Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri, Füzuli və Şuşaya gedişi iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə yüksəldiyini göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilir.
“Azərbaycan və Türkmənistan Xəzər hövzəsinin iki mühüm dövləti olaraq Avrasiya nəqliyyat xəritəsində xüsusi yer tuturlar”
Siyasi şərhçi Bəhruz Quliyev bildirir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri çərçivəsində Şuşa və Füzuliyə getməsi sadəcə protokol xarakterli səfər deyil, bu, çox ciddi siyasi məzmun daşıyan addımdır.

Şuşa Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və tarixi ədalətin bərpasının simvoludur.
O, qeyd edib ki, Türkmənistan liderinin bu şəhərə səfəri Azərbaycanın Qarabağ üzərində tam suverenliyinə verilən açıq siyasi dəstək kimi qiymətləndirilməlidir. Eyni zamanda bu səfər göstərir ki, Azərbaycan-Türkmənistan münasibətləri ənənəvi dostluq çərçivəsindən çıxaraq strateji tərəfdaşlıq mərhələsinə daxil olub. Dövlət başçılarının qarşılıqlı etimadı və ortaq maraqları Xəzər regionunda yeni əməkdaşlıq imkanları yaradır:
“Azərbaycan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma layihələrini xarici liderlərə təqdim etməklə beynəlxalq ictimaiyyətə çox mühüm mesaj verir. Bu mesaj ondan ibarətdir ki, Azərbaycan müharibədən sonra regionda sülh, inkişaf və əməkdaşlıq gündəmini həyata keçirir.
Qarabağda inşa olunan hava limanları, avtomobil yolları, yaşayış məntəqələri, enerji və kommunikasiya infrastrukturu dövlətimizin iqtisadi gücünü və idarəetmə imkanlarını nümayiş etdirir. Xarici dövlət başçılarının bu proseslə yerində tanış olması Azərbaycanın beynəlxalq nüfuzunu artırır, investisiya cəlbediciliyini gücləndirir və ölkəmizin regionun əsas inkişaf mərkəzi kimi mövqeyini möhkəmləndirir”.
B.Quliyev bildirir ki, Azərbaycan və Türkmənistan Xəzər hövzəsinin iki mühüm dövləti olaraq Avrasiya nəqliyyat xəritəsində xüsusi yer tuturlar. Hazırda Orta Dəhlizin əhəmiyyətinin artması fonunda Bakı və Aşqabad arasında əməkdaşlıq yeni mərhələyə keçir. Nəqliyyat və logistika sahəsində Xəzər dənizi üzərindən yükdaşımaların artırılması, liman infrastrukturlarının inteqrasiyası və tranzit imkanlarının genişləndirilməsi əsas istiqamətlərdəndir.
Ekspertin fikrincə, enerji sektorunda isə tərəflər həm ənənəvi enerji resursları, həm də yaşıl enerji layihələri üzrə əməkdaşlıq imkanlarını genişləndirə bilərlər:
“Bu əməkdaşlıq təkcə iki ölkəyə deyil, bütövlükdə Türk dünyasına və Avrasiya məkanına əlavə iqtisadi dividendlər qazandıracaq. Azərbaycan artıq Şərqlə Qərbi birləşdirən mühüm logistika mərkəzinə çevrilib və Türkmənistan da bu prosesdə strateji tərəfdaş kimi çıxış edir. Sərdar Berdiməhəmmədovun Azərbaycana və xüsusilə Şuşaya səfəri Türk dünyasında inteqrasiyanın dərinləşdiyini göstərən mühüm siyasi hadisələrdən biridir. Bu gün Türk dövlətləri arasında iqtisadi, siyasi, humanitar və nəqliyyat əlaqələri sürətlə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsləri və Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən layihələr bu prosesə ciddi təkan verir.
Türkmənistanın da Türk dünyası ilə əməkdaşlığını genişləndirməsi ümumi inteqrasiya proseslərinə əlavə dinamika qazandırır. Şuşaya edilən səfər ortaq tarixə, mədəniyyətə və strateji maraqlara söykənən əməkdaşlığın daha da möhkəmləndiyini nümayiş etdirir. Bu baxımdan, səfər yalnız ikitərəfli münasibətlər kontekstində deyil, həm də Türk dünyasının vahid siyasi-iqtisadi məkan kimi formalaşması istiqamətində atılan növbəti mühüm addım kimi qiymətləndirilməlidir”.
“Azərbaycan və Türkmənistan bu baxımdan Xəzərin iki sahilində yerləşən tamamlayıcı tərəfdaşlardır”
Siyasi şərhçi Əkbər Qoşalı bildirir ki, Sərdar Berdiməhəmmədovun Şuşaya səfəri Azərbaycan-Türkmənistan münasibətlərində diplomatik jestdən daha çox, ortaq tarixi yaddaşın, mədəni köklərin və gələcək strateji hədəflərin təsdiqi kimi qiymətləndirilə bilər.

Şuşa artıq bütövlükdə Türk dünyasının mənəvi paytaxtlarından birinə çevrilməkdədir.
Ə.Qoşalı qeyd edib ki, Türkmənistan Prezidentinin bu şəhərə səfəri Azərbaycanın ərazi bütövlüyünə və Qarabağ üzərində suverenliyinə verilən açıq siyasi dəstəyin ifadəsidir:
“Bu səfər həm də onu göstərir ki, Xəzərin iki sahilində yerləşən qardaş dövlətlər münasibətlərini enerji və ticarət müstəvisindən daha geniş geosiyasi, geokulturoloji müstəvidə inkişaf etdirmək niyyətindədir. Türk xalqlarının tarixi yaddaşı parçalanmır, əksinə, yenidən vahid mənəvi coğrafiyaya çevrilir.
Çağdaş geosiyasətdə daşımalar, dəhlizlər iqtisadi layihə olmaqdan çıxıb, strateji təhlükəsizlik və təsir alətinə dönüb. Azərbaycan və Türkmənistan bu baxımdan Xəzərin iki sahilində yerləşən tamamlayıcı tərəfdaşlardır. Orta Dəhlizin inkişafı fonunda Türkmənistan limanları ilə Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında işbirliyinin genişlənməsi Avrasiyanın yeni logistik xəritəsini formalaşdırır. Çin -Türkistan (Mərkəzi Asiya) - Xəzər - Azərbaycan - Türkiyə marşrutu getdikcə daha böyük önəm qazanır.
Enerji sahəsində isə işbirliyinin perspektivi yalnız karbohidrogenlərlə məhdudlaşmır. Gələcəkdə yaşıl enerji, elektrik enerjisinin ötürülməsi, Xəzər bölgəsinin vahid enerji əməkdaşlığı modeli kimi istiqamətlər də ön plana çıxa bilər.
Başqa sözlə, Bakı ilə Aşqabad arasında qurulan körpü Türküstan (Mərkəzi Asiya) ilə Avropanı birləşdirən strateji arteriyaya çevrilməkdədir”.