“Prezident Ilham Əliyevin hər bir təşəbbüsü bəşəri məsələlərə xidmət edir. Bununla bağlı misallar çoxdur. Cənab Prezidentin koronavirusla əlaqədar BMT-nin xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü, orada səslənən fikirlər, eləcə də dünya ölkələrinin bu təşəbbüsü yüksək qiymətləndirməsi göstərir ki, Azərbaycanın dövlət rəhbəri humanitar sahədə, insanların sağlamlığının qorunması, firavan həyatı üçün əlindən gələni əsirgəmir. Digər tərəfdən Azərbaycan Prezidenti daimi olaraq beynəlxalq təşkilatların tribunalarında insanların rifahı, onların sağlamlığı, nümunəvi həyat yaşamı üçün öz təşəbbüslərini irəli sürür və bu çağırışlar də dəstəklənir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Prezidenti üçün insan amili olduqca ömənlidir və onun bu istiqamətdə irəli sürdüyü təşəbbüslər dünya ölkələrinin rəhbərlərinə bir nümunədir. Şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli istiqamətində atılan təxirəsalınmaz addımlar da bunun bariz nümunəsidir. Bu mənada “YAŞAT” Fondunun yaradılması ölkə Prezidentinin alicənab, nəcib təşəbbüsünün bəhrəsidir”.
Bunu hafta.az-a açıqlamasında millət vəkili Tahir Rzayev bildirib.
Millət vəkili deyib ki, bu günədək Azərbaycan dövləti şəhid ailələri, müharibə əlilləri və digər bu kateqoriyadan olan şəxslərin sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib: “Şəhidlərimiz, qazilərimiz bizim üçün əzizdir. Biz hər birimiz onların qayğısını çəkməli, diqqətlə yanaşmalıyıq. Ölkə rəhbəri də bunu daima vətəndaşlarımıza tövsiyyə edir və özünün fəaliyyəti ilə bu nümunəni göstərir. Əlbəttə ki, “YAŞAT” Fondunun yaradılması alqışlanmalıdır. Azərbaycan Ordusu, Azərbaycan əsgəri Vətən müharibəsində özünün qətiyyətli sözünü dedi və çox böyük şücayət göstərərək işğal olunmuş ərazilərimizi azğın düşməndən azad etdi. Bu böyük bir tarixdir, çox mühim bir qələbədir. Çünki Azərbaycan əsgərinin, zabitinin göstərdiyi şücayətlər tarixi yaddaşdır və bu Azərbaycanın hərb tarixinə yazılan unudulmaz səhifələrdir. Bunu tək biz demirik. Bunu dünyanın nüfüzlu hərbi mütəxəssisləri, siyasətçiləri də bildirirlər. Ona görə də “YAŞAT” Fondunun yaradılması həm Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların, həm də şəhid ailələrinin təminatına hərtərəfli dəstək verilməsi baxımından vacibdir. Bu fondun yaradılması həm də cəmiyyətə vacib bir mesaj verir. Belə ki, şəhid ailələrinə, qazilərə göstərilən qayğını, diqqəti hiss edəndə vətəndaşlarımızın Vətənə, xalqa bağlılığı daha da yüksələcək, insanlarımızda vətənpərvərlik duyğuları daha da artacaq. Biz bu duyğuları 44 günlük Vətən müharibəsində mübarizə aparan oğullarımızda ən yüksək səviyyədə gördük və bununla da fəxr edirik. Bu duyğuları, bu birliyi yaşatmaq ən ümdə borcumuzdur. Düşünürəm ki, ölkə Prezidentinin bu təşəbbüsünə bütün Azərbaycan xalqı qoşulacaq. Hesab edirəm ki, şəhid ailələrinin, qazilərin yaxşı yaşaması, onların öz dərdlərini qismən də olsa unutması üçün Azərbaycan xalqı, Azərbaycan dövləti əlindən gələni əsirgəməməlidir. Bu insanlar bizim başımızın tacı, fəxrimiz, iftixarımız, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən əzizlərimizin yaxınları və öz fiziki sağlamlığını itirən insanlarımızdır. Onlara hörmət, qayğı daimidir, onların şücayətləri heç vaxt unudulmayacaq və onların adı həmişə bizim qəlbimizdədir”.