Azərbaycan müstəqilliyini bərpa edən ilk gündən – o dövrün çətin anlarından özümüzə səmimi olacaq arxa axtarmağa başladıq. Türkiyənin yeri məlum idi – qardaşımız, dayağımız idi, amma bir çox hallarda yaşlı nəslin adamlarının, xüsusilə Məhərrəmlik ayında radioda tutduqları İran dalğasında Qurandan moizələrə qulaq asanda, “Müsəlman ölkəsidir, bunlara da arxalanmalıyıq” nağılını yaratmışıq öz-özümüzə. Hətta azadlıq hərəkatı dövründə Arazın sahillərinə yürüş edərək, tikanlı məftilləri sökəndə də İranı özümüzə arxa bilmişdik. Əlbəttə, Güney məsələsi başqa mövzudur...
Gizli düşmən
Sonrakı 30 il ərzində nələr baş verdi, arxalandığımız İran Azərbaycana üzdə bir, arxada başqa hansı mövqeyi sərgilədi, hamısı gün kimi aydındır: azərbaycanlıları Rusiyanın silahı ilə öldürən ermənilərin qanımıza batmış əllərini İran silib-təmizləyirdi. Elə 30 il ərzində işğal olunmuş torpaqlarımızda qalan müsəlman bacı-qardaşlarının ev-eşiklərini də bünövrəsindən damınadək məhz iranlılar söküb-daşıdılar.
Vətən müharibəsinin xalqımıza bəxş etdiyi qalibiyyətlə torpaqlarımız işğaldan azad ediləndə orada nəinki ev-eşiklər, heç əzizlərimizin məzarları da qalmamışdı – ermənilər İranın gözü qarşısında və hətta bəlkə də yardımı ilə talan etmişdilər.
İndi Azərbaycan Ordusu Ermənistanla təsdiqlənməmiş sərhədlərimizdə keşik çəkir, işğal faktı da başa çatıb. Bəs İran niyə sevinmir? İslamda məzhəb ayrımçılığı salanlara nifrət etsəm də, niyə şiə qardaşlarının qələbəsini bayram etmirlər? Acığa, sərhədimizdə konsulluq açmaqla nə qazandılar, terrorçubaşı sarkisyanları, köçəryanları, paşinyanları qucaqlayan, ürəyinə sıxan İran liderləri nə əldə etdilər? Düşünürlər ki, tarixi yüzillərin, minillərin öncəsinə gedən türkə düşmənçiliyin zühuru olan indiki münasibətlə İran Türk Dünyasının bütövləşməsinin qarşısını kəsməkmi istəyir, bacara bilərmi bunu?
Yeri gəlmişkən, bu gün İran tarixi İran-Turan düşmənçiliyini Zəngəzur dəhlizi layihəsi ortaya çıxandan sonra göstərib. İk igündən bir sərhədlərimizdə köhnə hərbi texnikasını yığıb təlim keçirməklə, ermənilərin təhlükəsizliyini qırmızı xətt elan etməklə dişlərini qıcıyıb, amma qurdun dişlərini görüb hər dəfə.
İranın qorxulu yuxusudur Zəngəzur layihəsi. Ona görə yox ki, Ermənistana birbaşa çıxış imkanlarını itirəcək, əsla! Onlar yaxşı bilir ki, dəhliz İran-Ermənistan qardaşlığını parçalamaq məqsədi güdmür, əksinə, bu iki qardaşı iqtisadi-ticarət layihələrinə qoşmaqla daha da gücləndirəcək. İranın əsl qorxusu Azərbaycanla Türkiyənin bir-birinə birbaşa bağlanması və dolayısı, türk dünyasının birləşməsi ehtimalıdır. İran mətbuatının, demək olar ki, bütün köşə yazılarında və İran rəsmilərinin Zəngəzur dəhlizi ilə bağlı müsahibələrində bu dəhlizin reallaşmasının regionun geosiyasətini dəyişəcəyi və İran üçün müxtəlif geosiyasi risklər yaradacağı iddia edilir. “NATO dəhlizi”, “Turan dəhlizi”, “Türkiyə NATO-su” kimi adlandırılan Zəngəzur dəhlizi Qərbin İran, Rusiya və Çini mühasirəyə alması üçün irəli sürdüyü layihə kimi oxunur. Bu dəhlizin reallaşması ilə NATO-nun Türkiyə və Azərbaycan üzərindən Xəzər dənizinə çatacağı, İran və Rusiyanı təhlükəyə salacağı bildirilir.
