“Deputat həmkarımız Fazil Mustafaya qarşı terror hücumu bütövlükdə Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanlarını nəyəsə məcbur edilməsinə hesablanmış addım idi. Amma Azərbaycan sabit, əməliyyat şəraiti dövlətin nəzarətində olan, ictimai qayda, ictimai təhlükəsizlik tam təmin olunmuş bir ölkədir”.
Bunu Milli Məclisin bugünkü iclasında deputat Bəhruz Məhərrəmov deputat Fazil Mustafaya qarşı törədilən sui-qəsdlə bağlı bildirib. Deputat bildirib ki, prezident İlham Əliyev uzunmüddətli fəaliyyət və nəhayət 44 günlük savaşla elə bir geosiyasi konfiqurasiya yaradıb ki, bu bölgədə proseslərin ümumi gedişatını Azərbaycan müəyyən edir. Bu kimi terror aktları, bu terrorun ardınca ölkə daxilində xəyanətkar bağırışmalar nəyisə dəyişə bilməz.
“Kimdir bu xəyanətkarlar? İlk növbədə şərəfini heysiyyatını İrana satanlar. Əbalı narkobaronların və əmmaməli terrororistlərin yuvası İran öz yerində. İndi daxildəki digər və əsas xəyanətkar qrup antimilli Şura nə edir? Siz onların rəhbərlərinin bircəciyinin İranın bu mövqeyinə etirazlarını eşitmisizmi? Biri təqsirsizlik prizumpsiyasından danışır, digəri İranı, onun agentlərini günahsız çıxarmağa çalışır.
Necə ki, bundan öncəki vətən xainlərini utanmazcasına siyasi “qəhramana” çeviriblər, bu gün də eyni ampluada. Bu cür siyasi fəaliyyət olarmı? Vətən xainini müdafiə etmək Vətənə xəyanətin ən ağır formasıdır. Əminəm ki, bu xəyanətkarlar Fazil Mustafaya qarşı terrora görə qısa müddət ərzində saxlanılan şəxsləri yaxın günlərdə siyasi məhbus elan edib xəyali siyahılarını genişləndirəcəklər.
Bu siyahının genişlənməsində maraqlı olan Fransa kimi dövlətlər, Avropa Parlamenti korrupsiya yuvası, USAİD kimi təxribat mərkəzləri hazırdır. Amma olsunlar, buyursunlar bundan da çox hazırlaşsınlar, nəticədə nəyi dəyişə bilirlər?”