“Bu gün bazarda 3 manat 80 qəpiyə sosiska satılır. Ətin qiyməti 20 manatdırsa, 3 manata olan sosiskanın tərkibində ətdən başqa hər şey ola bilər”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı deputat Məşhur Məmmədov deyib.
Onun sözlərinə görə, keyfiyyətli məhsul istehsal edənlər maya dəyərinə satış etməyə çətinlik çəkir: “Yəni, bu qanunun əsas məqsədi keyfiyyətli məhsul istehsal etməkdir. Eyni zamanda bu qayda ət məhsullarına da tətbiq olunsa, yaxşı olar".
Qeyd edək ki, kolbasa və sosiska məhsullarının keyfiyyət məsələsi uzun illərdir müzakirə mövzusudur. Hazırda ölkədə standartlara uyğun, müasir tələblərə cavab verən 20-dən çox kolbasa və sosiska istehsalı müəssisəsinin olduğu bildirilir. Marketlərdə müxtəlif istehsalçılara məxsus məhsulların bir kiloqramının qiyməti 4-5 manatdan başlayır. Təbii ki, ətin qiymətinin 18-20 manat civarında olması təqdirdə, insanlarda 3-4 manata satılan sosiskanın və ya kolbasanın tərkibində ətdən başqa hər şeyin ola biləcəyi düşüncəsinin yaranması normaldır. Amma buna baxmayaraq, həmin məhsullara kifayət qədər təlabat var və alıcılarının sayı heç də az deyil.
Mütəxəssislər bildirirlər ki, kolbasa məmulatlarının istehsalında məhsulun tərkib hissəsinin düzgün seçimi əsas şərtdir. Belə ki, kolbasa istehsalında mal, dana və donuz ətinə üstünlük verilsə də, qoyun, quş və digər ət növlərindən, həmçinin müxtəlif qida qatqılarından, duz, şəkər, ədviyyatlardan da istifadə olunur. Məhsulun çəhrayı-qırmızı rəngdə olması istehsal prosesində həmin xam məhsulların düzgün ardıcıllıqla istifadəsini göstərir və bu, keyfiyyətin əsas amillərindən biridir. Qəhvəyi və ya bozumtul rəngin formalaşması isə məhsulun korlandığından və ya tezliklə təhlükəli vəziyyətə düşəcəyindən xəbər verir.
Sosislərin istehsalında da texnoloji prosesin pozulması məhsulun keyfiyyətinə təsir göstərir. Ekspertlərin sözlərinə görə, keyfiyyətli sosis elastik olmalıdır. Məhsula yüngül təzyiq edildikdə qısa müddət ərzində öz əvvəlki formasına qayıtmalıdır. Əks halda, bu, sosisin tərkibində zülal və qatqı maddələrinin miqdarının çox olmasını göstərir. Eyni zamanda, sosisin qabığı bütöv, hamar və quru olmalıdır. Qabıqda zədə, selik, ərp yolverilməzdir və farşa tam şəkildə yapışmalıdır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, əhali tərəfindən ət və ət məhsulları ilə bağlı sözügedən quruma çoxlu müraciətlər ünvanlanır: “Həmin müraciətlərdə istehlakçılar bu növ məhsulların markalanması, çeşidi, qiyməti və s. barədə suallar verirlər. Əksər hallarda istehlakçılar kolbasa və sosislərin qiymətinin ətin qiymətindən dəfələrlə ucuz olmasının səbəbi ilə maraqlanırlar. Yeri gəlmişkən, yadıma SSRİ dönəminin məşhur bir məsəli düşür. O zaman kolbasa nədir, sualının bir cavabı var idi. Deyirdilər ki, kolbasa sudur, duzdur və bir də vicdan. Vicdan dedikdə, ət nəzərdə tutulurdu. Yəni kolbasa istehsalı zamanı çox vaxt yanaşma belə idi ki, nə qədər istəyərsən, o qədər qarışdırarsan, istəməzsən, heç qarışdırmazsan. Vaxtilə xalq arasında işlədilən bu ifadə bugünlərdə daha çox aktuallıq kəsb edir”.