Məkrli qısqanclıq
Qardaş ölkə Türkiyədən beynəlxalq əlaqələr üzrə mütəxəssis, dr.Ayşəgül Kətancı da bu fikirdədir ki, İran heç cür Zəngəzur dəhlizinin yaradılmasını istəmir. Bu zaman Orta Asiya ilə Avropa arasında Xəzər və Türkiyədən keçəcək marşrut fasiləsiz işləyəcək. Bu halda Türkiyənin təkcə Azərbaycanla deyil, həm də bütün Yaxın Şərqlə ticarəti artacaq. “Tənliyin ən mühüm tərəfləri İran, Ermənistan, Azərbaycan, Rusiya və Türkiyədir. İranda Zəngəzurla bağlı narahatlığın əsas səbəbi Azərbaycan və Türkiyənin regionda fəallaşması ilə bağlı reallıqlardır”, – xanım Kətancı deyir.
Zəngəzur dəhlizinin əhəmiyyətini vurğulayan müsahibə görə, 2020-ci ildə II Qarabağ müharibəsi Azərbaycanın mütləq üstünlüyü şəraitində və qələbəsi ilə başa çatdıqda, regionda qüvvələr balansının yenidən formalaşmasına yol açıldı. “Müharibədən sonra imzalanan müqavilədə Ermənistanın 30 ilə yaxındır ki, saxladığı torpaqlardan çıxacağı nəzərdə tutulurdu və burada yaradılacaq etimad mühiti sayəsində yeni nəqliyyat dəhlizlərinin həyata keçiriləcəyi bildirilirdi. Azərbaycanla Naxçıvan arasında açılacaq yeni nəqliyyat əlaqəsi bu müqavilənin ən mühüm maddələrindən biri idi. İş o yerə çatdı ki, Orta Asiyadan Azərbaycana çatan nəqliyyat dəhlizləri bu məqamda bıçaq kimi kəsildi və Azərbaycanın Naxçıvanla, sonra isə Türkiyə ilə əlaqəsinin qarşısı alındı. Nəqliyyat dəhlizinin bərpası uzun və məşəqqətli prosesdir. Lakin bu baş verərsə, yuxarıda qeyd olunan marşrut üzrə fasiləsiz olaraq Mərkəzi Asiya ilə Avropa arasında Xəzər və Türkiyədən keçəcək marşrut işə düşəcək. Zəngəzur dəhlizinin reallaşması ilə Türk Dünyasının ticari, logistik və siyasi əlaqələri güclənəcək. Zəngəzur Türk Dünyasının parlayan ulduzu olmaq potensialına malikdir” deyən Kətancı qeyd edib ki, Zəngəzur bir çox ölkələrin maraq dairəsində olan coğrafiyada yerləşir. Bu çox mürəkkəb tənliyin ən mühüm cəhətləri İran, Ermənistan, Azərbaycan, Rusiya və Türkiyədir.
