Yeni Kaledoniyadan Fransanın qanlı tarixinə baxış (TƏHLİL)

17:50 15.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əsrlər boyunca müstəmləkəyə çevirdiyi torpaqlarda törətdiyi amansız cinayətlərin bədəlini ödəməyən Fransa bu gün də ard-arda azadlıq bayrağı qaldıran xalqların qəzəbini yatırmaq üçün qan tökməkdən çəkinmir. Elə Fransadan 17 min kilometr aralıda yerləşən, 18600 kvadratkilometr ərazisi, 300 min nəfər civarında əhalisi olan Yeni Kaledoniyadakı kimi. Azadlıq tələb edən əhaliyə atəş açan fransız ordusu adalarda 6 nəfərin həyatına son qoyub. Arxipelaqa əlavə 3 minədək xüsusitəyinatlı, üstəlik 500 polis qüvvəsi göndərərək fövqəladə vəziyyət elan edən Emmanuel Makron müstəqillik tələb edən yerli əhalinin – kanakların səsini boğmaqla Fransa imperiyasının mövcudluluğunu qorumağa çalışır. Amma necə, müasir dövrdə öz milli mücadiləsi üçün oyanmış xalqı silah gücüylə susdurmaq mümkündürmü?

Hafta.az-ın yazdığına görə, Amerikadan Afrikaya, Asiyadan Okeaniyaya qədər geniş regionda yerləşən, hazırda əksəriyyəti müstəqil olan 72 ölkəni tarixən talayan rəsmi Paris hesab edir ki, yerli xalqlar ötən yüzillərdə olduğu kimi, həmişəlik Fransaya boyun əyməlidir. Əgər hansısa xalq öz müstəqilliyini tələb edirsə, fransız düşüncəsinə görə, onları mütləq hansısa qüvvə başdan çıxarıb. Yeni Kaledoniyada yaşanan olaylara da eyni baxış hakimdir. Rəsmi Paris iddia edir ki, guya Yeni Kaledoniyadakı mitinqlərdə Azərbaycan bayrağı görünüb, bu səbəbdən də “Azərbaycan və Türkiyə kəşfiyyatı kanakların ayağa qalxmasına göə məsuliyyət daşıyır”.

Hə, Çin və Rusiyanın da adını çəkirlər. Ataların bir sözü var: Xain xoflu olar. Hər zaman erməni separatizmini dəstəkləyən, məhz ermənilərin əli ilə Azərbaycan torpaqlarının bölünməsinə çalışan Fransa nədənsə əkdiyini biçdiyini heç düşünmək istəmir. Sual yaranır: Paris Yeni Kaledniyada yaranmış vəziyyətdə Azərbaycan və Türkiyəni suçlayır, bəs bütün Afrikada baş qaldıran anti-Fransa hərəkatını kim idarə edir, onun da günahı Bakıda və ya Ankaradadır? Paris niyə əsarətdə saxladığı xalqların qul zəncirini qırmağa çalışdığını anlamaq istəmir?   

Yeni Kaledoniyada nə baş verir?

Yeni Kaledoniyada nə baş verir, xalq nə istəyir? Əslində Yeni Kaledoniyanın yerli xalqının – kanakların mübarizəyə qalxmasının səbəbi Fransa parlamentinin son 10 il ərzində arxipelaqda yaşayan gəlmə fransızların seçkilərdə əs verməsinə yol açan qanunu qəbul etməsidir. Çünki ölkə əhalisinin 44 faizdən bir az çoxunu təşkil edən kanaklar düşünür ki, gəlmələrin səsvermədə iştirakı onların keçiriləcək referendumda müstəqilliyin əleyhinə işləyəcək.

Bu arada, yerli mənbələrə görə, son 20 ildə arxipelaqda 40 mindən çox gəlmə fransız məskunlaşıb.

Əslində, Yeni Kaledoniyada 2018 və 2020-ci illlərdə ard-arda iki referendum keçirilib və hər ikisində əhalinin yarıdan bir az çoxu müstəqilliyin əleyhinə səs verib. Qanunla keçirilməsinə iczə verilən sonuncu – üçüncü səsvermə 2021-ci ildə olacaqdı, amma məlum koronavirus pandemiyasına təsadüf etdiyindən, müstəqillik tərəfdarı partiyalar prosesi baykot ediblər.

