Zəngəzur dəhlizi bahalaşmanın qarşısını ala bilər - Tahir Cəfərli

13:28 06.01.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Analitik Tahir Cəfərli ilə hafta.az üçün 2022-ci ildəki ilk söhbətimizdə ötən 2021-ci ildə Azərbaycan dövlətinin Qarabağla, iqtisadi-sosial durumla bağlı gördüyü işlər,  Rusiyanın rəsmən sülhməramlı sayılan qüvvələrinin funksiyalarından kənar proseslərə qarışmaqda, Azərbaycanın suverenliyinə zidd əməllərlə məşğul olmaqda davam etməsi, Qazaxıstandakı etirazlar və gündəmdə olan digər mövzulardan bəhs etdik.

- Tahir müəllim,  Azərbaycan Ordusunun 44 günlük müzəffər savaşının sonunda - 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli  bəyanat-razılaşmadan sonra Azərbaycan dövlətinin Qarabağla bağlı, o cümlədən yaxın gələcəkdə işğaldan azad edilmiş torpaqlarda daimi məskunlaşmanı təmin etmək üçün gördüyü işləri necə dəyərləndirirsiniz?

- Çox yüksək dəyərləndirirəm. Azərbaycan Prezidentinin apardığı işlərin, əldə etdiyi yüksək diplomatik uğurların nəticəsidir ki, bu saat azad olunmuş Qarabağ torpaqları yenidən qurulmaqda, abadlaşmaqda,  çiçəklənməkdədir və inşallah, tezliklə xalqımızın o yurdlarımıza  qayıtdığı günləri də görəcəyik...

- Azərbaycan ictimaiyyətinin, mediasının bütün etirazlarına, ölkə başçısının iradlarına baxmayaraq Rusiyanın Qarabağdakı rəsmən sülhməramlı sayılan hərbi qüvvələri öz funksiyalarından kənar, Azərbaycanın suverenliyi və müstəqilliyini təhdid edən işlər görməkdə davam edir və ermənipərəst mövqelərini açıq nümayiş etdirirlər. Məsələn, Azərbaycan əsgərinə qumbara atan erməni terrorçunu birbaşa Xankəndidəki separatçı-terrorçu rejimə təhvil verirlər, Xankəndini yenə də ermənilər kimi  “Stepanakert”, Ağdərəni “Mardakert” adlandırır, Xocalıda özbaşına kilsə tikir, heykəl qoyurlar və s. Moskvanın belə mövqeyi Xankəndindəki və İrəvandakı revanşist, terrorçu xislətli erməniləri Qarabağ uğrunda yenidən haqsız mübarizə aparmağa ruhlandırmırmı?

- Qarabağdakı bu hoqqalar, əlbəttə ki, Rusiyanın siyasi elitasının tutduğu mövqenin əksinədi. Götürək elə  xarici işlər naziri  Sergey  Lavrovu. Rusiyanın bu baş diplomatı milliyətcə faktiki erməni olsa da, o, “Stepanakert” yox,  Xankəndi deyir. Rusiya xarici işlər nazirinin belə deməsi ondan xəbər verir ki, bu ölkənin Qarabağla bağlı mövqeyi qətidir. Xankəndi də tezliklə Azərbaycanın yurisdiksiyasına keçəcəkdir.  Rusiya Qarabağda sabitliyinin bərpasını öz üzərinə götürüb və bundan  ölkə lideri Vladimir Putinin  siyasi imici asılıdır. Ermənilərin oyunbazlığına  göz yuman sülhməramlılar arasında ruşvətə uyan zabitlər var ki, onları ermənilər pulla alsalar da, əslində əvvəl-axır Moskvanın tələblərini yerinə yetirəcəklər. Rusiya sülhməramlılarının 2025-ci ilə qədər Azərbaycan torpaqlarında qalıb-qalmayacaqları sual altındadır. Tezliklə sərhədlərin delimitasiya və demarkasiyası baş tutandan sonra  bütün digər məsələlər də öz həllini tapacaq. Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlayan kimi, Qarabağın taleyi birbaşa Azərbaycanın əlində olacaq...

