Xankəndində Azərbaycan qazı? - Açıqlama

11:22 03.03.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

İşğaldan azad edilmiş ərazilərdə ilkin olaraq Şuşa və Ağdam şəhərlərinin qazlaşdırılması nəzərdə tutulur. Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, bununla əlaqədar olaraq həm magistral qaz xətlərinin çəkilməsi, həm də şəhərdaxili qaz xətləri şəbəkəsinin qurulması üçün layihələndirilmə işlərinə başlanılıb. Şuşa, Ağdam üzrə yeni çəkiləcək qaz xətlərinin marşrut və dəhlizləri müəyyən edilib və sənədlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub: “Layihələndirmə işlərini yaxın vaxtlarda başa çatdırmağı planlaşdırırıq. İşlər başa çatdırıldıqdan sonra maliyyə ayrılacaq və Şuşa şəhərinin qazlaşdırılması ilə bağlı daxili şəbəkənin quraşdırılması işlərinə start veriləcək”, - deyə məlumatda qeyd olunur.

Bəs görəsən, Şuşa və Ağdam şəhərlərinə çəkilməsi planlaşdırılan qaz xəttinin Xankəndinə qədər uzadılması mümkündürmü? Layihədə həmin istiqamətə yeni qaz xəttinin çəkilməsi nəzərdə tutulurmu?

Məsələni dəqiqləşdirmək məqsədilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi ilə əlaqə saxladıq.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev hafta.az-a bildirdi ki, işğaldan azad olunmuş ərazilərin qazlaşdırılması prosesi hələ ki gündəmdə deyil: “Bu barədə danışmırıq, çünki hələ heç nə yoxdur. Bununla bağlı müvafiq qərarlar verilərsə, o halda hansısa işdən danışmaq olar”.