Məlum olduğu kimi, bu il ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edən 66 724 nəfərdən 48 841 nəfəri (o cümlədən 4 927 subbakalavr) tələbə adını qazanıb. 23 044 (o cümlədən 253 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 25 797 (o cümlədən 4 674 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Eyni zamanda, bu il 1 nəfər beynəlxalq fənn Olimpiadası, 46 nəfər respublika fənn olimpiadası, 83 nəfər beynəlxalq idman yarışlarının qalibi olduğu, 22 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (IB Diploma Programme) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.
Bundan əlavə, 192 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 190 abituriyent isə ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub. Həmçinin, I ixtisas qrupu üzrə 135 abituriyent Azərbaycan-Fransız Universitetinə (UFAZ), 116 abituriyent Koreya Respublikasının İNHA Universitetinin mühəndislik ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində beynəlxalq İkili Diplom Proqramı çərçivəsində Bakı Mühəndislik Universitetinə, IV ixtisas qrupu üzrə 125 abituriyent İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, 65 abituriyent (I-IV ixtisas qrupları üzrə) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunub.
Bəs, görəsən, bu gün abituriyentlərin xüsusi təyinatlı ali təhsil müəssisələrinə marağı nə dərəcədədir? Daha çox hansı xüsusi təyinatlı təhsil müəssisəsinə maraq böyükdür? Bu müəssisələrə keçid balları necə dəyişir və qız abituriyetlərin bu müəssisələrə marağı varmı? İldə təxminən neçə abituriyent xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul olur?
Yeri gəlmişkən
Xüsusi təyinatlı ali təhsil müəssisələrinə aşağıdakılar aiddir:
1. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
2. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası
3. Daxili İşlər Nazirliyinin Polis Akademiyası
4. Azərbaycan Respublikası DİN Daxili Qoşunlarının Ali Hərbi Məktəbi
5. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası
6. Fövqəladə Hallar Nazirliyinin Akademiyası
7. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası
Mövzu barədə hafta.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, son illər abirutiyentlər xüsusi təyinatlı ali təhsil müəssisələrinə böyük maraq göstərirlər: Bu gün bizdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Azərbaycan Respublikası DİN Daxili Qoşunlarının Ali Hərbi Məktəbi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası və Dövlət Gömrük Komitəsinin Akademiyası xüsusi təyinatlı ali təhsil müəssisələri statusunu daşıyırlar. Abituriyentlər Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasına, Daxili İşlər Nazirliyinin Polis Akademiyasına böyük maraq göstərirlər. Bunlarla paralel olaraq, abituriyentlər seçim zamanı Fövqəladə Hallar Nazirliyinin Akademiyasına və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə üstünlük verirlər. Bu müəssisələrə qəbul olan abituriyentlərin sayında da son illər kəskin artım müşahidə olunur. Balların formalaşmasına gəlincə, bu müəssisələrə qəbul olan abituriyentlərin balı əsasən 450-dən yuxarı, bəzi ixtisaslar üzrə hətta 550 baldan yüksək olur. Amma il ərzində konkret neçə məzunun bu müəssisələrə qəbul olduğu rəsmi olaraq açıqlanmır”.
Ekspert vurğulayıb ki, bu təhsil müəssisələrinə qəbul olan əsas kontingent sayı oğlanlar olsa da, qız abituriyentlərin də xüsusi təyinatlı ali təhsil müəssisələri marağı var: “Qız abituriyentlər maraq göstərirlər. Amma qəbul olanların sayı çox olmur. Çünki həmin məktəblərə qəbul olmaq üçün xüsusi normativlər var ki, əksər hallarda qızlar həmin normativləri yerinə yetirə bilmirlər”.
Yeri gəlmişkən, bu yaxınlarda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də jurnalistlərə açıqlamasında deyib ki, xüsusi təyinatlı ali təhsil müəssisələrinə maraq artıb. O, xüsusi təyinatlı ali məktəblərə keçid balları və neçə nəfərin qəbul olunduğu barədə məlumatı açıqlaya bilməyəcəyini qeyd edib. Amma DİM sədri bununla yanaşı bildirib ki, III qrupa imtahan verən istedadlı gənclər həmin məktəbləri seçirlər: "Orada əsas kontingent 500 baldan yuxarı nəticə göstərən oğlanlardır. Heç kimi məcburi hansısa ixtisasa göndərmək olmaz. Onlar öz sahələrini istəyərək seçirlər. Ali hərbi məktəblərdə də oxumaq istəyən kifayət qədər yüksək bal toplamış abituriyentlər var. Bu cür vacib ixtisaslara savadlı insanların maraq göstərməsi müsbət haldır".