Yenitikililərdə sürətlə qiymət artımının səbəbi – Ekspert açıqladı

18:45 17.12.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

2019-cu ilə qədər mənzil tikintisinin 1 kvadratmetrinə çəkilən xərclər bir qədər fərqli və aşağı idi. 2019-cu ildən sonra tikinti qaydalarının dəyişməsilə ümumi vəziyyət də dəyişdi.

Bu fikirləri hafta.az-a əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. Onun sözlərinə görə, məsələn, bir tikinti şirkəti “Nərimanov”, “Gənclik” metrostansiyaları ətrafında bina tikmək istəyirsə, ilk növbədə, tikinti aparacağı ərazini almalıdır:

“Bu torpaq sahəsinin mülkiyyətdə olması vacib şərtdir. Mülkiyyətdə olan torpaq sahəsinin alınması əvvəlki qaydalarla müqayisədə tikintidə xərc maddələrinin artımına gətirib çıxarır. Tutaq ki, əvvəl tikinti şirkəti 30 sot torpaq sahəsini sərəncama alıb onun üzərində tikinti aparmaq üçün maksimum 1 milyon vəsait sərf edirdisə, indi 30 sot torpaqda konkret olaraq mövcud şərtlərlə götürsək, maksimum 8400 kvadratmetr tikinti aparmaq mümkündür. Burada rentabellik göstəriciləri olduqca aşağı olacaq və yaxud da ümumiyyətlə rentabelli olmayacaq. Ona görə tikinti şirkətləri daha böyük ərazilər almaq məcburiyyətindədir. Deyək ki, tikinti şirkəti 1 hektar ərazini Nərimanov, Gənclik istiqamətlərində minimum 12-13 milyona alırsa, həmin sahədə aparılacaq tikinti sahəsi maksimum 28 min kvadratmetrdir. Torpaq sahəsi alınarkən həmin tikintinin 1 kvadratmetri tikinti şirkətinə 445 manatdan baha başa gəlir. Bura sənədləşmə, tikinti xərcləri və s. əlavə etdikdə tikintinin 1 kvadratmetri 1000 manatı keçir.

Bu gün bazarda, əslində, yenitikililərin çox sürətlə qiymət artımının əsas səbəblərdən biri məhz bu məsələdir. Tikinti şirkətləri, təbii ki, torpaq sahəsini almağa məcburdur və torpaq sahəsinin ümumi tikinti portfelində payı çox sürətlə artır. Şəhərin mərkəzinə doğru getdikcə bu pay artmaqda davam edir. Məsələn, “Həzi Aslanov” metrosu yaxınlığında 1 hektar ərazini tikinti şirkəti 3 milyon manata alırsa, “Nərimanov”da bu rəqəm 12-13 milyon manat, “Sahil” metrosunun yaxınlığında isə 50 milyon manatdan yuxarıdır. Bugünkü təhlillər onu deməyə əsas verir ki, tikintinin 1 kvadratmetrinin başagəlmə qiyməti 2017- 2018-ci ildəkindən təqribən 2 dəfə fərqlənir. Bu istiqamətdə, təxminən, 2 dəfə artım var”.