DSX-nin hərbi hissəsində “Açıq qapı” günü təşkil edilib

13:10 15.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissəsində “Açıq qapı” günü keçirilib.

Hafta.az xəbər verir ki, DSX-nin mətbuat mərkəzinin məlumatına görə, “Lənkəran” sərhəd dəstəsində keçirilən tədbirdə hərbi qulluqçuların valideynləri və yaxınları sərhədçilər üçün yaradılan xidmət və sosial-məişət şəraiti ilə yaxından tanış olublar.

Tədbirdə vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində sərhəd mühafizəsi sistemi müasir tələblərə uyğun olaraq daim təkmilləşdirilir, şəxsi heyətin xidmət və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Dövlət qayğısı sərhədçilərin peşəkarlığının artırılmasına, onların mənəvi-psixoloji hazırlığının möhkəmləndirilməsinə və xidməti fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə mühüm töhfə verir.

Çıxışlar zamanı valideynlər övladlarının xidmətindən məmnunluqlarını ifadə edib, şəxsi heyət üçün yaradılan şəraitə və göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Tədbirin davamında xidmətdə fərqlənən hərbi qulluqçular və nümunəvi yanaşma sərgiləyən valideynlər fəxri fərmanla təltif olunub, xatirə fotoşəkilləri çəkilib. Daha sonra qonaqlar əsgər yataqxanaları, yeməkxana, tibb məntəqəsi, idman zalı və digər inzibati binalarla tanış olub, xidmətin təşkili istiqamətində görülən işləri yerində müşahidə ediblər.

Tədbirin sonunda isə valideynlər və hərbi qulluqçuların iştirakı ilə birgə nahar təşkil edilib, səmimi söhbətlər aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.