İranın kinli münasibətinə eyham vuran şərhçi deyir ki, Türkiyə ilə Azərbaycan arasında çoxillik dostluq münasibəti ilə yanaşı, TANAP sayəsində Azərbaycan qazı Türkiyə üzərindən Avropaya nəql edilir və beləliklə, sevgi bağı iqtisadi əlaqələrlə möhkəmlənir. “Bir yanda Ermənistanı diz çökdürən, işğal altındakı torpaqlarını azad edən, TANAP sayəsində Türkiyəyə və Avropaya qaz göndərə bilən, bir çox ölkələrlə əlaqələrini gücləndirməyə çalışan, xüsusən də Türk Dövlətləri Təşkilatındakı effektivliyi olan Azərbaycan, digər tərəfdə isə Mahsa Amini hadisələri ilə dərindən sarsılan İran. İran o ölkədir ki, nüvə araşdırmaları, hər zaman bölgədə hakim güc olmaq istəyi və ədalətsiz, bəzən isə təhrikedici rəftarı bir çox ölkədə etirazlara səbəb olur. Bu üzdən də embarqolara məruz qalaraq öz karbohidrogen ehtiyatlarını istədikləri kimi dünya bazarlarına çıxara bilmirlər. Bu gün embarqoları yırtmaq və hakim qüvvəyə çerilmək üçün fövqəladə səylər göstərən bir İran var”, – A.Kətancı deyir.
Güney Azərbaycan oyana bilər
Bu yerdə qeyd edək ki, Azərbaycanın sürətlə artan regional və beynəlxalq nüfuzundan əndişələnən İran həm də ərazisinin bir parçası etdiyi Güney Azərbaycanda xalqın oyanışından qorxur. Bu gün köhnə kartlarını qatlayıb arxaya atmaqdan və Azərbaycan dövləti ilə əsl dost əlaqələri qurmaqla milli narahatlığını azaltmaqdansa, əksinə yatmışları oyatmaq prinsipindən çıxış edir. İran anlamalıdır ki, dünyanın supergücü olan SSRİ-dən ayrılmaq üçün azadlıq hərəkatı başladanda Azərbaycanın cəmi 7 milyon nəfər əhalisi vardı. Yüzlərlə şəhid verdik, amma azad olduq. Torpaqlarımızı erməninin əliylə bölüb-parçaladılar, amma sonda onu da qaytardıq. Axı əhalisinin yarısı Azərbaycan türkü və digər türkdillilərdirsə, üstəlik kürdü, bəlucu, ərəbi və sairlə azadlıq eşqiylə alışıb-yanan xalqların oyanışı önündə nə edəcək İran? Bəlkə silaha sarılacaq, bu silahla 40 milyon insanı öldürəcəkmi İranı qorumaq üçün fars rejimi?
A.Kətancının fikirlərinə qayıdaq. Xanım ekspert də qeyd edir ki, əslində özünü regional güc kimi görən İran Azərbaycanın İranda yaşayan Azərbaycan türkləri üçün cazibə mərkəzinə çevriləcəyindən ehtiyatlanır və Zəngəzur layihəsi İranın zərərinə sərhəd dəyişikliyi və geostrateji reqressiya kimi qiymətləndirilir. “Bu, İran tərəfindən Qara dənizə və Rusiyaya çata bilməmək, Qafqazda təsirini azaltmaq və tranzit ölkə olmaq şansını itirmək kimi qəbul edilir. İranın bütün bu təsəvvürləri və arqumentləri bir yana, Zəngəzurla bağlı təşvişin əsas səbəbi Azərbaycan və Türkiyənin regionda fəallaşması qorxusudur. 2-ci Qarabağ Müharibəsində Türkiyə və Azərbaycan arasında həmrəylik və hərbi əməkdaşlıq sayəsində iki aktyor regionda yüksələn güclərə çevriliblər. Bu konyukturada görünür ki, İran regionda qüvvələr balansının öz zərərinə dəyişməsini istəmir və ritorikasını kəskinləşdirir”, – ekspert vurğulayıb.
