"Azərbaycan və Çin xalqları arasında əlaqə daha da möhkəmlənir" - SƏFİR

10:05 10.06.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İyunun 10-u Beynəlxalq Sivilizasiyalararası Dialoq Günüdür. Bu xüsusi günü azərbaycanlı dostlarımla birlikdə qeyd etməyə şadam.

Hafta.az yazır ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Meyin “Qlobal sivilizasiya təşəbbüsünü həyata keçirmək, sivilizasiyalar arasında dialoq və mübadiləni təşviq etmək və bəşəriyyətin vahid taleyinin icmasını birlikdə qurmaq” sərlövhəli məqaləsində deyilir.

Lu Meyin II Beynəlxalq Sivilizasiyalararası Dialoq Gününə həsr olunmuş məqaləsini təqdim edirik:

2023-cü ilin mart ayında Çin Xalq Respublikasının Sədri Si Cinpin müxtəlif sivilizasiyaların ahəngdar birgəyaşayış və qarşılıqlı zənginləşmə yolunu göstərərək, Qlobal Sivilizasiya Təşəbbüsünü təntənəli şəkildə irəli sürdü. Qlobal İnkişaf Təşəbbüsü, Qlobal Təhlükəsizlik Təşəbbüsü və Qlobal İdarəetmə Təşəbbüsü ilə yanaşı, bu təşəbbüslər “dörd qlobal təşəbbüs” kimi tanınır. Bu, Çinin yeni dövrdə beynəlxalq ictimaiyyətə təqdim etdiyi mühüm ictimai məhsuldur.

2024-cü ilin iyun ayında BMT Baş Assambleyasının 78-ci sessiyası Çin tərəfindən təklif edilən və Azərbaycan da daxil olmaqla, bütün BMT-yə üzv dövlətlərin yekdil dəstəyini qazanan Beynəlxalq Sivilizasiyalararası Dialoq Gününün təsis edilməsi haqqında qətnamə qəbul edib. 2025-ci ildə Çin, BMT, beynəlxalq təşkilatlar və Azərbaycan da daxil olmaqla ölkələrlə birlikdə ilk Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü münasibətilə müxtəlif tematik tədbirlər keçirib, bu da müsbət nəticələr verib. Bu, sivilizasiyalararası dialoqun xalqın iradəsi və zamanın qaçılmaz tendensiyası olduğunu tam şəkildə əks etdirir. Çin beynəlxalq birliklə bundan sonra da Qlobal Sivilizasiya Təşəbbüsünü həyata keçirəcək, Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü mühüm platformasından istifadə edəcək, dialoq vasitəsilə qarşılıqlı anlaşmanı və etimadı gücləndirəcək, fikir mübadiləsi vasitəsilə həmrəyliyi və konsensusun nail olmasını təşviq edəcək və bəşəriyyətin vahid taleyinin icmasını qurmaq üçün humanitar təməli davamlı olaraq gücləndirəcək.

Biz qarşılıqlı hörməti qorumalı və müxtəlif sivilizasiyaların ahəngdar birgəyaşayışını təşviq etməliyik. Bərabərlik, qarşılıqlı zənginləşmə, dialoq və inklüzivliyə əsaslanan sivilizasiyalar konsepsiyasına riayət etməliyik, “sivilizasiyaların üstünlüyü” və “sivilizasiyaların toqquşması” kimi dar nəzəriyyələri aradan qaldırmalı, çox obrazlı sivilizasiyaların ahəngdar birgəyaşayışı və qarşılıqlı zənginləşməsi üçün səy göstərməli və hər bir mədəniyyətin çiçəkləndiyi və hamısının bir-birini zənginləşdirdiyi qlobal sivilizasiyalar “bağçası”nın yaradılmasını təşviq etməliyik.

İnsanı mərkəzə qoymalı və sivilizasiyalar arasında mübadilənin təməllərini möhkəmləndirməliyik. Bütün ölkələrin xalqları arasında qarşılıqlı dərketmə və yaxınlaşmanı təşviq etməli və sivilizasiyaların mübadilə və qarşılıqlı zənginləşməsinin nəticələrinin insanlar arasında daha geniş və birbaşa paylaşılmasını təmin etməliyik. Çin yüksəksəviyyəli açıq siyasətə sadiq qalır, vizasız rejim kimi asanlaşdırıcı tədbirləri davamlı olaraq tətbiq edir və sivilizasiyalararası mübadiləni praktik əməllərlə təşviq edir.

Çin, həmçinin digər ölkələrlə sivilizasiyalar arasında dialoqu gücləndirməyə, dövlət idarəetmə təcrübəsi mübadiləsini dərinləşdirməyə, müasir problemləri birgə həll etməyə və qlobal modernləşmə yolunu genişləndirməyə hazırdır.

Biz davamlılığı və innovasiyaları dəstəkləməli, sivilizasiyalar tərəqqisinin hərəkətverici qüvvəsini gücləndirməliyik. Mədəni irsin qorunmasını və ötürülməsini təmin etməli, ona innovativ təcrübələr vasitəsilə yeni, müasir məna verməliyik. Texnologiyaların üstünlüklərindən tam istifadə etməli, sivilizasiyalar arasında mübadiləni, qarşılıqlı zənginləşməni, davamlılığı və innovasiyaları dəstəkləməli və bəşər sivilizasiyasının ortaq çiçəklənməsini təşviq etməliyik.

