“Zəngəzur dəhlizi artıq beynəlxalq statusunu ortaya çıxarır” - Vüqar Dadaşov

10:25 27.08.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Son günlər Azərbaycanın Türkmənistan və Özbəkistan arasında danışıqları və liderlərin görüşlərini regional konteksdən deyil, daha geniş - ABŞ, Rusiya, İran, Çin və sair prizmadan, xüsusən də Orta Dəhliz - Zəngəzur dəhlizi ilə əlaqəli bir şəkildə dəyərləndirmək daha düzgün olardı”.

Bunu hafta.az-a açıqlamasında siyasi şərhçi Vüqar Dadaşov bildirib.

Ekspertin fikrincə, artıq, hiss olunur ki, Zəngəzurla beynəlxalq yüklərin daşınması, yeni iqtisadi imkanların açılması ilə layihələrə start verilib:

“Türkmənistan milli lideri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri, ardınca Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfəri, eləcə də Azərbaycan-Türkmənistan-Özbəkistan arasında danışıqlar, Azərbaycandan gəmi alışına dair razılaşmalar Xəzər dənizi üzərindən, yəni, Orta dəhlizlə yüklərin daşınması, enerji daşıyıcıların tranziti məsələləri həll edilir. Zəngəzur dəhlizi artıq regional layihəyə deyil, beynəlxalq statusunu ortaya çıxarır. Türkiyə də Zəngəzur dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə götürdüyü 2.4 milyard kredit dəyərində layihəyə start verib. Yeri gəlmişkən, məhz cənab Ərdoğan ilk olaraq dəhlizə nəzarətin ABŞ-a verilməsini təklif edib. ABŞ-ın Zəngəzur dəhlizinə nəzarəti bu gün Çinin maraqlarına uyğunsuz kimi təqdim edilsə də, Çin dəhlizin imkanlarını proqmatik və rasional qiymətləndirərək Zəngəzur dəhlizindən istifadəyə başlayacağı mütləqdir. Söz yox ki, Zəngəzur dəhlizindən İran da daha çox xeyir götürən tərəfə çevriləcək və layihəyə qoşulacağı gözləniləndir. Gürcüstan, Rusiya, Orta Asiya və sair Zəngəzur dəhlizindən geniş istifadəyə başlayacaq”.

V.Dadaşov bildirib ki, Prezident İlham Əliyevin Türkmənistanda, Özbəkistanda danışıqları, Zəngəzur dəhlizinə digər oyunçuların cəlb edilməsi ilə iqtisadi maraqları müqabilində həm də Azərbaycanın siyasi maraqlarının təminatına dayaq vermiş olur. Onun fikrincə, yəqin ki, Zəngəzur dəhlizi hazır olana qədər - hansı ki, 5 ilə istifadəyə veriləcəyi təxmin edilir - Azərbaycanın yeni iştirakçılarla razılaşmaları çoxalacaq:

“Ancaq, bəzi məqamları da dəyərləndirmək mütləqdir. Rusiyanın Zəngəzur dəhlizinə münasibəti hər an dəyişə bilər. Rusiyanın Azərbaycana, ümumiyətlə postsovet məkanına iddiasından imtinasına heç inam yoxdur. Keçən ay Putin postsovet ölkələrinə müdaxiləni mümkün edən fərman imzaladı. Bu fərmana görə, hər hansı ölkədə rus dilinə qarşı “təhdid və ya diskriminasiya halları” baş verərsə, Moskva bunu müdaxilə üçün əsas sayacaq. Hərçənd ki, Rusiya onsuz da rusdilli əhalinin müdafiəsi adı altında hələ 1992-ci ildən başlayaraq Moldivaya, Gürcüstana, Ukraynaya hərbi müdaxilə edib. Azərbaycanda da həmin o rusdilli məktəblər rus dilini öyrətmir, rus düşüncəli, mahiyyətcə ruslaşmış azərbaycanlılar yetişdirir. Yəni, Rusiya şovinist və imperialist düşüncəsini dəyişmir əksinə, işğalçılıq, imperialist müdaxilə qanuniləşdirilir”.

Ekspert qeyd edib ki, Rusiya o halda Zəngəzur dəhlizinin açılmasının tərəfdarı idi ki, dəhlizə məhz özü nəzarət etsin. Çünki dəhlizə nəzarətlə Rusiya nəinki Ermənistanda mövcudluğunu qoruyurdu, eyni zamanda həm Azərbaycana və həm də Ermənistana daimi təsir edir, bununla da Cənubi Qafqazda hakimliyini təmin etmiş olurdu:

“Ancaq, Paşinyan hakimiyəti və erməni cəmiyyəti Zəngəzur dəhlizinin Rusiyanın nəzarətinə verilməsinə qarşı oldu. Rusiya da Zəngəzur dəhlizinin onun nəzdindən kənar açılmasını qəbul etmədi. Rusiya və İranın bu məsələdə sövdələşməsi özünü açıq büruzə verirdi. İranın Zəngəzur dəhlizi ilə bağlı "qırmızı xətt" bəyanatları, hətta birgə hərbi təlimləri Zəngəzur dəhlizinin açılmasını 10 noyabr üçtərəfli Moskva bəyannaməsindən kənar razılaşmalardan çəkindirmək məqsədi daşıyırdı. Söz yox ki, əgər Rusiya Zəngəzur dəhlizinə nəzarəti ələ ala bilsəydi, İranın "qırmızı xətti" də yoxa çıxacaqdı, baxmayaraq ki, Zəngəzur dəhlizi əm iqtisadi və dövlət maraqları baxımından İranın indiki rejimi üçün uyğun gəlmir”.

V.Dadaşov qeyd edib ki, belə bir çətin geosiyasi vəziyyətdə Azərbaycanın məsələyə üçüncü tərəfi cəlb etməsi, şahmat taxtasında "at gedişi"nə bənzər çox uğurlu oldu. ABŞ-ın Zəngəzur dəhlizinə cəlb edilməsi İran və Rusiyanı ABŞ-la üz-üzə gətirdi:

“Trampın Ukraynada Rusiyanın müharibəsinə son vermək istəyi ilə bağlı Rusiyanın dalana dirənməsi, Rusiyanın Zəngəzur dəhlizinə münasibətini dəyişməyə məcbur edib. Belarus Prezidenti Lukaşenkonun Zəngəzur dəhlizi ilə bağlı İranın mövqeyini tənqid etməsi və dəhlizin açılmasını dəstəkləməsi heç şübhəsiz ki, Rusiyanın və Putinin mövqeyinin səsləndirilməsidir. İrandan Laricaninin Zəngəzur dəhlizinin "təhlükəli olmaya bilər" açıqlaması da İranın geri addımıdır.

Qeyd edim ki, İran sərhədlərinin təhlükəsizliyi deyəndə, Ermənistan tərəfindən sərhədə rusların durması nəzərdə tutulur. ABŞ şirkətlərinin Zəngəzur dəhlizinə nəzarəti ilə bərabər, rus sərhədçilərinin İranla sərhəddə durması da mümkün görünür”.