Əslində, Rusiya sülhməramlılarının  Qarabağda olmasının başqa bir məqsədi də var – Fransa və ABŞ-ın fəallıq göstərdiyi  Minsk qrupunun Qarabağa girməsinin qarşısını almaq. Əlbəttə ki, burada Azərbaycan Prezidenti və Ali Baş Komandanı İlham Əliyevin də rolu böyükdür...

- Azərbaycanda ötən ildən bəri baş vermiş iqtisadi-sosial proseslərə necə qiymət verirsiz? Ötən aylar digər ərzaq məhsullarının bahalaşmasından sonra bu günlərdə unun, çörəyin də qiymətinin qalxması, sizcə nədən xəbər verir?

- Nəzərə almaq lazımdır ki, pandemiya bütün ölkələri ağır vəziyyəttə salıb. ABŞ və Avropanın nəhəng konsern və şirkətlərinin çoxu bankrot vəziyyətindədir. Əlbəttə ki, dünya iqtisadiyyatı bir-biri ilə əlaqəli olduğundan onun təsirini Azərbaycanda da hiss edirik. Bununla belə, Azərbaycanın vəziyyəti başqalarına nisbətən  xeyli qənaətbəxşdir. Ən əsası odur ki, Azərbaycan bütün çatışmazlıqları tranzit yollarının açılması ilə həll edəcək, Bunun  üçün az vaxt qalır. Bahalaşmanın, o cümlədən taxılın, unun, çörəyin  qiymətinin  qalxmasının qarşısını, əlbəttə ki, 10 noyabr bəyanatına uyğun olaraq açılmalı olan yeni tranzit yollarının işləməsi alacaq. Fikir verin: Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı apardığı qətiyyətli siyasətə. Azərbaycanın rəhbəri çox yaxşı bilir ki, tranzit yolların işləməsindən Azərbaycanın  gələcəyi asılıdır...

- Necə düşünürsünüz, dolların manata nisbətdə daha da bahalaşması gözləniləndirmi?

- Düzdür, mən maliyyəçi, yaxud iqtisadçı deyiləm. Bununla belə, düşünürəm ki, Türkiyədə lirənin dəyərdən düşməsinin heç də Türkiyə iqtisadiyyatına zərəri iola bilməz, çünki həmin ölkənin iqtisadiyyatını tənzimləmək üçün  öz mexanizmi vardır. Azərbaycan isə iqtisadi məsələlərini Beynəlxalq Bank, Dünya bankı və s. beynəlxalq maliyyə təşkilatları ilə qurur.  Buna rəğmən Azərbaycanda dollar ajiotajının olmaması onu göstərir ki, dolların bahalaşması gözlənilmir...

- Sosial məsələlərdən  söz açmışkən, Qazaxıstanda son günlər başlanmış və hələ də davam edən qazın və ərzaq məhsullarının bahalaşmasıyla bağlı kütləvi etirazlar, sizcə, sadəcə, daxili problemlərdən qaynaqlanır, yoxsa burada xarici güclərin təsiri də var? Bəzi şərhçilər bu ölkədəki eturazların Kremldən idarə olunduğunu iddia edir...

- Əlbəttə ki, xarici qüvvələrin əli var. Qazaxıstanda ərzaq qiymətlərinin qalxması Əfqanıstan amili ilə bağlıdır. Qazaxistan oraya valyuta ilə buğda və başqa ərzaq məhsulları satır. Bununla belə, başqa ölkələrə taxıl göndərməyi dayandırıb. Bu özünü Azərbaycanda da göstərir. Azərbaycanın kənd təsərrüfatında yerli istehsala, xüsusən də taxıl bitkilərinin əkilməsinə geniş yer verilməlidir. Əkilməmiş torpaqların hamısı əkilməlidir. Azərbaycanın strateji xətti  ərzağın qiymətinə təsir edən taxıl əkinlərinin sayını artırmaq olmalıdır.  

Ümid edirəm, 2022-ci ildə pandemiya da səngiyəcək və bu il regonda da, ölkəmizdə də bir sıra siyasi və iqtisadi problemlərin həlli ili olacaq...