"Azərbaycanla Türk dövlətləri arasında iqtisadi əlaqələr son illər sürətlə genişlənir" - Millət vəkili

09:26 05.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
"Azərbaycanla Orta Asiyada yerləşən Türk dövlətləri arasında iqtisadi əlaqələr son illər ciddi şəkildə genişlənməkdədir. Bu ilin ilk yarısında ölkəmizin 4 Türk dövləti ilə ümumi ticarət dövriyyəsi 544,360 milyon dollar olub və bu 2021-ci il üçün ümumi dövriyyəsindən 66,5 faiz çoxdur".
 
Hafta.az-ın yazdığına görə, bu sözləri tanınmçış iqtisadçı, millət vəkili Vüqar Bayramov deyib. Millət vəkilinin sözlərinə görə, bu müddətdə Azərbaycanla Qazaxıstan arasındakı ticarət dövriyyəsi 326,673, Türkmənistanla 125,910, Özbəkistanla 87,478, Qırğızstanla isə 4,229 milyon dollar olub.
 
Qeyd edək ki, 2021-ci il ərzindəki ölkəmizin adıçəkilən Türk dövlətləri ilə 361,743 milyon dollarlıq ticarət dövriyyəsində Qazaxıstan 135,799, Türkmənistan 105,023, Özbəkistan 111,03, Qırğızıstan isə 9,018 milyon dollar paya malik idi.
 
"Əlaqələrin dərinləşməsində birbaşa qarşılıqlı əməkdaşlıq və Türk Dövlətləri Təşkilatı çərçivəsindəki koordinasiya xüsusi töhvəyə malikdir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2021-ci ilin noyabr ayında Türk Dövlətləri Təşkilatına çevrilməsi və Türk İnvestiya Fondunun təsis edilməsi də ticari-iqtisadi əlaqələr xüsusi təkan verdi", - deyib V.Bayramov.
 
Türk dövlətləri arasında iqtisadi əlaqələrin genişlənməsində ölkə rəhbələrinin qarşılıqlı səfərlərinin xüsusi rolu olduğunu vurğulayan millət vəkili bildirib ki, prezident İlham Əliyevin Özbəkistana, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə gəlişi bu müstəvidə böyük əhəmiyyət daşıyır.
 
"Ölkələr ticarət dövriyyəsini daha da artırmağı əsas hədəflərdən biri olaraq müəyyənləşdiriblər. Azərbaycan Qazaxıstanla ticarət dövriyyəsini 2 dəfə artıraraq 1 milyard dollar çatdırmağa, Türkiyə ilə isə növbəti 2 ildə 15 milyard dollarlıq ticari əməkdaşlığa nail olmağa çalışır. Hədəflər geniş, imkanlar böyükdür. Türk dövlətlərinin birgə daha böyük regional uğurlara imza atacağı şübhəsizdir", - deyib V.Bayramov.