Xirosima faciəsinin 85 yaşlı şahidi ingiliscə öyrənir - gördüklərini dünyaya çatdırmaq üçün

10:18 17.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

II Dünya Müharibəsində ABŞ tərəfindən Xirosimaya atılan atom bombasından sağ çıxan 85 yaşlı Teruko Yahata yaşadıqlarını təsvir etmək üçün ingilis dilini öyrənib.

Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, Xirosima Sülh Memorial Muzeyində çıxış edən Yahata, 1945-ci il avqustun 6-da, hücumun baş verdiyi səhər yaşanan hadisələri təsvir etməyə çalışıb.

Doğma şəhəri Xirosimaya atom bombası atılanda 8 yaşı olan Yahata təxminən 5 il əvvəl kurs keçərək ingilis dilini öyrənməyə başlayıb. Təcrübələrini daha geniş auditoriyaya çatdırmaq istədiyi üçün bu yolu seçdiyini deyən Yahata ingiliscə oxumağı öyrəndikdən sonra müxtəlif ölkələrdə təqdimatlar edib.

Hirosima Sülh Xatirə Muzeyində oxuduğu mətni yapon dilində yazan Yahata müəlliminin ingilis dilinə tərcümə etdiyi cümlələri oxuyaraq qorxulu anlarını bölüşüb. "Öz səsimlə o qorxunc atom bombasının dəhşətli gücünü, faciəli, ürəkağrıdan səhnələr və kədərlə bağlı öz təcrübəmi bölüşəcəyəm" deyib Yahata.

Danışıqları dinləməyə gələn Britaniya vətəndaşı Denis Hickson, Yahatanın təqdimatının təsirindən söz açıb: "O, bunu bu gün baş verən kimi danışır, hadisəni insanlara hiss etdirir".

ABŞ II Dünya Müharibəsinin sonuna yaxın Yaponiyaya iki atom bombası atıb. Xirosimadakı hücumda 126 minədək dinc sakindən əlavə, 20 min də əsgər həlak olub.

Avqustun 9-da Naqasakiyə atılan atom bombası nəticəsində 80 minə yaxın mülki şəxs və 150 ​​hərbçi dünyasını dəyişib.

Yaponiyanın Baş naziri Fumio Kişida cümə günü Xirosimada keçiriləcək G7 Liderlər Zirvə toplantısında “nüvə silahı olmayan dünya” mesajını çatdırmaq üçün ölkəyə gedən liderlərə Hirosima Sülh Memorial Muzeyini göstərəcək.

Kişida zirvədən əvvəl verdiyi açıqlamada, "Nüvə silahsızlanması işlərinin başlanğıcı olaraq nüvə hücumunun reallığını elan edə bilmək vacibdir" deyib.