Vaşinqtonda casus qalmaqalı

18:24 10.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş nüvə mühəndisi və həyat yoldaşı ABŞ sualtı qayıqları, xüsusən də USS Miçiqan gəmisi haqqında məxfi məlumatları xaricə satmağa cəhddə təqsirli bilinərək uzunmüddətli federal həbs cəzasına məhkum edilib. Bu barədə United Press International xəbər verir.

44 yaşlı Conatan Tobbs 19 ildən çox, həyat yoldaşı 46 yaşlı Diana Tobbs isə 22 ilə yaxın həbs cəzası alıb. Etiraflar onlara ömürlük həbsdən yayınmağa imkan verib.

İttiham tərəfinin fikrincə, ər-arvad ABŞ-ın təhlükəsizliyini və hərbçilərin həyatını “təhlükə altına alacaq” “məxfi müdafiə məlumatlarını satmaq” üçün məhkəmədə adı çəkilməyən müəyyən ölkə ilə “sövdələşib”.

Qeyd olunur ki, ailə başçısının hərbi dəniz mühəndisi kimi milli təhlükəsizlik sistemində etibarlı girişi olub və bu, ona məxfi məlumatlara çıxış imkanı verib. O, bəzi məxfi məlumatları yaddaş kartlarına yükləyib, onları sendviçdə və saqqız paketində əvvəlcədən müəyyən edilmiş yerlərdə gizlədib.
Pulları kriptovalyutada aldıqdan sonra o, alıcıya kartlardan məlumatları oxumaq üçün parol göndərib. Lakin sonradan məlum olub ki, xarici kəşfiyyat xidməti əvəzinə “alıcı” FTB agenti olub.
Qeyd olunur ki, ər-arvadın tutulması əməliyyatı bir ilə yaxın davam edib və bu müddət ərzində cütlük bir neçə əməliyyat keçirib.