“24 iyunda Prezident İlham Əliyev İrəvana ardıcıl səfərlər edən beynəlxalq missiyaların məqsədlərini ifşa edərək dedi ki, “Ermənistana baş çəkən rüşvətxor Avropa məmurları və deputatları sərhəddə şəkillər çəkdirir, bizə mesajlar ünvanlayırlar”. Ölkə rəhbərinin hədəfində Avropa Parlamentinin mandatı altında silahlanan bir qrupun olduğu şübhəsizdir”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc Avropadan Azərbaycana yönələn yeni xarakterli təhdidlərlə bağlı bildirib.
Z.Oruc xatırladıb ki, Avropa Parlamentinin Alt Komitəsinin sədri Natalı Luazo 6 nəfərlə birlikdə iyunun 19-da Laçın sərhəddinə gələrək 4 aydır orada keşik çəkən Aİ-nin missiyasına birləşdilər, Zəngəzurda “Qarabağ köçkünləri” ilə görüşərək, sərhəddə və Laçın büraxılış məntəqəsinə beynəlxalq qüvvələrin yeridilməsini və BMT-nin təcili qətnaməsini tələb etdilər.
“Natali Luazo orada dedi ki, rus sülhməramlı qüvvələrini hər yerdə görüb, təkcə Laçın postundan başqa. Halbuki, Azərbaycan o məntəqədə bayraq qaldırmağa cəsarət edib. Göründüyü kimi, 30 ildir Xankəndinə qanunsuz gələnlərin yolu bağlanıb və sülhməramlı olmayanlar Rusiya hərbi kontingentini regiondan çıxarıb NATO-nu yerləşdirmək, sərhəddi döyüş xəttinə çevirmək niyyətindədilər.”
Z.Oruc 22 iyunda AŞPA və Avropa Parlamentinin Laçın yolunun açılmasını tələb edən qətnamələrin sinxron, vahid mərkəzdən idarə olunduğunu və erməni mediasının Azərbaycan nümayəndə heyətinin 60 təklifindən heç birinin qəbul olunmamasını bayram etdiyini qeyd edib.
“Elə həmin gün ABŞ Konqresinin 54 üzvü Co Baydendən Azərbaycana hərbi yardımı dayandırmağı və Xankəndiyə dəstək göstərməyi xahiş etdilər. Natali Luazo Fransanın hakim Respublika hərəkatının üzvü, qəddar türkofob, islamofob, afrikalılarla bağlı aşağılayıçı irqçi açıqlamalarının müəllifi, səfir vəzifəsində çalışarkən maliyyə cinayətlərini açıqlayan işçisini intihara sövq edən şəxsdir. Natali Luazo Laçınla sərhədə 4 dəfə deputat seçilən, sabiq xüsusi xidmət əməkdaşı, Fransanın Balkanlarda casusu erməni Arnaud Danjyanla birlikdə gəlib. İyunun 24-də 1906-cı ildən şəbəkələşən “Ümumerməni Xeyriyyəçilik İttifaqı” onun şərəfinə Fransada, Paris meri Valeri Pekresin iştirakı ilə şükranlıq naharı düzənləyib. Ölkə başçısı məhz Pekresi nəzərdə tutaraq, hünəriniz varsa bir də gəlin, görək sonra axırınız nə olacaq, dedi.
Beləliklə, sual olunur, nə üçün avropalı deputatlar öz ölkələrinin sərhədlərini Yaxın Şərqdə devirdikləri hakimiyyətlərdən və xaosdan sonra rezin qayıqlarla gələn yüz minlərə açmırlar? Necə olur ki, onların ərazisi suveren və toxunulmazdır, bizə gəldikdə isə hamısı sərhədsiz reportyor, həkim, diplomatdılar?”