Sual yaranır ki, əhalinin 44 faizini təşkil edən kanaklar niyə tərəfdarlarının sayını daha da artıraraq öz dövlətlərini qura bilmirlər? Cavab budur ki, 1792-ci ildə ilk fransız səyyah arxipelaqa ayaq basandan sonra bura adətən balina ovçuları və sair fransalıların məskəninə çevrilib və hətta səkkiz mindən artıq fransız məhbus da bura sürgün edilib. Məhz həmin fransızlardan törəyənlər geridə qalan 200 ildə adada agdərili-avropalı irqini formalaşdırıb ki, bu da ümumi əhalinin təxminən 34 faizdən çoxunu əhatə edir. Üstəlik kanakların maddi həyatlarından narazı qalmayan, Fransa ilə sıx bağları olan manqurtlaşmış hissəsi müstəqilliyin əleyhinə çıxır.

Yeri gəlmişkən, 3 əsr öncə Fransa indiki Kanada ərazilərini işğal edərkən də eynilə bu kimi addım atmışdı. Təxminən 20 mindən artıq Fransa vətəndaşı ilə yanaşı, kaloniyalardakı fransız əsgərlər üçün ölkənin bütün ərazisindən 800 fahişəni toplayıb, pul və hədiyyələr də verib ora göndəriblər ki, qanuni-qanunsuz, fərqi yoxdur, yetər ki, damarında fransız qanı axan uşaqlar dünyaya gətirərək bölgədə fransız çoxluğu təmin etsinlər. Nəticəsi də budur ki, bu gün Kanadanın iki rəsmi dilindən biri fransızcadır, ölkənin ən böyük, ən inkişaf etmiş vilayəti olan Kvebekin rəsmi dili fransız dilidir.

Seçici narahatlığı...

Yeni Kalüdoniyadakı bugünkü böhranın əsas səbəbi olan “seçici” məsələsinin kökləri, Fransanın əsrlərdir bölgədə yürütdüyü müstəmləkəçilik siyasətinin davamı olaraq gündəmə gəlir. Məsələnin fonunda diqqətçəkən detallar da var: II Dünya Müharibəsindən sonra, bütün müstəmləkələrdə alovlanan milli-azadlıq hərəkatlarının təsiri altında Fransa “müstəmləkə” ifadəsi əvəzinə daha yumşaq seçimlər etməli olub. Bu siyasət dəyişikliyi zamanı 1946-cı ildə Paris administrasiyası kanaklar arasından seçdikləri cəmi 267 nəfərə alçaldıcı səsvermə hüququ verib. Bunlar rəislər, kahinlər və sair kanak “elitasının” sadəcə kişi təmsilçiləri idi. Etirazlar səngimədiyi üçün 1951-ci ildə yerli əhalinin 60 faizinin səsvermə hüququ tanınıb. Bütün əhalinin səsvermə hüququnu alması isə 1957-ci ilə təsadüf edir.

Verilmiş çox məhdud hüquqlar adada müstəqillik tələbi üzərində köklü çatın yaranmasına mane olmur. Kanaklar iki ayrı qütbdə mövqe tuturlar: Paris administrasiyasının tərəfdarı olan loyalistlər və əksəriyyəti sosialist/solçu olan müstəqillik tərəfdarları. Müxtəlif inkişaflara və ideoloji-siyasi ox yerdəyişmələrinə baxmayaraq, bu gün də oxşar fərqdən danışmaq olar.

Yeni Kaledoniyanın tam müstəqilliyi uğrunda mübarizənin lokomotivi Kanak Sosialist Milli Azadlıq Cəbhəsidir (FLNKS). 1984-cü ildə adada gərginliyin artdığı kanak istiqlalçısı Jan-Mari Tjibaunun rəhbərliyi altında qurulan bu müstəqillik partiya koalisiyası hazırda Yeni Kaledoniya parlamentində heç bir ciddi səlahiyyəti olmayan müstəqillik tərəfdarı çoxluğa rəhbərlik edir. Niyə heç bir səlahiyyəti olmayan, çünki ölkədə fövqəlsaləhiyyət Parisin təyin etdiyi Ali Komissardır.

