Xankəndidə qürurla dalğalanan Azərbaycan Bayrağı - Aktual

13:05 21.10.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Uzun illərdən sonra Azərbaycanın Dövlət Bayrağı bütün suveren ərazilərimizdə dalğalanmağa başlayıb. Oktyabrın 15-də müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Xankəndi şəhərində və Xocalıda Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu tarixi hadisə milyonlarla azərbycanlının ərazi tüövlüyü bərpa olunmuş, güclü və müstəqil Azərbaycan arzusunun nəhayət həyata keçməsi deməkdir.   

Prezident də Xankəndidə çıxışında bildirib ki, bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək:

«İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır.

Bu illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır.

Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik.

Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir».

Bu tarixi hadisə hər bir azərbaycanlı tərəfindən fərəh və qürur hissi qarşılanır. İctimai-siyasi kəsim Xankəndidə, Xocalıda və digər ərahzilərimizdə Azərbaycan bayrağının dalğalanmasını tarixi və bölgəmizin gələcək inkişafı üçün mühüm siyasi hadisə kimi dəyərləndirir:

“Prezident İlham Əliyev Oktyabrın 15-də yenidən Qarabağa tarixi səfər edərək Xankəndi, Xocalı və Xocavənddə Azərbaycan bayrağını yüksəltdi. Çətin oldu, ağır mərhələ və dövrlərdən keçdik, ancaq Prezident İlham Əliyevin rəhbərliyi, prinsipial və qətiyyətli siyasəti nəticəsində Azərbaycan bu ali məqsədinə də nail oldu”, - deputat Ceyhun Məmmədov bildirir.

Onun sözlərinə görə, Azərbaycan xalqı uzun illərdir səbirsizliklə bu günü gözləyirdi. Bu gün artıq Azərbaycan bayrağı bütün tarixi torpaqlarımızda qürurla dalğalanır:

“Bu gün biz artıq 200 illik tariximizdə, sovet dövründə nəzarətimizdə olmayan ərazilərə nəzarət edirik, həmin ərazilərə sərbəst gedə bilirik.  Bütün bu uğurlara Azərbaycan xalqı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin böyük uzaqgörənlik və müdrikliklə davam etdirdiyi siyasət nəticəsində nail olub. 

Prezident İlham Əliyev buradan həm Ermənistana həm də onun havadarlarına da çox ciddi mesajlar verdi. Təəssüflə qeyd etmək lazımdır ki, hələ də Azərbaycanın öz ərazisində anti-terror tədbirləri həyata keçirməsini həzm edə bilməyən dövlət və beynəlxalq təşkilatlar ölkəmizə qarşı qərəzli və ikili standartlarla yanaşmalarını davam etdirirlər.  Bu gün onları narahat edən həm də məkrli planlarının və xəbis niyyətlərinin qarşısının Prezident İlham Əliyev tərəfindən alınmasıdır”. 

C.Məmmədov hesab edir ki, son hadisələr bir sıra dövlət və beynəlxalq təşkilatların nə qədər riyakar və ikiüzlü olduğunu bir daha göstərdi. Onun sözlərinə görə, 30 il ərzində xalqımızın başına gətirilən müsibətləri görməməzlikdən gələn, siz müharibə edə bilməzsiniz, işğalla barışın deyən bu dövlət və təşkilatlar indi Azərbaycan əleyhinə bəyanat verməkdə növbəyə düzülüblər:

“Görünən odur ki, çox narahatdırlar. Bəs bizim torpaqlar 30 il ərzində işğal altında olanda, yaşayış məskənlərimiz, mədəniyyət abidələrimiz və məscidlərimiz dağıdılanda bu dövlət və təşkilatlar niyə bu qədər narahat deyildilər?

Bu günlərdə həm də Gəncənin ermənilər tərəfindən növbəti dəfə bombalanmasından 3 il ötür. Həmin terror hadisəsi baş verərkən onlar niyə heç bir reaksiya vermədilər? Ermənistan niyə cəzalandırlmadı? Niyə bu ölkəyə qarşı sanksiya tətbiq edilmədi? Bütün bu təzyiq cəhdlərinə və təxribatlara baxmayaraq Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün hədəf və məqsədlərinə nail olacaq”. 

Millət vəkili Sahib Alıyevin sözlərinə görə isə, düz 35 il  düşmənçilik və təfriqə toxumu səpilən, azərbaycanlılarla hayların etnik uyumsuzluğundan dəm vuran Robert Köçəryan kimi ünsürlərin meydan suladıqları Xankəndinin baş  meydanda ilk dəfə sülhə çağırış edildi: «Sülhdən danışan, qarşı tərəfə münasibətləri yoluna qoymağı təklif edən isə  hay nasizminin bütün vəhşiliklərini görmüş bir xalqın lideri idi. İnanmıram  AŞPA və Avropa Parlamentindəki səlibçi təfəkkürlülər, makronyanlılar cənab İlham Əliyevin oktyabrın 15-dəki bu çıxışını dinləyəndə öz sivilizasiyalarından saydıqlarıyla bizim aramızdakı fərqi görüb utansınlar. Onlarda belə bir hiss yoxdur”.

Deputat bildirib ki, həmən çevrələr yaxşı anlayırlar ki, işğal altında olmuş  şəhər və kəndlərinin böyük bir hissəsinin altı üstünə çevrilmiş, xalqı etnik təmizləmə ilə üzləşmiş bir ölkənin Prezidenti üçün bizə qarşı düşmənçilik siyasəti yeritmiş və bu gün də yeridən Ermənistana sülh təklif etmək elə də asan deyil.

S.Alıyev qeyd edib ki, Prezidentimizin indiki davranışının da arxasında ilk növbədə soyuq məntiq dayanır:

“Əksər böyük güclərin əks mövqedə olmalarına rəğmən Azərbaycanın ikinci Qarabağ savaşında qələbə çalması, ərazi bütövlüyünün bərpası və torpaqları üzərində suverenliyinin tam təmini yönündə atdığı ardıcıl addımlar mahiyyətcə, qlobal konyukturanı dəyişən geosiyasi inqilabdır.  Və bu bəlli çevrələrin reallaşdırdıqları rəngli inqilablardan fərqli olaraq dövlətlərin obyektə çevrilməsinə yox, Azərbaycanla yanaşı həm də bütövlükdə regionun subyektliyinin artmasına xidmət edir ki, Fransa kimi bəzi dövlətlərlə gücləri qıcıqlandıran da elə budur.

Ümid etmək istərdim ki, Ermənistanda Azərbaycanın sülh təklifinə müsbət cavabın  onların da subyektliyini artıracağını, cənab İlham Əliyevin haylarla çəkişməsiz  yaşadığımız vaxtları xatırladarkən nədən Qarabağla yanaşı, İrəvan, Göyçə, Zəngəzur və Dərələyəzin adlarını çəkdiyinin fərqindədirlər. Azərbaycan dəfələrlə bildirib ki, hələ sovet dönəmində Qarabağda yaşamış haylarla haydillilərin və doğmalarının geri dönmələrinin əleyhinə deyil. Amma yəqin qarşı tərəf də, onun arxasındakılar da bu dönüş yolunun ikitərəfliliyini, Qərbi Azərbaycanlıların da öz yurdlarına dönməli olduqlarını yaxşı bilirlər. Və onu da yaxşı bilirlər ki, bütün hallarda Azərbaycan öz məqsədinə çatacaq”.

Siyasət rubrikasından digər xəbərlər