"Qlobal və regional tendensiyaların məntiqi münaqişələr irsinin tədricən aradan qaldırılmasını tələb edir. Ona görə də 2020-ci ilin noyabrından sonra Gürcüstan rəhbərliyi tərəfindən həyata keçirilən fəal səylər və təşəbbüslər Azərbaycan dövləti və xalqı tərəfindən tam şəkildə bəyənilir".
Hafta.az-ın yazdığına görə, bunu ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev "İnterpressnews"a açıqlamasında deyib. Diplomatın sözlərinə görə, Azərbaycan və Gürcüstan region üçün yeni sima yarada, onu dünyaya aça, Şərqlə Qərb arasında mühüm kommunikasiya körpüsünə çevirə bilib.
“Azərbaycan regionda sülhün əldə edilməsi səylərinə sadiqdir. Ötən dövrdə bizim bütün inkişafımız böyük enerji və infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı olub və bu müstəvidə Gürcüstanla çox yaxın və qarşılıqlı faydalı əməkdaşlıq edirik. Bu kursun nəticələrini kiməsə izah etmək məncə artıqdır" deyən səfir bildirib ki, 2021-ci ilin iyununda Gürcüstan hökumətinin vasitəçiliyi ilə minalanmış ərazilərin xəritələrinin mübadiləsi təmin edilib və Azərbaycan dövləti bunu yüksək qiymətləndirir.
Bu ilin iyulunda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Tiflisdə görüşünün keçirildiyini xatırladan səfir deyib ki, Azərbaycan xalqı gürcü tərəfinin sülh prosesinin təşviqində səmimi maraqlarını daim görür. "Bu yanaşmaya görə gürcü dostlarımıza dərin minnətdarlığımızı bildiririk. Biz inanırıq ki, əsl dostlar bunu etməlidir. Dostlar ümumi maraqlarla bağlıdır və qarşılıqlı uyğun gələn strateji inkişaf məqsədlərinə nail olmaq - sülhsevər və sabit Cənubi Qafqazın qurulması yolunda irəliləyiş görürlər”, - deyə Azərbaycan səfiri bildirib.