"Azərbaycan və Avropa İttifaqı bu il iqtisadiyyat, ticarət və təhsil sahələrində səmərəli əməkdaşlıq ediblər".
Hafta.az-ın yazdığına görə, bunu bu gün Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko 2022-ci ildə Aİ ilə Azərbaycan arasında əməkdaşlığın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
P.Mixalko çıxışının əvvəlində Aİ-Azərbaycan tərəfdaşlığının strateji əhəmiyyətindən söz açıb. Bildirib ki, Azərbaycan İttifaqın Cənubi Qafqazda əsas tərəfdaşıdır.
Səfir, Aİ-nin bu ilin əvvəlində elan etdiyi iqtisadi və investisiya planını xatırladıb. Bu plan Azərbaycanda iş yerlərinin yaradılması, "yaşıl" və rəqəmsal keçidin stimullaşdırılması yolu ilə iqtisadi inkişafın sürətləndirilməsinə yönəlmiş layihələri dəstəkləmək üçün 2 milyard avronun ayrılmasını nəzərdə tutur.
O, enerji sahəsində əməkdaşlıqdan danışaraq, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Bakıya səfərinin mühüm məqam olduğunu, bu səfər zamanı enerji sahəsində strateji tərəfdaşlıq haqqında memorandumun imzalandığını qeyd edib:
"Bu saziş təkcə Azərbaycandan Aİ-yə qaz tədarükünə töhfə verməyəcək, həm də Azərbaycanın “yaşıl” inkişafına yönəlib".