"Azərbaycan Aİ-yə mesaj verir ki, bu dəhliz qapalı regional layihə deyil - Rəy

14:10 02.12.2025
Yazını böyüt
Yazını kiçilt

"Brüsseldə çıxışı zamanı Hikmət Hacıyevin “Azərbaycan Avropa İttifaqını bu nəqliyyat kompozisiyasının iştirakçısı kimi görmək istəyir” fikri əslində, Azərbaycanın bölgədə formalaşdırdığı yeni geoiqtisadi yanaşmanın davamıdır. Bu bəyanat diplomatik sözlərdən çox, praktiki mesaj daşıyır: Bakı Avropa ilə münasibətləri təkcə siyasi kommunikasiya səviyyəsində deyil, real layihələr üzərində qurmağa çalışır".

Bunu Hafta.az-a açıqlamasında Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev deyib. O, qeyd edib ki, Zəngəzur dəhlizinə dair göstərilən parametrlər 15 milyon ton yük həcmi və 2026-cı ilə qədər infrastrukturun tam hazır olması ilə Avropa üçün nəzərdə tutulan çərçivənin konturlarını aydınlaşdırır.

Ə.Nuruyev hesab edir ki, bu, “layihə işlək vəziyyətdə olacaq və Avropa bu prosesə indi qərar verməlidir” deməkdir. Müasir geosiyasətdə etibarlılıq və vaxtında icra ən böyük üstünlükdür. Bakı bunu nümayiş etdirir.

"Aİ-nin “Qlobal Qapı” təşəbbüsü çərçivəsində Mərkəzi Asiyaya çıxış axtarışı hələ də tam həllini tapmayıb. Şimal marşrutu siyasi risklər səbəbindən əvvəlki çəkisini itirib. Cənub isə logistika baxımından səmərəli deyil. Xəzər hövzəsi və Cənubi Qafqaz bu boşluğu doldurur. Bu mənzərədə Azərbaycan yalnız tranzit nöqtəsi deyil, xəritənin bağlayıcı elementidir", o, bildirib.

Ə.Nuruyev qeyd edib ki, H.Hacıyevin Brüsseldə verdiyi siqnalın bir başqa tərəfində Azərbaycan özünü bu böyük dəhlizin passiv benefisiarı kimi deyil, təşəbbüskarı kimi təqdim etməsi dayanır:

"Əgər 2026-cı il üçün konkret tamamlanma tarixi göstərilirsə, bu, tərəfdaşlara aydın seçim təklifidir: infrastruktur hazır olacaq və bu prosesdə iştirak etmək üçün zaman pəncərəsi geniş deyil. Avropa üçün bu çağırış yalnız iqtisadi imkan anlamı daşımır. Təchizat zəncirlərinin dəyişdiyi, qlobal rəqabətin sərtləşdiyi bir vaxtda Mərkəzi Asiya ilə sabit ticarət xəttinə malik olmaq həm də təhlükəsizlik məsələsidir. Çin–Qazaxıstan–Xəzər–Azərbaycan marşrutu tonaja görə artıq rəqabət qabiliyyətlidir. Dəhlizin avtomobil, dəmir yolu və multimodal imkanları Avropanın uzunmüddətli maraqları ilə ziddiyyət təşkil etmir, əksinə onlara uyğunlaşır".

Ə.Nuriyev vurğulayıb ki, bu layihənin siyasi çəkisi də nəzərə çarpır. Bildirir ki, regionda yeni güc mərkəzi formalaşır və Azərbaycan bu mərkəzin aparıcı aktorlarından birinə çevrilir:

"Zəngəzur dəhlizi yalnız iqtisadi xətt deyil, bölgənin gələcək nizamının necə qurulacağına dair test məqamıdır. Bakı Avropaya açıq qapı göstərir. Bu nizamdan kənarda qalmaq və ya yeni sistemin içində olmaq seçimidir.

Bütün bunların fonunda Hikmət Hacıyevin açıqlaması tərtibli siyasi bəyanatdan çox, real vəziyyətin təqdimidir. Azərbaycan Aİ-yə mesaj verir ki, bu dəhliz qapalı regional layihə deyil, Avrasiyanın geniş ticarət xəritəsinə daxil olan bir sistemdir. Avropa bu sistemə qoşularsa, geoiqtisadi rəqabətdə mövqeyini gücləndirəcək, qoşulmasa, yaranan yeni oxun kənarında qalmaq riski var".

Tahirə Qafarlı