Vəziyyət heç də ürəkaçan deyil - Şair Ramaldanov

16:20 28.08.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Qlobal geosiyasi arenada gedən proseslər bugünkü qədər təhlükəli və riskli olmamışdı. Uzaq Şərqdən başlayaraq, Yaxın Şərq, Avropaya qədər müəyyən qeyri-stabillik yaşanır. Dünyanın ağlımıza gəlməyən yerlərində belə təhlükəli küləklər əsir. Qlobal gərginlik bizim regiondan da yan keçməyib, vəziyyət heç də ürəkaçan deyil”.

Bunu Hafta.az-a hərbi ekspert Şair Ramaldanov dünyada və regionda gərginliyi ilə diqqət çəkən məqamlar və təhlükəsizliyə yaranan təhdidlərlə bağlı deyib. 

Ekspert qeyd edib ki, Azərbaycan dövləti işğalçı qüvvələri darmadağın edərək, özünün ərazi bütövlüyünü, suverenliyini bərpa edəndən sonra, bölgədə müəyyən bir stabilliyin yaradılmasına nail olub. Onun sözlərinə görə, dünyanın bir çox maraqlı gücləri regionu yenidən alovlandırmaq cəhdlərindən əl çəkmir.

“Azərbaycan dövləti stabilliyin yaranması üçün bütün qonşu dövlətlərlə dostluq, qonşuluq, qarşılıqlı əməkdaşlıq çərçivəsidə əlaqələr qurur, regionun inkişafı üçün lazım olan addımları atır. Amma 44 günlük Vətən müharibəsindən sonra gördük ki, bölgədə qurulan o stabilliyi, yeni reallığı pozmaq istəyən, prosesləri gərginliyə aparmaq istəyən qüvvələr var və bu, təhlükəsizliyimiz üçün təhdid olaraq qalır”-ekspert deyib.

“Yaxın Şərqdə gedən proseslər, İran-İsrail müharibəsi, Avropada Ukrayna-Rusiya gərginliyi onu göstərir ki, təhlükəsizliyə təhdidlər var. Bu baxımdan da  Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı ardıcıl siyasət və regionla bağlı atdığı addımlar təhlükəsizliyin dayanıqlılığını hədəfləyir”.

Ekspert Azərbaycan-Ermənistan arasında sülh sənədinin ABŞ-da paraflanmasından sonra yaranmış mövcud duruma diqqət çəkib.

“Azərbaycanın bütün siyasəti regionda sabitliyin bərpa olunmasına köklənib. Ona görə də bütün qonşu dövlətlərlə qonşuluq, dostluq münasibətlərini inkişaf etdirməkdə maraqlıdır və bu istiqamətdə ciddi addımlar atır. Çünki qonşu dövlətlərlə münasibətlər sülh, stabillik şəraitində inkişaf edərsə, bu, Azərbaycanın təhlükəsizliyinə dair riskləri azaldar. Ona görə də Azərbaycan istər Xəzəryanı, istərsə də quru sərhədləri olan dövlətlərə bu mövqeyini açıq göstərir və yaxın qonşuluq siyasətinə üstünlük verir.

ABŞ-da Azərbaycan-Ermənistan arasında sülh sazişi sənədinin paraflanması və əldə olunan razılıqlar regionda stabilliyi bərpa etmək məqsədi daşıyır. Bu gün Azərbaycanın davamlı sülh təşəbbüsləri nəticəsində Ermənistandakı siyasi durum ABŞ müdaxiləsi ilə stabilliyə doğru dəyişir. Təhlükəsizlik baxımından Ermənistandakı bu proses daim nəzarətdə olmalıdır. Azərbaycanın təşəbbüsləri nəticəsində sülh sənədinin ABŞ-da paraflanması, Ermənistan cəmiyyətində sülh razılaşmasına münasibətin dəyişməsi, Paşinyanın reallığa uyğun keçirdiyi görüşləri onun vəziyyəti düzgün dərk etməsini göstərir. Artıq Paşinyanın sülh şərtləri ilə bağlı çıxışları Ermənistanda əvvəlkindən daha sakit qəbul edilir. Bütün bu proses regionun təhlükəsizliyinə xidmət edir”-ekspert qeyd edib.

O, Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi istiqamətində bu gün də davamlı olaraq işlərin aparıldığını, ordunun gücləndirilməsinə xüsusilə diqqət yetirildiyini deyib.

Azərbaycan regionda əsas oyunçulardan biridir. Bütün proseslər - siyasi, iqtisadi, logistik prosselər Azərbaycandan yan keçə bilməz.

Azərbaycan özünün təhlükəsizliyini təmin etmək üçün ordu quruculuğunun inkişafına xüsusilə diqqət çəkir. 44 günlük müharibə və regionda gedən proseslərdən sonra ordunun Türkiyə modelinə keçidi gerçəkləşir. Bu sahədə ciddi islahatlar aparılıb. Artıq ordunun Türkiyə modelinə keçidi yekunlaşmaqdadır. Bu da Azərbaycan Ordusunun getdikcə gücləndiyini, lazım olan tələblərə cavab verdiyini göstərir:

“Prezident Kəlbəcərdə Azərbaycanın hər an gözlənilən təhlükəyə hazır olmasının vacibliyini önə çəkdi. Onun Orduya güvənməsi əbəs deyil. Prezident Azərbaycanın təhlükəsizliyini təmin edən əsas faktor kimi Orduya yetərincə diqqət yetirir, onun bütün vəzifələrini yerinə yetirməyə qadir olmasının təmin edilməsini mühüm hesab edir. Prezident çıxışlarından birində dünyada ikili standartların hökm sürdüyünü və belə bir vaxtda, güclülük prinsipinin irəli gəldiyini deyib. Hansı ölkə güclüdürsə, onun müstəqilliyi, suverenliyi, təhlükəsizliyi daha etibarlı olur. Düşünürəm ki, Prezident Azərbaycanın təhlükəsizliyi ilə bağlı riskləri Kəlbəcərdə söylədi. Bununla göstərdi ki, Azərbaycan dövləti üçün təhlükəsizlik bir nömrəli məsələdir. Ali Baş Komandan prosesi daim diqqətdə saxlayır. Prezident Kəlbəcərdə etdiyi çıxışı ilə Azərbaycan Ordusunun nəyə qadir olduğunu Ali Baş Komandan olaraq bir daha təsdiqləmiş oldu”-Ş.Ramaldanov qeyd edib.