Rusiya amili
Ekspert qeyd edir ki, İranı bölgədə təkləyən və narahat edən bir razılaşma var. Vətən müharibəsindən sonra imzalanan müqavilənin 9-cu maddəsində Rusiyanın Zəngəzur dəhlizinə nəzarət edəcəyini təsdiqləyən müddəa yer alır ki, bu vəziyyət Rusiyanın bu coğrafiyada möhkəm mövqe tutmasına şərait yaradır, amma İran kənarda qalır.
Bu yerdə qeyd edək ki, Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etmək ehtimalı Tehranı çox narahat edir. Molla rejimi düşünüür ki, Rusiya Zəngəzura nəzarət edərsə, İranın daşımalarına məhdudiyyətlər qoyacaq. Hazırda İranı Avropaya çatdıran üç marşrut var: Ermənistan, Azərbaycan və Türkiyə. İranın İraq, Suriya və Livan üzərindən quru yolu ilə Avropaya çatmaq xəyalları isə reallaşmaqdan uzaqdır.
Zəngəzur dəhlizinin açılması ilə İranın Avropaya ən etibarlı qapı hesab etdiyi Ermənistana gedən yolu təhlükədə olacaq. Bu marşrutdan İranın sanksiyalardan yan keçmək və narkotiklərin Avropaya qaçaqmalçılığı üçün istifadə edildiyinə dair iddialar var.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il oktyabrın 15-də İranla yaşanan gərginlikdən sonra verdiyi bəyanatda “İran Ermənistanla birlikdə işğal etdiyi Azərbaycan torpaqlarından Avropaya narkotik ticarəti etmək üçün istifadə edib” demişdi. Bu marşrutla Rusiya və Şərqi Avropa ölkələri ilə yanaşı, Avropaya da narkotik vasitələrin qanunsuz dövriyyəsi həyata keçirilirdi. Narkomaniyaya görə dünyada birinci yerdə olan Rusiya isə bundan olduqca narahat idi. Moskvanın Zəngəzur dəhlizində Azərbaycana dəstəyi bu istiqamətdə şərh edilməlidir. Ona görə də İranın əsas narahatlığı odur ki, Zəngəzur dəhlizinin açılması ilə bu bölgədən əvvəlki kimi istifadə edə bilməyəcək...
A.Kətancının dediklərindən: “Zəngəzur dəhlizində bir çox aktyorların maraq dairələri fərqli olduğundan, maraqların toqquşması gərginliyi artırır. Zəngəzurun açılması bütün region ölkələrinin bir-biri ilə və digər coğrafiyalarla əlaqəsini asanlaşdıracaq, ticarət və logistika əlaqələrinin güclənməsi ilə rifah yaxşılaşacaq və paralel olaraq gərginliklər yeni işgüzar əlaqələrlə əvəzlənəcək. Transxəzər Nəqliyyat Marşrutunun (CTN) və Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin (INSTC) inkişafı Avrasiyanın təchizat xətlərinin və tranzit mövqeyinin gücləndirilməsi deməkdir. Sözügedən faydaları əldə etmək üçün bölgədəki bütün ölkələr üçün faydaların ön plana çıxacağı bir diskurs inkişaf etdirmək lazımdır. Bundan əlavə, heç bir regional aktoru kənarda qoymadan kommersiya və siyasi əlaqələrin sağlam düşüncə çərçivəsində inkişaf etdirilməsi yolları ilə yeni ideyalar və həll təklifləri həyata keçirilə bilər”.
Sonda qeyd edək ki, Zəngəzurun gələcəyi və burada təhlükəsizliyin necə təmin ediləcəyi bölgə ölkələrinin gündəmində qalmalıdır. Zəngəzur türk dünyasının parlayan ulduzu ola bilər, amma potensialını ortaya çıxarmaq üçün kölgələri və qeyri-müəyyənlikləri aradan qaldırmaq lazımdır. Tarixi türk yurdu olan bu coğrafiyanın parlaq gələcəyi zənginliyin, firavanlığın və çoxşaxəli əməkdaşlığın inkişafı və davamlılığı ilə birbaşa bağlıdır.