Martın 11-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
General-polkovnik Z.Həsənov silahlanmaya yeni qəbul edilən silah və döyüş texnikasının şəxsi heyət tərəfindən öyrənilməsi və döyüş tapşırıqlarının icrası zamanı effektiv tətbiqinə dair konkret tapşırıqlar verib.
Hərbi qulluqçuların peşəkarlığının və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması məqsədilə keçirilən təlimlərin real döyüş şəraitinə uyğun təşkil edilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.
Xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi və yanğın əleyhinə zəruri tədbirlərin görülməsinin əhəmiyyəti qeyd olunub.
Novruz bayramı günlərində bölmələrin döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması, döyüş növbətçiliyinə cəlb edilən şəxsi heyətin sayıqlığının daha da artırılması barədə konkret tapşırıqlar verilib.
Daha sonra Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə əlaqədar müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunda keçirilən tədbirlər barədə məruzələr dinlənilib, bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi barədə aidiyyəti vəzifəli şəxslərə göstərişlər verilib.
Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraiti, həmçinin tibbi təminatı ilə bağlı tələblərini müşavirə iştirakçılarına çatdırıb.
Azərbaycan Ordusunda mənəvi-psixoloji vəziyyətin, eləcə də döyüş ruhunun daim yüksək səviyyədə saxlanılmasına dair göstərişlər verən nazir şəxsi heyətə hər zaman diqqət və qayğı ilə yanaşılmasının vacibliyini vurğulayıb.
Sonda azad edilmiş ərazilərdə yerinə yetirilən mühəndis təminatı tədbirlərinin intensivliyinin artırılması barədə aidiyyəti üzrə müvafiq göstərişlər verilib.