Azərbaycan gənclərinin dövlət hesabına xaricdə təhsil alması üçün bu ilin sentyabrından sənəd qəbuluna başlanılması planlaşdırılıb. Qeyd edək ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın hədəf göstəricisi 2022–2026-cı illərdə, hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək.
Məlumat üçün onu da bildirək ki, 2022-2023-cü tədris ili üçün Dövlət Proqramı üzrə 30 universitetdən 15 prioritet ixtisas sahələri müəyyən edilib. Bunlar əsasən informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, fundamental və tətbiqi elmlər, ictimai səhiyyə, təhsil, ətraf mühit, aviasiya və kosmos, dövlət idarəetməsi, nəqliyyat və logistika, energetika, iqtisadiyyat, maliyyə, arxitektura və dizayn, kənd təsərrüfatı istiqamətləridir. Yeni Dövlət Proqramında demək olar ki, humanitar sahələr üzrə prioritet elan olunan ixtisaslar yoxdur. Eyni zamanda, tibb sahəsi də prioritet ixtisaslar siyahısında yer almayıb. Bəs, görəsən, yeni Dövlət Proqramının prioritet ixtisaslar siyahısında humanitar və tibb sahələrinə hansı səbəbdən yer verilməyib? Yeni prioritet ixtisaslar hansı meyarlar əsasında müəyyənləşdirilib?
Məsələni hafta.az-a şərh edən təhsil eksperti Kamran Əsədov deyib ki, bu Proqram Prezident İlham Əliyevin xaricdə təhsil almaqla bağlı imzaladığı ikinci Dövlət Proqramıdır:
“Daha öncə imzalanan sərəncam 2007-2015-ci illəri əhatə edib. Həmin təhsil proqramında 5000 gəncin xarici ölkələrdə təhsil almağı nəzərdə tutulsa da, 3500 nəfər gənc nüfuzlu universitetlərdə təhsil almağa göndərilmişdi. Hazırda onlar Azərbaycanın əmək bazarında müstəsna fəaliyyətləri ilə xarakterizə olunurlar. Bir sıra özəl sektorlarda rəhbər vəzifələrdədirlər. 2007-2015-ci illərdə xarici ölkələrdə təhsil alan gənclərə 95 milyon manatdan çox vəsait ayrılmışdı. Həmin şəxslər dünyanın aparıcı ali təhsil ocaqlarında Azərbaycanın əmək bazarında ehtiyac olan ixtisaslar üzrə təhsil almışdılar. İndi tamamilə fərqli istiqamət seçilib. 2015-ci ildə təhsilə başlamış tələbə 2022-ci ildə məzun olur. Zəncirin qırılmaması və dayanıqlı iqtisadiyyatın formalaşması üçün xarici ölkələrdə təhsil almış gənclərə böyük ehtiyac var. Budəfəki proqramda tamamilə fərqli və spesifik ixtisaslara yer verilib. Hansı sahədə mütəxəssislərə ehtiyac duyulursa, onların hazırlığına, yetişdirilməsinə üstünlük verilir. Məsələn, hazırda neft-qaz mühəndislərinə, hüquqşünaslara o qədər də ehtiyacımız yoxdur. Ona görə də yeni Dövlət Proqramında prioritet elan olunan ixtisaslara diqqət yetirsəniz görərsiniz ki, siyahıda nəinki humanitar sahələrə, heç neft-qaz sahəsinə də yer verilməyib.
Biz xarici ölkələrə ona görə gəncləri göndəririk ki, onlar Azərbaycanda iqtisadiyyatın, xidmət sektorunun, informasiya texnologiyalarının inkişafına öz töhfələrini verə bilsinlər. Yəni, əmək bazarında daha çox hansı kadrlara ehtiyac varsa, həmin istiqamətlər üzrə kadr hazırlığına diqqət yetirilir. Digər bir tərəfdən yeni Proqramda uyğun təhsil müəssisələrində bakalavriat və əsas etibarı ilə magistratura səviyyələrində Azərbaycan gənclərinin təhsili üçün imkan yaradılıb. Bu da öz növbəsində müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrların daha tez hazırlanmasına töhfə verəcək. Çünki bakalavriat pilləsindən fərqli olaraq magistratura pilləsində təhsil müddəti az olduğundan həm ixtisaslı kadr hazırlanmasına daha az vaxt sərf olunacaq, həm də vəsait az xərclənəcək. Bu da peşəkar kadrların əmək bazarına sürətlə inteqrasiyasına imkan yaradacaq”.
Tibb ixtisaslarının gənclərin xaricdə təhsil proqramına salınmamasının səbəbinə gəlincə, ekspert bildirib ki, bu sahəyə investisiya qoymaq sərfəli deyil: “Düzdür, bizdə peşəkar həkimlərə ehtiyac var. Amma dünyada bu təhsilin xüsusi tədris forması mövcuddur. Məsələn, tibb təhsilinin uzunmüddətli olması, eləcə də maliyyənin bahalı olması və s. qoyulan investisiyanın geri qayıtmasında ciddi problemlər yaradır. Ona görə də bu sahə prioritet ixtisaslar siyahısına daxil edilməyib”.