Xalis rəqabət sahibkarların gəlirliliyinə təsir göstərəcək - Millət vəkili

18:27 29.11.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Rəqabət Məcəlləsinin hazırlanması və qəbulu uzun müddətdir müzakirə edilən məsələlərdəndir. 

Bu fikirləri hafta.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, bu sənədin qəbulu vacibdir. Bununla bağlı artıq müzakrələr gedir. Bu istqamətdə layihənin hazırlanması ilə bağlı İqtisadiyyat Nazirliyi də rəsmi açıqlamalar vermişdi. Gözlənilir ki, 2022-ci ildə Rəqabət Məcəlləsinin qəbulu ilə bağlı proseslər daha aktiv, müzakirələr daha intensiv olacaq.

Millət vəkili vurğulayıb ki, bu sənəd iqtisadiyyatda rəqabətin gücləndirilməsi baxımından çox vacibdir:

“Hətta əvvəlki dövrlərdə parlamentdə Rəqabət Məcəlləsinin müzakirəsi həyata keçirilib. Rəqabət Məcəlləsi vacib bir sənəddir. Bu məcəllənin qəbulunun bazara və bütövlükdə ölkə iqtisadiyyatında rəqabətin formalaşmasına və müdafiəsinə təsirləri xüsusi qiymətləndirilməlidir. O baxımdan Rəqabət Məcəlləsinin hazırlanması və qəbulu məqsədəuyğundur. Bazarda rəqabətin qorunması və bütövlükdə xalis rəqabətin müdafiə edilməsi Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə də uyğundur. Digər tərəfdən, Rəqabət Məcəlləsinin qəbulu nəticə etibarı ilə Azərbaycan üçün, xüsusən də sahibkarlar üçün rəqabət baxımından yeni imkanlardır. Bu, bazara çıxış, bazarda rəqabət imkanlarını artıracaq. Xalis rəqabət bir tərəfdən sahibkarların gəlirliliyinə təsir göstərəcək, eyni zamanda istehlak bazarındakı qiymətlərə təsir göstərən faktorlardan biridir. Bu baxımdan, sözügedən Məcəllənin qəbulu və icrası sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və xüsusən kiçik və orta müəssisələrin inkişafı baxımından yeni imkanlar açacaq. Bu, nəticədə azad sahibkarlığın daha da inkişafına xüsusi töhfə verəcək. Güman edirik ki, yeni sənəd bu istiqamətdə mövcud olan boşluqların aradan qaldırılmasına imkan yaradacaq və 2022-ci ildə bu istiqamətdə işlər daha intensiv aparılacaq. Sənəd Milli Məclisə daxil olduqdan sonra isə layihənin detalları barədə məlumat vermək mümkün olacaq. Amma bütövlükdə Rəqabət Məcəlləsinin əsas məqsədi iqtisadiyyatda rəqabətin gücləndirilməsi, azad sahibkarlığın daha yaxından dəstəklənməsi və gizli iqtisadiyyata qarşı mübarizənin daha da intensivləşdirilməsini özündə ehtiva edəcək".

Oxunma sayı 32