"Azərbaycan Ermənistanla sülh sazişi imzalandıqdan sonra bu Konvensiyaya qoşula bilər"

18:09 16.11.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 16-da Haaqa şəhərində “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında BMT Konvensiyasına üzv dövlətlərin 19-cu illik konfransına başlanıb. Konfrans 19 noyabra qədər davam edəcək.

Bu barədə hafta.az-a Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov məlumat verib. O, bildirib ki, bu ilki konfrans COVİD 19 pandemiyası səbəbindən hibrid şəkildə - az sayda nümayəndə konfrans zalında, digər iştirakçılar isə videoformat şəkilində iştirak etməklə konfransa qatılıacaq.

“Konfransda Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya Landmine Monitor Report 2021 hesabatını ictimaiyyətə təqdim edib. Bu hesabat dünyada minalar əleyhinə fəaliyyətin bütün aspektlərini əhatə etməklə sayca 23-cü illik hesabatdır. 

Hesabatda bildirilib ki, bu Konvensiyanın imzalanmasından keçən 24 il ərzində dünyanın 80% ölkəsi yəni 164 ölkə “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında Konvensiyaya üzv olub. 33 dövlət o cümlədən də Cənubi Qafqaz ölkələri bu Konvensiyaya qoşulmayıb.

Artıq 6-cı ildir ki, minaların və müharibənin partlayıcı qalıqlarından zərər çəkənlərin sayı artmaqdadır və hesabat dövründə 7073 nəfər qeydə alınıb. İtkilərin böyük əksəriyyətini (80%) hələ də mülki şəxslər təşkil edir, bunun da təxminən yarısı uşaqlardır. 

Konvensiya üzv dövlətlərdən Əfqanıstan, Anqola, Bosniya-Hersoqovina, Kamboca, Çad, Xorvatiya, İraq, Tayland və Türkiyə ərazisi daha çox minaların təsirinə məruz qalmış ölkələr sayılır.

Donorlar tərəfindən beynəlxalq səviyyədə 643.5 milyon ABŞ dolları  minalarla mübarizə proqramlarına sərf olunub”.

H.Səfixanovun sözlərinə görə, hesabatda bildirilir ki, 38 ölkənin ərazisində və 3 qeyri-dövlət ərazidə minaların məhv edilməsi əməliyyatları aparılıb. Belə ki, hesabat dövründə 146 km2 ərazi minalardan təmizlənib. 135500 ədəd mina tapılaraq məhv edilib. Ərazisinin minalardan tam azad elan edən ölkələrin sayı 31 - dir.

“Hesabat dövründə 106500 ədəd mina, ümumiyyətlə isə konvensiya imzalandıqdan sonra ehtiyatlarda olan 55 milyon ədəd mina məhv edilib. 41 ölkə mina istehsalını dayandırdığını bildirmiş, yalnız 12 ölkədə istehsal hələ də qalmaqdadır”.

Hesabatda Azərbaycanın  minaların qadağan olunmasını nəzərdə tutan Konvensiyaya qoşulmadığı qeyd olunub. Rəsmi olaraq bildirilib ki, Azərbaycan bu Konvensiyanın məqsədlərini, o cümlədən də minaların tamamilə qadağan olunmasını dəstəkləyir, ancaq özünün ərazi bütövlüyünün pozulması səbəbindən “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında Konvensiyaya qoşula bilməyib. 

Azərbaycan təcavüzə məruz qalmasına baxmayaraq yeni minaların qoyulmasını həyata keçirməmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası  yalnız Ermənistanla sülh sazişi imzalandıqdan sonra bu Konvensiyaya qoşula bilər. Buna baxmayaraq Azərbaycan bu Konvensiyaya dəstəyini bildirdiyini göstərməkdədir.  Azərbaycan 2005-ci ildən başlayaraq BMT-nin Baş Assambleyasında bu müqavilənin universalizasiyasına yönəlmiş və  hər il keçirilən səsvermədə qətnamələrin lehinə səs verir.   Azərbaycan dəfələrlə bildirmişdir ki, piyadalar əleyhinə mina istehsal və eksport etmir”.