Xatırladaq ki, Tjibaou 1989-cu ildə Fransa casusları tərəfindən öldürülüb.

Fransa arxipelaqdan niyə getmir?

Fransanın Yeni Kaledoniya kimi okean adalarından ibarət bir ərazini əlindən çıxarmaq istəməməsinin səsbəbləri var.

Birincisi, Yeni Kaledoniyanın istəklərini qəbul edərsə, sabah digər müstəmləkələr də ayağa qalxa bilər.

İkincisi, Yeni Kaledoniyada dünya nikel ehtiyyatının 7 faizi cəmlənib.

Qyd edək ki, Fransa arxipelaqda 1863-cü ildə nikel yataqlarını kəşf edib və o vaxtdan bu mədənləri istismar etməkdədir. Hətta fransızlar 1880-ci ildə “Societe Le Nickel” şirkəti yaradaraq Yeni Kaledoniya nikelindən milyardlarla dollar qazanıb.

Üçüncüsü, Fransa Sakit okean regionunda Çinlə siyasi nüfuz davası edir və Yeni Kaledoniyada baş verənləri özü üçün qürur məsələsi görür. Amma o da bəllidir ki, bu region tarixən Böyük Britaniya - ABŞ birliyinin təsiri altındadır və hazırda AUKUS adlı Avstraliya - Böyük Britaniya - ABŞ ittifaqı mövcuddur. Bunun bariz  nümunəsi kimi son illərdə Fransanın Avstraliya ilə bağladığı 60 milyard dollarlıq atom sualtı qayıqların satışına dair müqavilənin rəsmi Kanberra tərəfindən birtərəfli şəkildə ləğv edilərək İngiltərə-ABŞ hərbi dəniz vasitələrini almağa qərar verməsini, nəticədə Parislə London arasında yaranan narazılığı göstərmək olar. O zaman sual yaranır: Bəlkə Yeni Kaledoniyada baş verənlərdə də ingilis barmağı var, niyə Paris bu nüansı gözardı edərək, heç bir əsası olmayan Azərbaycan izi axtarır?  

Paris əkdiyini biçir

Rəsmi Paris ötən il Fransaya bağlı Yeni Kaledoniya kimi de-fakto müstəmləkə torpaqlardan olan milli nümayəndələrin Azərbaycanda Bakı Təşəbbüs Qrupu adı altında toplaşmasını həzm edə bilmir. Bəzi siyasi ekspertlər bu hostinqi rəsmi Bakının açıq-aşkar Ermənistanın yanında yer alan Fransaya qarşı öz kartlarını oynaması kimi şərh edir.

Ancaq Yeni Kaledoniyada davam edən sosial problemləri yalnız “xarici qüvvələr”lə izah etmək mümkün deyil. Fransa da Azərbaycan kimi öz ərazisində bir çox hərəkatları dəstəkləyir. Məsələn, vaxtilə Dağlıq Qarabağda fəaliyyət göstərmiş separatçı rejimin nümayəndələrini tez-tez Parisdə ən yüksək səviyyədə qəbul edərək danışıqlar aparmaqla kifayətlənməyib, hətta onlara ikitərəfli iqtisadi-maliyyə dəstəyi göstərib, Fransa deputatları vaxtaşırı qanunsuz olaraq separatçıların nəzarətindəki bölgəyə gəlməklə Azərbaycanın suveren hüquqlarını pozublar. Hətta Fransa parlamenti Dağlıq Qarabağ separatçı rejimini dövlət olaraq tanımaq üçün qərar da qəbul edib. Təbii ki, Azərbaycan tərəfi birmənalı şəkildə bu davranışları ən sərt şəkildə pisləyib, amma Fransa geri addım atmayıb. Belə çıxır ki, Fransa Azərbaycan da daxil olmaqla, istənilən dövlətin suveren hüquqlarını poza bilər, amma heç bir ölkə Parisin xoşuna gəlməyən hətta legitin sayılan tədbiri keçirə bilməz.

