Zelenski ABŞ və Aİ-nin maliyyə dəstəyini itirə bilər

12:23 11.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna prezidenti Vladimir Zelenski həftənin sonuna kimi iki ən mühüm müttəfiqi olan ABŞ və Avropa İttifaqının köməyini itirə bilər. Bu barədə Financial Times qəzeti yazır.

Məqalədə deyilir: “Zelenski bu həftəni iki ən mühüm müttəfiqinin Ukraynaya maliyyə yardımını uzatmaqdan imtina etməsi ilə başa vura bilər”.

Avropa Birliyi Kiyevə qarşıdakı dörd il ərzində 20 milyard avro məbləğində hərbi dəstəyin dəyərini razılaşdırmağa çalışır. Brüsselin fikrincə, makromaliyyə təminatı üçün daha 50 milyard avro Aİ büdcəsinə əlavə olaraq daxil edilməlidir. Bu planlar bəzi Avropa dövlətləri, xüsusən də Macarıstan tərəfindən əngəllənir və hesab edir ki, Kiyev artıq aldığı vəsaitləri hələ hesablamadığı bir vaxtda Kiyevə yeni maliyyə ayırmağın mənası yoxdur.

Qəzet bildirir ki, dekabrın 10-da Avropa İttifaqı ölkələrinin səfirləri bu məsələ ilə bağlı danışıqlar aparıblar. Nəşrin məlumatına görə, müzakirələr 14 saatdan çox davam edib. Financial Times mənbələri danışıqların məhsuldar keçdiyini, lakin büdcənin yenidən qurulması ilə bağlı böyük fikir ayrılıqlarının qaldığını bildirir. Danışıqların dekabrın 14-də davam edəcəyi gözlənilir.

Eyni zamanda, Macarıstan rəsmiləri digər Avropa ölkələrinin Budapeştin Ukrayna ilə bağlı mövqeyini dəstəklədiyini iddia edir, lakin bunu etiraf etməkdən imtina edirlər. Brüssel nümayəndələri də öz növbəsində vurğulayırlar ki, Avropa İttifaqının qalan 26 üzvü Ukraynanı tam dəstəkləyir və Kiyevə lazımi vəsaiti təmin etmək yolunu tapa biləcək.