Yeni ildən bəri 65 min immiqrant Rusiyadan deportasiya edilib

09:20 15.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyinin (DİN) rəsmi nümayəndəsi İrina Volk 2024-cü ilin əvvəlindən 120 min xarici vətəndaşın Rusiyaya girişinin dayandırıldığını və 65 min qanun pozucusunun deportasiya edildiyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, nazirlik tərəfindən həyata keçirilən tədbirlər əcnəbi vətəndaşlar tərəfindən törədilən cinayətlərin sayının azalmasına dəstək verir. Daxili İşlər Nazirliyinin məlumatına görə, bu ilin 6 ayında əcnəbilər tərəfindən törədilən cinayətlər 6,4 faiz azalıb. Ağır cinayətlərdə 11,1 faiz, adam öldürmə və adam öldürməyə cəhddə 18 faiz, seksual xarakterli cinayətlərdə 8,5 faiz, quldurluqda 30 faiz, oğurluqda 10 faiz azalma müşahidə olunub. Qanunsuz hərəkətlər edən immiqrantların sayı 3,7 faiz azalıb.

2023-cü ildə Rusiyadan təqribən 110 min insan deportasiya edilib ki, bu da əvvəlki illərlə müqayisədə təxminən iki dəfə çoxdur. Ötən il əcnəbi vətəndaşlara qarşı 2 milyondan çox protokol tərtib olunub.

Daxili İşlər Nazirliyi İnzibati Xətalar Məcəlləsinin daha 20 maddəsinə cinayət törətdiklərinə görə əcnəbilərin ölkədən çıxarılması imkanının əlavə olunmasını təklif edib. Bunun əksəriyyəti ictimai asayişin və təhlükəsizliyin qorunmasını, ekstremist nümayişlərə qarşı mübarizəni əhatə edir.

Digər tərəfdən, İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Rusiyada mühacir və vətəndaşlığı olmayan şəxslər tərəfindən törədilən cinayətlərin sayında artım olduğunu bəyan edib. O bildirib ki, immiqrantlar arasında ağır cinayətlərin payı 2023-cü ildə 19 faizdən 26 faizə yüksəlib.