Yay aylarında iştahadan niyə kəsilirik?

11:03 16.07.2026 Müəllif:Arzu Zeynallı
Yazını böyüt
Yazını kiçilt

Enerji tələbatı azaldığı üçün beynin iştah mərkəzinə göndərilən siqnallar da dəyişir və nəticədə insan əvvəlki qədər aclıq hiss etmir"

Yay aylarında insanların əksəriyyətinin “İştaham yoxdur”, “Yemək istəmirəm”, “Gün ərzində yalnız maye qəbul edirəm” kimi şikayətləri ilə üzləşirik. Bəziləri bunu normal hal hesab etsə də, bəzən iştahanın azalması orqanizmdə baş verən fizioloji dəyişikliklərin nəticəsi, bəzi hallarda isə müəyyən xəstəliklərin ilkin əlaməti ola bilər.

Mövzu ilə bağlı Hafta.az-a danışan terapevt Nərminə Abbasova deyir ki, buna görə də yay mövsümündə qidalanmaya diqqət yetirmək və iştahanın azalmasının səbəblərini öyrənmək lazımdır.

Terapevt qeyd edir ki, insan orqanizmi ətraf mühitin temperaturuna uyğunlaşmaq qabiliyyətinə malikdir. Havanın temperaturu yüksəldikcə bədən istiliyini sabit saxlamaq üçün müxtəlif mexanizmlər işə düşür.

“Güclü tərləmə, qan damarlarının genişlənməsi və maddələr mübadiləsində baş verən dəyişikliklər nəticəsində orqanizm daha az enerji sərf etməyə çalışır. Enerji tələbatı azaldığı üçün beynin iştah mərkəzinə göndərilən siqnallar da dəyişir və nəticədə insan əvvəlki qədər aclıq hiss etmir”, həkim deyir.

Terapevtin sözlərinə görə, yüksək temperatur zamanı susuzlaşma riski də artır:

“Maraqlıdır ki, insanlar bəzən susuzluğu aclıq kimi deyil, əksinə, iştahasızlıq kimi hiss edirlər. Orqanizmdə maye çatışmazlığı olduqda həzm sistemi də əvvəlki kimi aktiv fəaliyyət göstərmir, mədə şirəsinin ifrazı azalır və qida qəbuluna maraq zəifləyir”.

Nərminə xanım vurğulayır ki, yay aylarında həyat tərzində baş verən dəyişikliklər də iştahın azalmasına təsir göstərir. İnsanlar daha çox sərin içkilər qəbul edir, meyvə və tərəvəzlə qidalanmağa üstünlük verir, ağır yağlı yeməklərdən uzaq dururlar. Bu, müəyyən mənada sağlam seçim olsa da, gün ərzində yalnız meyvə və ya şirələrlə qidalanmaq düzgün deyil:

“Çünki orqanizmin zülal, vitamin, mineral və digər qida maddələrinə olan ehtiyacı fəsildən asılı olmayaraq qalır. Bəzi insanlar isti havalarda yalnız axşam saatlarında yemək yeməyə üstünlük verirlər. Bu isə gün ərzində uzun müddət ac qalmağa, axşam isə həddindən artıq qida qəbuluna səbəb olur. Belə qidalanma rejimi həzm sisteminə əlavə yük yaradır, mədə yanması, köp, həzmsizlik və çəki artımı ilə nəticələnə bilər.

İştahanın azalması hər zaman isti hava ilə əlaqəli olmur. Əgər iştahasızlıq uzun müddət davam edirsə, sürətli çəki itkisi, halsızlıq, ürəkbulanma, qarın ağrısı, qızdırma və ya digər narahatedici əlamətlərlə müşayiət olunursa, mütləq həkim müayinəsinə ehtiyac var. Çünki bu hal mədə-bağırsaq sistemi xəstəlikləri, qaraciyər problemləri, qalxanabənzər vəz xəstəlikləri, infeksiyalar və ya digər ciddi sağlamlıq problemlərinin göstəricisi ola bilər. Xüsusilə yaşlı insanlar, azyaşlı uşaqlar, hamilə qadınlar və xroniki xəstəlikləri olan şəxslər yay aylarında qidalanmalarına daha həssas yanaşmalıdırlar. Bu qruplarda iştahasızlıq qısa müddətdə maye-elektrolit balansının pozulmasına və ümumi sağlamlıq vəziyyətinin pisləşməsinə səbəb ola bilər”.

Terapevt yay mövsümündə düzgün qidalanmaq üçün bir neçə sadə qaydaya əməl etməyi tövsiyyə etdi. Bildirdi ki, gün ərzində kifayət qədər su içmək, qidaları az-az, lakin tez-tez qəbul etmək, mövsümi meyvə və tərəvəzlərdən istifadə etmək, yağlı və ağır yeməkləri azaltmaq, süd məhsulları, balıq və yağsız ət kimi zülal mənbələrini rasiondan çıxarmamaq lazımdır. Həmçinin qidaların saxlanma şəraitinə ciddi diqqət yetirilməlidir:

“Yayda qida zəhərlənmələri daha çox müşahidə olunduğundan tez xarab olan məhsulların düzgün temperaturda saxlanılması vacibdir. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, iştahanın müəyyən qədər azalması yay aylarında orqanizmin təbii reaksiyası hesab oluna bilər. Lakin bu vəziyyət uzunmüddətli olarsa və ya sağlamlıqla bağlı digər əlamətlərlə müşayiət olunursa, bunu yalnız mövsümlə əlaqələndirmək düzgün deyil. Vaxtında həkimə müraciət etmək mümkün xəstəliklərin erkən aşkar olunmasına və daha effektiv müalicəsinə imkan verir.

Sağlam həyat tərzi, düzgün qidalanma, kifayət qədər maye qəbulu və günün daha sərin saatlarında fiziki aktivlik həm iştahanın tənzimlənməsinə, həm də yay mövsümünü sağlam şəkildə keçirməyə kömək edən əsas amillərdir”.