Yeni Kaledoniya üzrə ixtisaslaşmış fransız antropoloq Benoyt Trepyed də bildirib ki, bu məsələdə Azərbaycanın adını hallandırmaq düzgün deyil. “Çünki etiraz aksiyaları əgər üç gündür başlayıbsa, Yeni Kaledoniyanın azadlıq məsələsi üç ildir müzakirə edilir. Bu da hadisələrin gedişatını xarici qüvvələrin öhdəsinə buraxa bilməyəcəyimizi göstərir”, - deyə Trepyed bildirib.

Trepyed bildirib ki, “Həqiqətən də hadisələr Paris administrasiyasının gündəmə gətirdiyi və yerli əhalinin əlini zəiflədəcək bir qanunun qəbulunun birbaşa ardınca baş verir. Başqa kimlərsə mərkəzi hökumətdən gələn hüquqların budanmasına qarşı çıxan səsə səs verə bilər, lakin bu səsin məzmununu və reallığını dəyişmir. Əgər Fransa dövləti öz-özünü ayağından vurubsa, siyasi rəqiblərinin bundan istifadə etməsinə təəccüblənmirəm”.

Bitməyən işğal hərisliyi

Əslində Fransa Yeni Kaledoniyanın timsalında keçmiş müstəmləkələrlə problem yaşayır. Mərkəzi Afrika Respublikası, Mali, Niger, Burkina Faso və sairdə baş verən anti-Fransa hərəkatları göstərir ki, Paris köhnə ampulasında qaldığı üçün bu cür problemlərlə hələ çox üzləşəcək. Məsələ ondadır ki, Fransa nə tarixən törətdiyi qırğınlarla üzləşməyi bacarır, nə də müstəmləkəçi perspektivindən qaça bilir. Nəticəsi də budur ki, günümüzdə Yeni Kaledoniya, Polineziya, Qayanada və xüsusilə Afrikada son illər Parisin həm hərbi, həm də siyasi xəttində böyük sapma nəzərə çarpır. Yeni Kaledoniyada olduğu kimi, müstəmləkə mirasından əl çəkməməsi Fransanı persona non-qrata edir.

XVI əsrdən başlayaraq Şimali Amerika, Antil adaları, Şərqi Hindistanın və Afrikanın bir hissəsini müstəmləkəyə çevirən Fransa Yeni Kaledoniya ilə yanaşı Fransa Polineziyasını, Kamboca, Vyetnam və Laosu XIX əsrin 30-cu ilindən başlayaraq 60 il ərzində işğal edib. Bu dövr ərzində Fransa ordusu Afrikada yerləşən Əlcəzair, Qabon, Mavritaniya, Seneqal, Qvineya, Fil Dişi Sahili, Konqo, Mali, Madaqaskar, Benin, Burkina Faso, Toqo (1884-Almaniya, 1918-Fransa), Çad və Niger kimi bir çox ölkəni ya birbaşa müstəmləkə edib, ya Tunis və Mərakeşin timsalında protektorat adı altında nəzarətə götürüb, ya da Əlcəzir kimi birbaşa Fransanın dənizaşırı ərazisi elan edib.

Fransa 1524-cü ildə başladığı müstəmləkəçilik fəaliyyəti ilə Afrikanın qərbində və şimalında yerləşən 20-dən çox ölkədə, ümumilikdə Afrikanın 35 faizində 300 il hökmranlıq edib. Yerli əhalini qul kimi bazarlarda satıb, ağır işlərdə işlədib. Seneqal, Fil Dişi Sahili və Benin kimi ölkələr birbaşa Fransanın qul ticarəti mərkəzləri rolunu oynayıb.

Qaniçən fransızlar

Fransa 5 əsrlik müstəmləkəçilik dövründə zəbt etdiyi ölkələrdə toplam 2 milyondan çox insanı qətlə yetirib. Məsələn, Əlcəzairdə 1,5 milyon, Kamerunda sadəcə 1950-1970-ci illər arasında 400 min insan müstəmləkə rejimini qəbul etmədiyi üçün amansızcasına öldürülüb.

Fransa Əlcəzairdə, yuxarıda qeyd etdiyimiz kimi, milyonyarım insanı öldürməklə kifayətlənməyib, 2,5 milyondan çox əlcəzairlini başqa ərazilərə sürgün etməklə  8 min kəndi xəritədən silib.