Biz mübadilə və qarşılıqlı zənginləşməyə sadiq qalmalı və sivilizasiyalar arasında dialoq mexanizmlərini təkmilləşdirməliyik. Sivilizasiyalar arasında dialoq üzrə qlobal tərəfdaşlıqlarımızı fəal şəkildə genişləndirməli və Beynəlxalq Sivilizasiyalararası Dialoq Gününün qeyd edilməsindən ideoloji xürafatlardan azad ünsiyyət üçün platforma yaratmaq imkanı kimi istifadə etməliyik. Çin BMT-nin sivilizasiyalar arasında dialoqda mühüm rolunu dəstəkləyir, BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO və Qədim Sivilizasiyalar Forumu kimi platformalardan davamlı olaraq səmərəli istifadənin tərəfdarıdır və sivilizasiyalar arasında dialoqla məşğul olan BMT qurumlarına maliyyə yardımı göstərməyə davam etməyə hazırdır.

Çin və Azərbaycan qədim tarixə və zəngin sivilizasiyaya malik ölkələrdir, münasibətlərimiz dərin köklərə malikdir. 2 min ildən çox bundan əvvəl Böyük İpək Yolu boyunca dəvə karvanlarının səsi altında hər iki ölkənin xalqları sivilizasiyalararası mübadilə və qarşılıqlı təlim yoluna qədəm qoydular. “Han Tarixi” kitabının “Qərb Bölgəsi” bölməsində yazılıb ki, eramızın 97-ci ilində Şərqi Handan olan sərkərdə Ban Çao Xəzər dənizi bölgəsinə missiyaya rəhbərlik edib və tabeliyindəki Qan İni oradan Avropaya göndərib. Beləliklə, Xəzər dənizi bölgəsi qədim İpək Yolunun ayrılmaz hissəsinə çevrilib. Hələ orta əsrlərdə Azərbaycan şairi Nizami Gəncəvi “Yeddi gözəl” poemasında Şərq sivilizasiyasının parlaqlığının simvolu olan müdrik, cəsur və ağıllı Çin şahzadəsi obrazını yaradıb.

Son illərdə ÇXR Sədri Si Cinpin və Prezident İlham Əliyevin strateji rəhbərliyi ilə Çin-Azərbaycan münasibətləri hərtərəfli inkişaf edərək tarixdə ən yüksək səviyyəyə - hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatıb və iki ölkə arasında münasibətlər və əməkdaşlıq tarixində yeni səhifə açıb. Hazırda Çin ilə Azərbaycan arasında yüksəksəviyyəli təmaslar getdikcə daha tez-tez baş verir, siyasi etimad daim güclənir, “Bir kəmər, bir yol” çərçivəsində əməkdaşlıq əhəmiyyətli bəhrələr verir, ikitərəfli ticarət dövriyyəsi isə daim yeni rekordlar qırır. İki ölkənin xalqları bir-birinin mədəniyyətinə getdikcə daha çox maraq göstərir, Azərbaycanda Çin dilinə və Çinə maraq artır, Azərbaycan isə getdikcə daha çox Çin turisti cəlb edir. Bu, iki ölkə xalqları arasında əlaqələrin daha da gücləndiyini göstərir.

Ölkələrimizin mədəniyyətləri İpək Yolu ilə sıx bağlıdır. Hər iki ölkənin xalqlarının yazın gəlişini qeyd etmək ənənəsi var, oxşar kulinariya mədəniyyətləri, çay içmə isə hissləri bölüşmək üçün vacib bir ritual hesab olunur. Mədəniyyətdə və ənənələrdə bu oxşarlıqlar hər iki xalqın ortaq dəyərlərini - həyat sevgisini, təbiətə hörməti, zəhmətkeşliyi və ailəyə qarşı həssas münasibəti əks etdirir. Bu, dağlar və dənizlərlə ayrılmış iki ölkənin xalqları arasında ruh birliyinin və qədim “müxtəliflikdə harmoniya” hikmətinin müasir təfsirinin bariz nümunəsidir.

Çin tərəfi Azərbaycan tərəfi ilə birlikdə Beynəlxalq Sivilizasiyalararası Dialoq Gününün qeyd edilməsindən Qlobal Sivilizasiya Təşəbbüsünü həyata keçirmək, mübadilə vasitəsilə praktiki əməllərlə sivilizasiyaların əlaqəsizliyini aradan qaldırmaq, münaqişələri qarşılıqlı zənginləşmə yolu ilə həll etmək, birgəyaşayış yolu ilə üstünlüyü rədd etmək, Çin ilə Azərbaycan arasında əbədi dostluqda yeni bir səhifə yazmaq və bəşəriyyətin vahid taleyinin icmasını birlikdə qurmaq üçün bir fürsət kimi istifadə etməyə hazırdır.