsi gündəmə gətirilmişdi. Bu barədə nə deyə bilərsiniz?
- Şəxsən mənə görə, partiyaların birləşməsi çox yaxşı nəticə verərdi. Hazırda “Siyasi partiyalar haqqında“ qanun layihəsi üzərində iş gedir, bilmirik nə qərar veriləcək. Təkliflər müxtəlifdir, onlar Milli Məclis tərəfindən qəbul ediləcək, ya yox, bunu zaman göstərəcək.
- Əgər zərurət yaransa, Vahid Azərbaycan Partiyası kimlərlə birləşə bilər?
- Biz mərkəzçi mövqedəyik. Sonra da ki bu, tək bizdən yox, bütün partiyalardan asılıdır. Biz Çingiz Dəmiroğlunun sədrlik etdiyi Azərbaycan Tərəqqi Alyansında - ATA blokunda təmsil olunuruq. Həmişə həmin quruma üzv partiyalarla birgə əməkdaşlıq şəraitində fəaliyyət göstərmişik. Bu məsələ gündəmə gəlsə, yəqin ki, yenə məsləhətləşəcəyik.
- Yadıma düşmüşkən, fəaliyyət göstərmək üçün partiyanızın öz iqamətgahı var?
- Əvvəl vardı, Xətai prospektində yerləşirdi, söküb yerində “göydələn“ tikdilər. Ona görə də evdə-eşikdə fəaliyyət göstəririk. Söz vermişdilər ki, yer ayıracaqlar, amma bir səs çıxmadı.
- Bəlkə yuxarılara şikayət edəsiniz?
- Bu, prinsipcə mümkündür, amma Əli Əhmədov çıxışlarının birində dedi ki, bütün partiyalara yer vermək mümkünsüzdür. Ona görə də kimə lazımdır, torpaq alıb iqamətgah tikə bilər. Biz də Bakı şəhər İcra Hakimiyyətindən torpaq istəyəndə dedilər ki, bu səlahiyyət bələdiyyələrdədir. Onlar da ki hərrac məsələsi ortaya atıldığından nə edəcəklərini bilmirlər.
- Gəlin bir az da keçmişə səyahət edək. İraqa yenə gedib-gəlirsiniz? Səddam dövründə VAP-la bu ölkənin hakimiyyəti arasında çox sıx əlaqələr qurulmuşdu...
- Əlaqələrimiz indi də davam edir. Biz bütövlükdə İraq xalqı ilə dostuq. İndi də Səddam Hüseynin qızları ilə vaxtaşırı əlaqə saxlayırıq...
- Bunu necə edirsiniz, axı Səddamın qızları ciddi mühafizə olunurlar, hətta bəzi dairələr onları axtarır...
- Düzdür, axtarışdadır, amma bu bizə mane ola bilməz.
- İraqın Bakıdakı səfirliyinə necə, gedib-gəlirsiniz?
- Yox, səfirliklə əlaqələrimiz sıfır səviyyəsindədir. Əvvəllər Səddam Hüseynlə bağlı qərarlarımız-filan olanda gedib təqdim etmişik, vəssalam. Ona görə də səfirliyin fəaliyyətinə hələlik kənardan baxırıq.
- Maraqlıdır, İraqdakı köhnə dostlarınızla necə əlaqə saxlayırsınız? Axı bu gün İraqa gediş-gəliş ölkədaxili qeyri-sabitliklə bağlı bir az məhduddur...
- Heç bir çətinlik bizi bu dostluqda axsada bilməyib. Yenə də bütün təhlükələrə rəğmən gedib-gəlirik.
- Sirr deyilsə, İraqın konkret hansı partiyası ilə dostluq edirsiniz?
- Əsasən Ərəb Sosialist Dirçəliş Partiyası (BƏƏS - V.T.) ilə. Bu partiyanın qurucusu Səddam Hüseyndir. Bir də İraq Kommunist Partiyası ilə isti münasibətlərimiz mövcuddur.
- Qəribədir, axı BƏƏS-in fəaliyyəti dövlət tərəfindən yasaqlanıb...
- Bəli, qadağan olunub, amma yenə də gizli şəkildə fəaliyyət göstərir.

Vüsal Tağıbə
rubrikasından digər xəbərlər