“Yağ idxalı tam olaraq inhisarçının əlindədir – QİYMƏT UCUZLAŞMAYACAQ”

16:42 21.12.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Hökümətin kərə yağının ilə bağlı verdiyi qərar bazarda heç bir rol oynamayacaq. Ona görə ki, bu sahə inhisardadır, yəni, idxal tam olaraq inhisarçının əlindədir. İidxalçının rəqibi yoxdur. Bazarda rəqib olmadığından idxalçı bazara istədiyi qiyməti diktə edir, heç bir tərəddüdlə üzləşmir”. Bunu hafta.az-a açıqlamasında Nazirlər Kabinetinin dekabrın 17-də ölkəyə idxal edilən yağlarla bağlı qərarına münasibət bildirən iqtisadçı-ekspert Akif  Nəsirli bildirib.

Onun sözlərinə görə, kərə yağının qiymətinin hər gün bahalaşması məsuliyyətinin bir hissəsi hökumətinin bu qərarının icrasına nəzarət edən qurumların üzərinə düşür. Ekspert hesab edir ki, bu sahayə nəzarət etməyə məsul olan qurumların işbazların özbaşınalığına göz yumması, onlara şərait yaratması nəticəsində möhtəkirlərin hökumətin mövcud qərarına kağız parçası kimi yanaşmasına gətib çıxarıb.

“Hökumət kərə yağının qiymətini minimum həddə saxlamaqla, ƏDV-dən azad etməklə, idxal rüsumunu artırmamaqla çalışır ki, ölkə daxilində kərə yağının qiyməti aşağı düşsün. Bu normal bir mexanizmdir, hökumətin əlindən gələni etməsidir. Amma hökumət onu da bilməlidir ki, kərə yağının idxalçıları da digər seqmentlərin idxalçısı kimi inhisarçılardır.

İnhisarçılıq da elə bir şeydir ki, burada bazara tək sahib olan adam, sahibkar heç zaman qiyməti bahalaşdırmaqda tərəddüd etmir. Yəni bazarda onun rəqibi olmadığına görə o məhsula istədiyi qiyməti qoyur. Məsələ burasındadır ki, bazar iqtisadiyyatı mexnizminin normal işlədiyi ölkələrdə inhisarçılıq minimumdur, bazarda rəqabət mühiti var, ona görə də sahibkar qiymətləri qaldırarkən çox geniş spekrtli tədqiqatlar, araşdırmalar aparır ki, mən qiyməti qaldırmaqla rəqiblərə uduzaram ya yox.

Ona görə də o cür rəqabət mühiti olan ölkələrdə sahibkarlar adətən qiyməti qaldırmaqda maraqlı olmur, hətta qiymətləri mümkün qədər aşağı salmaqda maraqlı olur. Qiymətlərin aşağı salınmasında və keyfiyyətin yüksəldilməsi sahəsində də rəqibləri ilə mübarizə aparırlar. Çox təəssüflər olsun ki, Azərbaycanda inhisarçılıq olduğuna və rəqabət mühiti zəif olduğuna görə sahibkarlar çox asanlıqla qiymətləri istədikləri qədər qaldırırlar. Hökumətin də bu qanunsuz qiymət artımına qarşı heç bir qanuni təsir vasitələri, rıçaqları yoxdur. Düzdür, bazar iqtisadiyyatında hökumətin qiymət qoymaq məsələsi yoxdur, qiyməti bazar tənzimləməlidir. Hətta 2 il bundan əvvəl belə bir informasiya yayılmışdı ki, Yeni Zellandiyada kərə yağının qiyməti qalxıb. Onu əsas gətirərək qiyməti təxminən 30 faiz bahalaşdırdılar.

Amma şəxsən mən araşdırma aparmışam və aydın olub ki, həmin dövrdə Yeni Zellandiyada kərə yağının qiyməti heç də qalxmayıb. Yəni Azərbaycana Yeni Zellandiyadan idxal olunan kərə yağının qiymətində bu ölkədə heç bir dəyişiklik olmayıb. Sadəcə olaraq yağ idxalçıları məqsədyönlü şəkildə qiymətləri bahalaşdırmaq üçün hətta dezinformasiyaya əl atmaqdan çəkinmirlər. Belə bir şəraitdə dövlət nə güzəşt etsə də, daxili bazara təsir etməyəcək. Bununla bağlı dövlətin yeganə yolu bazarda rəqabət mühitini formalaşdırmaqdır, inhisarçılığı aradan qaldırmaqdır. Əgər hökumət istəyirsə ki, Azərbaycanda kərə yağının qiyməti normallaşsın, tənizmlənsin, o zaman ölkəyə kərə yağı idxalını inhisardan çıxarmalıdır. Çalışmalıdır ki, çoxsaylı sahibkarlar kərə yağını idxal etsin, təkcə bir sahibkar etməsin. Əks təqdirdə, qiymətlər aşağı düşmək əvəzinə, yenə də bahalaşacaq, çünki bahalaşma bütün dünyada gedir”.

A.Nəsirov habelə vurğulayıb ki, beynəlxalq normalara görə hər bir insan il ərzində 400 litr süd istehlak etməlidir:

“Azərbaycandakı istehlak səbətində isə bunun həcmi 200 litrdir. Bu o deməkdir ki, Azərbaycan vətəndaşının südə olan illik tələbatının ən yaxşı halda 50 faizini yerli istehsal ödəyə bilir. Bu siyahıda kərə yağı isə təxminən 30-40 faiz yerli istehsal hesabına ödənilir. Digər tərəfdən hazırda bizim iri komplekslərimiz yoxdur ki, kərə yağı istehsal etsinlər. Bizdə adətən bu sahə xırda istehsalçıların ümidinədir. Əgər bu gün bazarı araşdırsaq görərik ki, bazarda kərə yağı çox az həcmdədir. Çünki kilosu 20-22 manata satılan kərə yağı istehlak etmək artıq çox adamın cibinə uyğun deyil. İnsanlar daha çox marqarin və digər yağları alıb kərə yağı adı ilə istifadə edirlər”.

Xatırladaq ki, ötən həftə hökümət kərə yağının qiymətinin artmaması ilə bağlı qərar qəbul edilib. Baş nazir Əli Əsədovun imzaladığı qərarla “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilib. Qərara əsasən, kərə yağı, süddən hazırlanmış digər yağların idxal rüsumuna tətbiq olunan güzəştin müddəti 31.12.2023 tarixinədək uzadılıb.

Nazirlər Kabinetinin bununla bağlı yaydığı məlumatında qeyd edilir ki, qərarın qəbul edilməsi ilə kərə yağı, süddən hazırlanmış digər yağlar və süd pastalarının idxalı üzrə rüsum güzəştinin qüvvədə olma müddətinin uzadılması nəticəsində istehlak qiymətlərində sabitliyin təmin olunması və kərə yağı məhsulları ilə təminatın səviyyəsinin qorunub saxlanılması proqnozlaşdırılır.