Yerli istehsalın 25-30 faizi ərzaq buğdası kimi istifadə olunur - Açıqlama

16:13 06.01.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Dünyada taxıl, dənli bitkilərin qiymətində ciddi bahalaşma var.

Bu fikirləri hafta.az-a iqtisadçı-ekspert Natiq Cəfərli bildirib:

“Son 1 ayda dünya bazarında buğdanın tonu 340 dollar civarında dəyişir. Ölkəmizi birillik təmin etmək üçün 4 milyon tona yaxın dənli bitkilər, o cümlədən 1,8 milyon ton ərzaq buğdası lazımdır.

Ölkədə son illər, təqribən, ilə 1 milyon 850 min ton taxıl istehsal olunur, amma bu həcm ərzaq buğdası deyil, keyfiyyətsizdir, əsasən, mal-qara üçün yem kimi istifadə olunur.

Özümüz istehsal etdiyimiz taxılın, ən yaxşı halda, 25-30 faizini ərzaq buğdası kimi istifadə edə bilirik, qalanını xaricdən, əsasən də Rusiyadan alırıq. Bəs bizimkilər XXI əsrdə niyə ərzaqlıq buğda istehsal edə bilmirlər?

Elm yox, seleksiya yox, suvarma üçün su qıt, toxumçuluq və gübrə siyasəti zəifdir, dotasiya mexanizmləri işlək deyil”.

Ekspert onu da qeyd edir ki, Azərbaycan böyük həcmdə çörək istehlak edən ölkələr sırasındadır:

“Ənənələrimizdə çörəyin önəmli yer tutduğundan böyük həcmdə çörək istehlak edirik. Dünyada adambaşına ən az çörək istehlakı Skandinaviya ölkələrindədir - ildə 32-45 kq. Rusiyada bu göstərici 97 kq, Bolqarıstanda 96 kq, Fransa və Almaniyada 54 kq, İtaliyada 52 kq təşkil edir. Türkiyədə əhali adambaşına ildə 124 kq çörək yeyir. 

Azərbaycanda 2020-ci ildə 1 milyon 294 min 604 ton təzə çörək istehsal olunub. Bunun 1 milyon 280 min 556 tonu ərzaq məhsulu kimi istehlak olunub – bu adambaşına 128,4 kiloqram çörək istehlakı deməkdir. Bu məsələyə də yenidən baxmalıyıq, imkan daxilində çörək istehlakını azaltmalıyıq, amma çörək istehlakının azalması insanların rifah halının yüksəlməsi ilə düz mütənasibdir”.