Bəşər tarixinin ən böyük soyqırımlarından sayılan və 900 min insanın öldüyü 1994-cü il Ruanda soyqırımında Fransanın qatil rolu oynadığı məlumdur. “Le Figaro” qəzetinin müxbiri Fransanın keçmiş prezidenti Fransua Mitterana, 1998-ci ildə Ruandada 900 min civarında insanın kütləvi qətlinə dair sual verərək hadisəni soyqırım olaraq tanıyıb-tanımadığını soruşduqda, özlərini “mədəni və təhsilli” xalq sayan fransızların lideri qısaca cavab vermişdi: “Orada baş verən soyqırımlar bizim üçün önəmli deyil”.  

Fransanın “Mediapart” internet saytı dərc etdiyi "Ruanda soyqırımı: Fransanın yalanları ortaya çıxdı" başlıqlı xəbərdə, Fransa Xarici Kəşfiyyat İdarəsi DGSE-yə aid bir sənədə əsaslanaraq, Ruanda soyqırımının əsl səbəbkarının Fransa olduğunu ifadə edib.

Fransa ordusu Tunisdə də on minlərlə insanı qətlə yetirib. 1958-ci ildə sadəcə Sakiyə Sidi Yusif kəndində heç bir səbəb olmadan 70 nəfər öldürülüb, 100-dən çox sakin isə yaralanıb. Bu hadisə dünya tarixində Sakiyə Sidi Yusif qırığını kimi həmişəlik həkk olunub.

Fransanın soyqırımlarını, qana həris millət olduğunu Parisdəki İnsan Muzeyi açıq şəkildə isbatlayır. Dünyanın hər yerindəki mütəmləkələrdən gətirilən toplam 18 min insanın kəlləsi bu muzeydə sərgilənir. Təsəvvür edin ki, Fransa kəsilmiş başlardan da pul qazanır. Yəni kəllələri turistlərə pulla göstərib xəzinəsini doldurur. Zahirən mədəni görünən fransızların əsl üzü bax budur.

Mənəvi işğal

Müstəmləkəçiliklə bağlı siyasi ədəbiyyatda bir deyim var: İngiltərə ölkələri yarımhərbi təşkilatları vasitəsilə ələ keçirirdisə, Fransa mənən işğal edirdi. İngilis ordusunu nə vaxtsa tutduğu ölkədən çıxarmaq mümkün idi, amma Fransa getsə də mənəvi işğalı hər zaman qalacaq. Məsələn, “Kub Kub” qətliamını yada salaq. 1917-ci il noyabrın 15-də Çadın Abeşe şəhərində keçirilən toplantıya yığışan 400 İslam alimi ölkənin azadlıq məsələsini müzakirə edəcəkdi. Amma Fransa ordusu konfrans zalına basqın edərək onların hamıısnı qətlə yetirdi. Bu hadisə tarixdə Fransanın çadlılara qarşı “Kub Kub” qətliamı kimi yazılıb.

Yəni Fransa öz müstəmləkələrində bütün aydınları, alimləri ya ram edib öz tərəfinə çəkib, ya da qeyd-şərtsiz öldürüb. Eyni qətl və repressiyaları bütün müstəmləkələrində icra edən Fransa elmi-savadı, açıq fikirləri ilə yerli cəmiyyətlərə təsiri olan, onları irəli apara bilən şəxsləri birmənalı şəkildə nəzarətə götürür, onlara şirnikləndirici vədlər verir, bu alınmayanda özünə və yaxınlarına qarşı ən amansız təqiblər həyata keçirir və sonda mütləq onu ya zindana atar, ya qətlə yetirərdi. Yuxarəda qeyd etdiyimiz kimi, ən son belə hadisə kimi Yeni Kaledoniyada müstəqillik tələb edən Kanak Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) sədri Jan-Mari Tjibaunun 1989-cu ildə Fransa casusları tərəfindən öldürülməsini göstərə bilərik.

Fransa işğal etdiyi ölkənin ilk növbədə təhsil və mədəniyyət islahatları adı altında dilini əlindən alır, imkan düşdükcə dinini kotolok kilsəsinə bağlayır, milli mədəniyyətini məhv edərək öz mədəniyyətini yayırdı. Bunun nəticəsidir ki, müstəmləkə dövrü başa çatanda “Fransızdilli Ölkələr İcması” (Frankofoniya) yaradan Paris keçmiş müstəmləkələri üzərində nüfuzunu saxlamaqda uğur qazanıb.

