Guya aylardır ərzaq; çörək, yağ, şəkər, o cümlədən ət qıtlığı yaranmış Xankəndində satıcıların hələ də köhnə paslanmış sovet tərəziləri ilə işlədikləri gerçəkdir.
Hafta.az xəbər verir ki, bunu Ermənistanın Hetq.am saytının Xankəndində “ət qıtlığı” haqda yaydığı məlumata əlavə etdiyi foto da təsdiqləyir.
“Artsaxın İnformasiya Qərargahı bildirir ki, son günlərdə görülən təşkilati işlər sayəsində sabahdan Stepanakert şəhərinin bazarına əlavə miqdarda ət məhsulları çıxarılacaq, mal və donuz ətinin 1 kiloqramının maksimum qiyməti 4000 dram təşkil edir.
Satış Stepanakertin ət məhsulları satış məntəqələrində aparılacaq ki, burada spekulyativ alışı istisna etmək üçün polis, dövlət gəlirləri komitəsi və dövlət təftiş komitəsinin əməkdaşları iştirak edəcək”- məlumatda belə deyilir.
Amma maraqlı olan qondarma separatçı-terrorçu rejimin qanunsuz qurumlarının yaydığı bu informasiyalar deyil. Diqqəti cəlb edən, qeyd etdiyimiz kimi, fotodakı erməni qəssabın işlətdiyi paslanmış sovet tərəzisidir. Diqqətlə baxdıqda tərəzinin üzərində “Tümen” yazıldığı görünür.
Tümen - Rusiyanın Sibirdəki şəhərlərindən biridir... O Rusiyanın ki, hazırda yenə də onun Ukraynanı işğal edən sərsəm, diktator liderləri SSRİ-ni bərpa etmək niyyətindədir. O Rusiya ki, onun “sülhməramlı” adlanan hərbi kontingenti Yuxarı Qarabağın ermənilərin məskunlaşdırılmış hissəsinə daxil olandan bəri onlar sosial baxımdan daha da pis günə düşüblər. Bunlar hamısı həmin Moskvanın dəstəyi ilə “həyata keçirilən” paslanmış “Miatsum”, “müstəqil Artsax”, “Böyük Ermənistan” xülyalarının nəticəsidir... Və eyni zamanda Azərbaycanın 44 günlük müzəffər savaşından sonra yenə də o Rusiyanın təhriki ilə ölkəmizlə inteqrasiyadan qaçmağın...