Yuxarı Qarabağdakı rus sülhməramlılarına SON XƏBƏRDARLIQ

11:50 19.07.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin 6 ayın iqtisadi-sosial yekunları ilə bağlı son müşavirədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sülh sazişi və sərhədlərin müəyyənləşdirilməsi, eləcə də, Yuxarı Qarabağ ərazisində Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlər proseslərin sonrakı inkişafı ilə bağlı rəsmi Bakının daha kəskin reaksiya göstərə biləcəyinə dair xəbərdarlıq kimi qiymətləndirilir.  

Politoloq Samir Hümbətov hafta.az-a bildirib ki, Prezident  -“Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə təsbit edilən məsələlərin icrasından boyun qaçırır. 10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb” bəyanatı ilə bu prosesdə vasitəçi olan tərəflərə də ciddi mesajlarını verib.

Onun sözlərinə görə, 2020-ci ilin 10 noyabr tarixindən bəri tərəflər arasında imzalanmış müqavilənin şərtləri Azərbaycan tərəfindən tamamilə yerinə yetirilib. Amma nə Ermənistan, nə də vasitəçi qismində Rusiya qoyulan şərtləri  və tələbləri yerinə yetirməyib. 

“Rusiya hərbçiləri sülhməramlı qismində Qarabağda olduğu 1 il 8 ay ərzində erməni terrorçu dəstələrinin Qarabağda qalan ünsürlərini həmin ərazilərdən tərksilah edib çıxartmayıblar.  Bu da əlbəttə ki, regionda daimi gərginliyin davam etməsi deməkdir. Zaman -zaman həm sosial mediadan, həm də kütləvi informasiya vasitələrindən əldə etdiyimiz məlumatlara görə rus həbçləri mütəmadi şəkildə qoyulan nizamnamənin tələblərini pozub və bəzi xoşagəlməz hallar yaşanıb. Bunun nəticəsində də Prezident İlham Əliyev bir neçə dəfə sülhməramlılarla bağlı ümumi şəkildə narazılığını bildirib. Sonuncu müşavirədə artıq vəziyyətin nədən ibarət olduğunu və sülhməramlıların fəaliyyətində qeyri-obyektiv davranışın olduğunu açıq şəkildə bildirib”. 

S.Hümbətov Prezidentin müşavirədə etdiyi çıxışa istinad edərək, bildirib ki, bütün deyilən fikirləri nəzərə aldıqda görünən odur ki, sülhməramlı qismində Qarabağda fəaliyyət göstərən rus hərbçilərinin fəaliyyəti ümumilikdə Azərbaycanın mövqelərinə və mənafelərinə uyğun deyil.

“Bu onu göstərir ki, yaxın zamanlarda sülhməramlıların  fəaliyyətini davam etdirməsi sual altına düşə bilər. Əlbəttə ki, 10 noyabr 2020 -ci ildə imzalanmış üçtərəfli bəyannamənin şərtlərindən biri də odur ki, sülhməramlılar ərazidə 5 il müddətində müvəqqəti qala bilər. O müqavilənin digər şərti də ondan ibarət idi ki, müqavidənin şərtləri tam şəkildə həyata keçirilsin. Görünən odur ki, onlar bunu istəmirlər. Bu isə o deməkdur ki, müqavilə pozulub”. 

Politoloq hesab edir ki, Azərbaycan istənilən vaxt rus hərbçilərinin Qarabağ ərazisindən çıxarılması məsələsini gündəmə gətirə bilər.

“Düşünürəm ki,  Azərbaycan Prezidenti cənab İlham Əliyev son müşavirədə etdiyi çıxışı zamanı rus hərbçiləri ilə bağlı verdiyi açıqlamada əsas məsələ olaraq buna toxundu. Bu o deməkdir ki, yaxın dövlərdə bu istiqamətdə ciddi tədbirlər görülməyə başlanacaq.  Rus hərbçilərinin qeyri-obyektiv və qeyri-səmimi olmasının nəticəsidir ki,  bu gün hələ də Qarabağ ərazisində erməni terrorçu ünsürləri var və Azərbaycan yaxın zamanlarda antiterror əməliyyatlarına başlaya bilər, bu gözləniləndir. Həm də paralel olaraq rus hərbçilərinin ərazidən çıxarılması prosesi də gedə bilər.   Prezidentin fikirlərində də məhz bu detallar qeyd olunub. Ölkə başçısı üstüörtülü şəkildə sülhməramlıların gələcək fəaliyyətinin də sual altında olduğunu bildirmək istədi”.

Siyasət rubrikasından digər xəbərlər