Dillərini unutdurma

Afrikadakı 54 ölkədən 27-nin rəsmi dili fransız dilidir. Bunlar kiçik qəbilələr yox, Əlcəzair, Mərakeş, Tunis və sair kimi bəlli tarixi olan ölkələrdir. Çox da uzağa getmək lazım deyil, Mərakeşin və Əlcəzairin Bakıdakı səfirliklərinə yolu düşən hər kəs bu iki ərəb ölkəsinin diplomatik təmsilçiliyində ərəbcənin zərrə qədər yeri olmadığını, hər kəsin fransız dilində (ya da şəraitdən asılı olaraq ingilis dilində) danışdığını aydın görə bilər. Mərakeş, Əlcəzair, Tunis, Niger, Mali, hətta müstəqillik uğrunda mübarizə aparan Qərbi Səhra əhalisi arasında ali təhsil alan hər kəs fransızca danışır və fransız beyni ilə düşünür. Hansı ki, bu ölkələr 60 ildir müstəqil olsalar da, bu müddət onları özlərinə qaytara bilməyib və ya özləri bunu istəməyiblər.

Ümumiyyətlə, günümüzdə Fransanın əhalisi 70 milyon nəfər olsa da, yalnız Afrikada 140 milyondan artıq insan fransızca danışır.

Casus şəbəkəsi

Fransa kəşfiyyatının günümüzdə müstəqil olan keçmiş müstəmləkələrdə yaratdığı casus şəbəkəsi Parisin maraqlarına təhlükə olan an təxribata başlayır və ölkədə qanlı toqquşmalarla müşayiət olunan itaətsizlik atmosferi yaradır. Nəticədə əvvəldən hazırlanmış hüquqi baza və iqtisadi-hərbi basqı əsasında Fransa həmin ölkədə “asayişi bərpa etməyə” başlayır. Məsələn, 2012-ci ildə Malidə baş verən və ölkənin şimalındakı Timbuktu, Qao və Kidal kimi şəhərləri əhatə edən toqquşmalar Fransanın bu ölkədə olmasını “vacib edib” və Paris 2013-cü ilin yanvar ayında silahlı qruplara qarşı BMT-nin razılığı olmadan əməliyyatlara başlayıb, Maliyə 4 mindən çox əsgər göndərib. Üstəlik, burada uzunmüddətli qalmasını təmin etmək üçün İŞİD və “Əl-Qaida” kimi terror təşkilatlarının Malidə güclənməsinə şərait yaradıb...

Bu arada, son bir neçə onillikdə Afrikanın 27 ölkəsində toplam 67 dövlət çevrilişi baş verib ki, bunun 61 faizi və ya 43-ü məhz keçmişdə Fransanın müstəmləkəsi olan dövlətlərdə reallaşıb.

Fransa eyni oyunu Mərkəzi Afrika Respublikasında, Burkina Fasoda, Nigerdə, Çadda və sair kimi Afrikadakı bütün keçmiş müstəmləkələrində oynayıb. Hətta çevik hərbi müdaxilə məqsədilə Fransa günümüzdə Nigerdə ​1500 (hərbi çevrilişdən sonra ölkədən çıxarılıb), Seneqalın paytaxtı Dakarda 400, Kot Divuarda (Fil Dişi Sahili) 900, Qabonda 350, Çadda 1000, Cibutidə 1500 əsgər saxlayır.

Yuxarıda qeyd etdiyimiz kimi, xalqın oyandığını görən Paris Yeni Kaledoniyaya da 3 minlik əlavə qoşun yerləşdirib. Məhz bu fakt göstərir ki, Yeni Kaledoniya xalqının azadlıq tələbi, onların azadlıqsevər nümayəndələrinin Bakı toplantısında fəal iştirakından xoflanan Fransa casus şəbəkəsi arxipelaqda məlum etriaz aksiyalarını xaosa çevirdi və nəticədə Paris eynilə Afrikada ölkələrində olduğu kimi, ora 3 minlik ordu və 500 nəfərlik polis alayı göndərdi.

Siyasət rubrikasından digər xəbərlər