“Türkiyə - BƏƏ əməkdaşlığı regional problemləri çözə bilər” – İlnur Çevik

10:30 19.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın strateji və iqtisadi baxımdan son dərəcə əhəmiyyətli bölgə olan Körfəz ölkələriə səfəri dünyanın diqqətindədir. Səudiyyə Ərəbistanından start götürən səfər daha sonra Qətər və Birləşmiş Ərəb Əmirlikləri ziyarəti ilə davam edib.

Hafta.az-ın yazdığına görə, Birləşmiş Ərəb Əmirliklərində prezident Şeyx Məhəmməd bin Zayed əl-Nəhyanla görüşəcək Ərdoğan və komandası bu ölkədə bir sıra təmaslar keçirəcək. Əbu-Dabidə baş tutacaq görüşdə iki liderin regional və qlobal məsələlər, iqtisadi əməkdaşlıq və ikitərəfli münasibətlərin gələcəyi ilə bağlı geniş müzakirə aparacağı gözlənilir.

Prezident Ərdoğanın xarici siyasət məsələləri üzrə baş müşaviri İlnur Çevik Ərdoğanın səfəri öncəsi “Əl-Ayn”a mühüm açıqlamalar verib.

Çevik bu cür səfərlərin Türkiyə ilə BƏƏ arasındakı münasibətlərə böyük töhfələr verdiyini vurğulayıb. Münasibətlərin əvvəlki mərhələləri haqqında məlumat verən Çevik, "Prezidentimizin ora ilk səfəri çox uğurlu nəticələr verdi. Türkiyə olaraq biz də iki ölkə arasında münasibətlərin normallaşmasına böyük töhfə verdik" deyib.

Çevik Türkiyə ilə BƏƏ-nin əməkdaşlıq potensialını vurğulayaraq, hər iki ölkənin həm regional sabitlik, həm də dünya sülhü baxımından əhəmiyyətinə işarə edib. Ərdoğanın BƏƏ-yə səfərini çox müsbət addım kimi qiymətləndirən Çevik, bunun xüsusilə iqtisadiyyat baxımından bir çox işbirliklərinin reallaşmasını nəzərdə tutduğunu bildirib.

"BƏƏ hər zaman Türkiyə iqtisadiyyatına böyük dəstək verib. Ölkələrimiz arasında əlaqələr istədiyimiz səviyyədə olmasa belə, Türkiyə - BƏƏ iqtisadi əlaqələri çox yaxşı inkişaf edib. Prezidentimizin BƏƏ-yə ilk səfərində də gördük, bəli o vaxt fikir ayrılıqlarımız olub, amma buna baxmayaraq, Birləşmiş Ərəb Əmirlikləri çox yaxşı və müsbət yanaşma ilə qapılarını türk sahibkarların üzünə açdı. BƏƏ-yə çoxlu türk sərmayədarlar gəldi, investisiyalar qoydu və indi də BƏƏ investorları Türkiyəyə sərmayə qoymaq istəyirlər. Bundan sonra əlaqələr çox yaxşı inkişaf edəcək", - Çevik deyib.

Bu vəziyyətin regional və qlobal siyasətə təsirləri ilə bağlı Çevik, "Hər iki ölkə çox önəmlidir. Gəlin düşünək, iki əhəmiyyətsiz ölkə arasında strateji əlaqə qurulsaydı nə olardı. Burada iki mühüm regional güc mövcuddur və onların hər ikisinin böyük potensialı var. Bu potensiallar strateji tərəfdaşlıqla daha yüksək səviyyəyə çıxarıla, bölgənin bir çox həll olunmamış problemlərinə ciddi həll yolları gətirilə bilər və bu da nəticədə ölkə üçün çox faydalı olar. BƏƏ və Türkiyənin bölgəyə töhfəsi böyükdür. Bu iki güc bir araya gələrək yaxşı sinerji yaratdıqda, zamanın çox yaxşı nəticələr verə biləcəyinə inanıram” deyib.

BƏƏ ilə əlaqələrə də böyük önəm verdiyini vurğulayan İlnur Çevik, "Mən əvvəllər Birləşmiş Ərəb Əmirliklərində olmuşam və burada çox gözəl bir panelə sədrlik etmişəm. O zaman münasibətlərin belə olacağını demişdik, şükürlər olsun ki, əlaqələr dediyim səviyyədədir. Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində siyasi mərkəz var və onların çox yaxşı işlərini görürük. Bu səylər nəticəsində iki ölkə arasında anlaşma həqiqətən də artıb və biz bunu edirik. Keçmişdə bir-birimizi anlamaqda yaşadığımız çətinliklər yoxdu. İkimiz də iki ölkə olaraq yaxşı işlər görürük. Birləşmiş Ərəb Əmirliklərinin dünyada əhəmiyyətli yeri var və Türkiyə bu vəziyyəti yüksək qiymətləndirir. Bu iki ölkənin güclü əlaqələrin olması həm regional sabitlik, həm də dünya sülhü baxımından çox önəmlidir. Prezidentimizin səfərini çox müsbət və çox müsbət görürəm. İnanıram ki, yaxşı da nəticələr verəcək”, - deyə bildirib.

Siyasət rubrikasından digər xəbərlər