Yalnız Moskvada işçi çatışmazlığı yarım milyonu keçir

09:30 14.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moskva Bələdiyyəsinin məlumatına görə, Moskva ciddi işçi çatışmazlığı ilə üzləşir: hazırda şəhər iqtisadiyyatının təxminən 500 min işçiyə ehtiyacı var və proqnozlara görə, 2027-ci ilə qədər bu rəqəm 780 min işçiyə qədər artacaq.

Hafta.az-ın yazdığına görə, Moskva bələdiyyəsinin saytında yerləşdirilən xəbərdə deyilir: “Günümüzdə bu, şəhərin iqtisadi inkişafı üçün ən mühüm çağırışlardan biridir və müvafiq cavab tədbirləri əmək məhsuldarlığının artırılmasını, işçi qüvvəsinin təlimi və yenidən hazırlanmasının genişləndirilməsini tələb edir”.

Rəsmilər yayda Beynəlxalq Əmək Təşkilatının metodologiyasına əsaslanaraq şəhərdə işsizlik səviyyəsinin 2023-cü ildə 1,8 faiz olduğunu bildirdilər. Sergey Sobyanin 2024-cü ildə işsizlik səviyyəsinin 0,3 faiz olacağını açıqlayıb.

Məsələ ilə bağlı məlumat verən “Moskviçmaq” jurnalı qeyd edib ki, bu məlumatlara inansaq, demək olar ki, heç kim Moskvada iş axtarmır. Çünki Sobyanin yazırdı ki, artıq hərə bir işdə işləyir.

Ən böyük işçi çatışmazlığı pərakəndə ticarət sahəsindədir. İyun ayında Pərakəndə Ticarət Şirkətləri Assosiasiyası cari işçi çatışmazlığının son 20 ilin ən ciddi kəsiri olduğunu açıqladı. Assosiasiyanın məlumatına görə, qida zəncirlərində açıq vəzifələrin sayı 2022-ci ildən bəri demək olar ki, 60 faiz, qeyri-ərzaq sektorlarında isə 50 faiz artıb, CV-lərdəki artım isə hətta 5 faizə belə çatmayıb.