Azərbaycan işğaldan azad olunmuş ərazilərdə bərpa, quruculuq işlərini davam edir. Füzuli Beynəlxalq Hava limanından sonra, Zəngilanda Beynəlxalq Hava Limanının açılışı heç şübhəsiz ki, ölkəmizin öz torpaqlarının sahibi kimi çıxış etməsini bir daha bəyan edir. Ekspertlər cənub sərhəd rayonunda belə bir infrastrukturun qurulmasını yüksək dəyərləndirməklə, mühüm iqtisadi perspektivlərin yolu kimi də önə çəkir.
Bu istiqamətdə hafta.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda Zəngilan Hava Limanının açılışı beynəlxalq vəziyyəti, regionda baş verən hadisələri və geosiyasi gərginliyi nəzərə alsaq, çox önəmli hadisədir. Onun sözlərinə görə, bu liman Azərbaycan və Türkiyənin regionda və dünyada birgə addımladığını, bütün qərarların birgə verildiyini, təhlükəsizliklə bağlı tədbilərin birgə görüldüyünün əyani nümunəsidir.
“Çünki Azərbaycanın işğaldan azad olunmuş regionlarında tikilən hava limanları tək sərnişin daşımaları üçün infrastruktur deyil, həm də ümumi təhlüksizlik konsepsiyasının tərkib hissəsi və elementləridir. Ona görə də mənə belə gəlir ki, qonşular -Ermənistan, hətta İran belə məsələlərə isterik yanaşırlar. Bu bir daha sübut edir ki, Azərbaycanla Türkiyənin dostluğu əbədidir, dönməzdir və bir-birimizin qarşılıqlı şəkildə müdafiəsi və maraqlarımızın birgə təmin atılması yönündə olan addımlar bundan sonra da olacaq”.
Siyasi Şərhçi hesab edir ki, Zəngilan Hava Limanının gələcəkdə iqtisadi dvidentləri ola bilər. Onun fikrincə, əgər normal idarəetmə mexanizmləri qurulsa bunu regional hala çevrilmək imkanları da var.
“Bu gün Azərbaycanda digər hava limanlarından istifadə etmək imkanları da yetişib. Bu həm iqtisadi, həm siyasi, həm təhlükəsizlik infrastruktur layihəsidir və kifayət qədər ciddi önəmi var və gələcəkdə çox mühüm rolları olacaq. Azərbaycanla Türkiyənin birgə layihələri bundan sonra da davam edəcək. Çünki Zəngilan hava limanı gələcəkdə açılması nəzərdə tutulan Zəngəzur karidorunun bir tərkib hissəsi kimi də maraqlı və çox önəmli geosiyasi və coğrafi məkana malikdir”.