Ekspert vurğulayıb ki, ölkədə 20-yə qədər kolbasa və ət məmulatları istehsal edən müəssisələr var, ancaq bunlardan 3-4-ü tam standartlara uyğun, təmiz ətdən kolbasa və sosis istehsal edir: "Təsadüfi deyil ki, 2013-cü ildə Amerika Birləşmiş Ştatlarının İnkişaf Agentliyi Azad İstehlakçılar Birliyinə müraciət etdi, həmin yerli kolbasa istehsalçılarının bəzilərinə xarici mütəxəssislərin iştirakı ilə qida təhlükəsizliyi nişanını verdik və onlar normal ətdən kolbasa, sosis kimi məmulatları istehsal edir. Bu ətlərin mənbəyini yoxlayanda görürük ki, Braziliyadan Azərbaycana təmiz mal əti gətirilir və o ətin qiyməti 4 manat yarıma gəlib çıxır. Əhali əti bazardan aldığı və sümük qarışıq, yəni əti hissələrə bölmədən satılan ətlərlə müqayisə edirlər, ancaq bu, doğru deyil. Heyvanı başqa ölkələrdə 20 yerə bölürlər. Budu, qolu, beli - hamısı ayrı satılır. Lakin qabırğaarası ətlər, xalq arasında "şıntır" deyilən ətlər var ki, onlar həmin qiymətə satılmır. Onları çox böyük miqdarda Azərbaycan və digər ölkələrə göndərirlər".
E.Hüseynovun sözlərinə görə, ölkədə normal kolbasa və sosis istehsal edən müəssisələr mövcuddur və əksəriyyətində qiymətlər aşağıdır: "Mən özüm standartlara uyğun kolbasa istehsal edən yerlərdə canlı monitorinq aparmışam. Həmin qabırğaarası və s. kimi ətlər çox ucuz qiymətə gəlir. Eləcə də Hindistandan bu cür ətlər gətirilir. Normal kolbasa və sosis istehsalı ölkədə mövcuddur, ona görə də onların qiyməti aşağı gəlir çıxır. Lakin bununla belə xarici ölkədən gətirilən kolbasa, ət məhsullarının bahalığına əhali inanır. Halbuki onların əksəriyyətinin tərkibində naməlum qatqılar var, bəzən heyvanın dərisi, yaxud beyni həmin məhsula qarışdırılır. Lakin standartlara uyğun məhsul istehsal edən yerli kolbasa sexində belə məsələlər yoxdur. Bununla belə, metro çıxışlarında, 8-ci km bazarında ətinin mənşəyi naməlum olan kolbasa məhsullarının satışını görürük. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlərə Qarşı Mübarizə İdarəsi dəfələrlə regionlardan ölmuş heyvan ətlərinin, at ətinin daşınmasını ifşa edib. Sosis istehsalında toyuqdan da geniş istifadə olunur. Toyuğun əsas yerləri, yəni budu, döşü çıxarılır və ayrı məqsədlə istifadə olunur. Qalan hissəsinin ətləri isə əksər hallarda kolbasa və sosis istehsalına sərf olunur. Bəzən vaxtı keçmiş toyuqlar olur, onlar da istisna olunmur ki, kolbasa istehsalına getsin. Bir sözlə, Azərbaycanda standartlara uyğun təmiz ətdən, kolbasa- sosis məmulatları istehsal edən zavodlar da var. Bütün hallarda istehlakçılar bu malları alan zaman onun etiketinə baxsınlar, buraxılma tarixi və son yararlılıq müddətinə nəzər yetirsinlər. İstehlakçılara əsasən yerli məhsullara üstünlük vermək tövsiyə olunur".