Ukrayna prezidenti Vladimir Zelenski Xarkov vilayətinə səfər edib, burada istehkam və fortifikasiya qurğularının tikintisi ilə tanış olub.
Hafta.az “TSN”-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edildiyi kimi, dövlət başçısı işgüzar səfəri zamanı işğalçı dövlətlə sərhədə yaxın ərazilərdə müdafiə tikililərinin və istehkamlarının tikintisi prosesi ilə tanış olub.
“Xarkov vilayəti çox vacib istiqamətdir. Hazır olmalıyıq. Ruslar isə özümüzü müdafiə etməyə hazır olduğumuzu görməlidirlər. Və xalqımız başa düşməlidir ki, düşmən hücum etməyə cəhd edərsə, Ukrayna hazırdır”, - deyə Vladimir Zelenski vurğulayıb.
Eyni zamanda, Xarkov vilayət hərbi idarəsinin rəisi Oleq Sinegubov qeyd edib ki, istehkamlar geniş səngərlər, qazmalar və digər növ sığınacaqlardan ibarətdir.
Bundan əlavə, bölgədə müdafiə xətləri tikilir: beton piramidalar, “əjdaha dişləri”, tank əleyhinə xəndəklər. İstehkamların tikintisi layihəsi birinci müdafiə xəttində olan əsgərlərin təcrübəsi nəzərə alınmaqla Ukrayna Müdafiə Nazirliyi tərəfindən hazırlanıb.