Yanvar-may ayları ərzində 4 tona yaxın narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən götürülüb

16:22 16.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cari ilin yanvar-may ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 5016 cinayət faktı aşkarlanıb. Onlardan 1707-si narkotik vasitələrin qanunsuz satışı, 3185-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 96-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 28-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Bu barədə hafta.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 3 ton 765 kiloqram 317,349 qram narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 369 kiloqram 279,554 qramını heroin, 1 ton 993 kiloqram 649,769 qramını marixuana, 139 kiloqram 597,411 qramını tiryək, 44 kiloqram 235,402 qramını həşiş, 215 kiloqram 818,084 qramını psixotrop maddələr, 2 kiloqram 737,13 qramını digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 27028 ədəd həb metadon, 5269 ədəd çətənə bitkisi, eləcə də 1 kiloqram 026,568 qram, 4421 ədəd kapsul və 953 ədəd həb güclü təsir edən maddə və 40,682 qram prekursor qanunsuz dövriyyədən götürülüb.